Azərbaycanda yeni bazarlar yaradılır

5 Fevral 2017 15:00 (UTC+04:00)

Bu ilin sonuna qədər istifadəyə verilməsi planlaşdırılan bazarlarda yalnız yerli istehsal olan kənd təsərrüfatı məhsulları satılacaq.

İlkin olaraq hər rayon ərazisində bir belə bazarın yaradılacağı gözlənilir.

Bu bazarlarda məhsulun istehsalçısı olmayan digər şəxs satışla məşğul olarsa və ya xarici istehsal olan mal satılarsa, bu zaman fiziki şəxsləri 100, vəzifəli şəxsləri 500, hüquqi şəxsləri isə 1000 manat cərimə gözləyir.

İqtisadçı Vüqar Bayramov bildirir ki, belə bazarların yaradılması kəndlinin bazara çıxış imkanını rahatlaşdıracaq. Bunun sayəsində də qiymətlərin ucuzlaşacağı gözlənilir. Bu tendensiya xüsusi lə paytaxt bazarlarında daha çox müşahidə ediləcək.

İqtisadçının sözlərinə görə, yeni bazarların işi uğurlu alınacağı təqdirdə kəndlinin satış problemi olmayacaq, aqrar sektor inkişaf edəcək, bu amil isə ölkənin qeyri-neft sektorunun inkişafına böyük dəstək verəcək.