İlham Əliyev vitse-prezident ilə görüşdü - Foto

6 Fevral 2017 16:37 (UTC+04:00)

Prezident İlham Əliyev fevralın 6-da Brüsseldə Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç ilə görüşüb.

Movqe.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında müxtəlif sahələrdə, o cümlədən enerji, təhlükəsizlik, ətraf mühit, nəqliyyat və digər sahələrdə səmərəli əməkdaşlığın aparıldığı, əlaqələrimizin yüksək səviyyədə olduğu qeyd edildi. Vurğulanıb ki, dövlət başçının bu səfəri əlaqələrimizin daha da genişlənməsinə töhfəsini verəcək.

Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç qeyd etdi ki, Azərbaycan Prezidentinin bu səfəri və Avropa İttifaqı ilə əlaqələr Azərbaycan ilə Avropa İttifaqı arasında yeni sazişin hazırlanması, imzalanması və həyata keçirilməsi işində böyük əhəmiyyət daşıyacaq.

Söhbət zamanı Azərbaycanın Avropa İttifaqının strukturlari ilə əməkdaşlığından məmnunluq ifadə olunub, “Cənub Qaz Dəhlizi” layihəsi ilə bağlı işlərin həyata keçirildiyi bildirilib.

Prezident İlham Əliyev Azərbaycanda enerji infrastrukturunun daha da modernləşdirilməsi, bərpaolunan enerji istehsalı ilə bağlı məlumat verib, bu sahədə Avropa İttifaqı ilə əməkdaşlığın məqsədəuyğunluğunu qeyd edib.

Görüşdə bank sahəsində əməkdaşlıqdan söhbət açıldı, bu əməkdaşlığın yüksək səviyyədə olduğu vurğulanıb, Azərbaycanın Avropa Yenidənqurma və İnkişaf Bankı, həmçinin Dünya Bankı ilə yaxşı əməkdaşlıq etdiyi bildirilib, digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.