Vüqar Əhməd Canəli Əkbərovu üzr istəməyə səslədi: "Bu biabırçılığa son qoy"

9 Fevral 2017 12:04 (UTC+04:00)

Filologiya elmləri doktoru, professor Vüqar Əhməd Canəli Əkbərovu biabırçılığa son qoymağa çağırıb. Nəğməkar şair Canəli Əkbərova səslənərək onu böhtan və şəxsiyyəti təhqir edən ifadələr səsləndirməkdən vaz keçməyə, üzr istəməyə səsləyib. Movqe.az Vüqar Əhmədin Canəli Əkbərova xitabən müraciətini təqdim edir: "Muğam mənəvi möhtəşəm mədəniyyət abidəmizdir. Muğam Şərqin müştərək müqəddəs musiqi xəzinəmizdir. Onun ifaçıları tarixən özlərini muğamın daşıyıcılari,ifaçıları kimi şərəflə, ləyaqətlə aparıblar. Cabbar Qaryağdıoğludan tutmuş Alim Qasımova qədər bütün xanəndələrimizə xalq nemətimiz, əlçatmaz varlıq kimi baxıblar və çağdaş muğam ifaçılarına da eyni ehtiram, eyni məhəbbətin təzahürünü görürük. Ölkənin birinci xanımı, Heydər Əliyev fondunun prezidenti Mehriban xanım Əliyevanın dünya çapında şöhrətə çatdırdığı muğamı gözdən salmaq olmaz. Muğam şou-biznes deyil. O, qalmaqallardan uzaq olmalıdır. Muğam müsabiqələri təkcə Azərbaycanda deyil-bütün Şərqdə, İranda, Türkiyədə, Orta Asiyada sevə-sevə seyr edilən obyektiv bir yarışmadır. 

Əfsuslar olsun ki, bu gün sosial şəbələrdə ölkə gündəmini təatümə gətirən qeyri-etik müsahibələrə rast gəlirik. Hörmətli xanəndəmiz, "Şöhrət"və "Şərəf" ordenli, xalq artisti Canəli Əkbərov həmkarlarına qarşı təhqiramiz mövqe nümayiş etdirib. Canəli müəllimlə qarşılıqlı hörmətimiz var. Mərhum anamla Məkkədə birgə ziyarətdə olublar, həmişə deyir mən sənin dayın sayılıram-Bacımoğlusan. 

Əzizim Canəli müəllim, bu böhtan və şəxsiyyəti təhqir edən ifadələr sənə yaraşmır. Arif Babayev sağlığında klassikdir-sənət dostundur. Mənsum İbrahimov aristokrat, vətənsevər ziyalı bir insandır. Bu sənətkarların İfalarınnda nöqsan varsa, onu tənqid edərdin-onlar da cavab verərdilər. Əlibaba Məmmədov el ağsaqqalıdır-muğamımızın müdrik ağsaqqalıdır. Və əzizim Canəli müəllim sənin ustadındır. Səkinə İsmayılova xanım-xatınlığı,əxlaqı ilə örnək ola biləcək bir sənətkardır. Ustad Canəli müəllim, Azərbaycanı etnik tərkibinə görə bölmək olmaz- "Hepimiz bir güneşin zərresiyiz"(A.Şaiq). Nadir Axundovla mən neçə illərdir danışmıram, amma həqiqəti deyirəm ki, bu müsabiqənin 12 ildir yükü onun çiynindədir. Onu kimləsə bağlamaq düz deyil. Balta çalmaq kimi çıxır. Sərdar Fərəcov Bəstəkarlar İttifaqının katibidir-sakit adamdır. Bakılı və Qarabağlıları yerlipərəstlikdə suçlayırsan. Olmaz, Hacı Canəli. Bir Bakılı göstər vəzifəlidir mən qarışıq. Talış bizim özümüzdür, canımızdır, ayrı seçkilik salma xahiş edirəm. 

Hamınızın boynunda haqqım var, zəhmətinizi təmənnasız çox çəkmişəm. Bu gün etiraf etməsəniz də uca Allah şahiddir. Eləcə də AZ.TV-nin indiki rəhbərliyi və musiqi redaksiyası. Yəni titullarım və 30 illik təcrübəm mənə bu işə qarışmağa səlahiyyət verir. Əlibaba müəllimə "tatar mollası"deməklə Türk dünyasına böyük şəxsiyyətlər bəxş etmiş tatar türklərini də təhqir edirsən, ixtiyar muğam patriarxını, 87 yaşlı ağsaqqalı təhqir etmək əxlaqa sığışmır. Mənsum İbrahimov çox abırlı, həyalı, sevilən bir sənətkardır. Sağolsun yenə Canəli müəllimin hörmətini saxlayıb ağır cavab verməyib. 

Əzizim Canəli müəllim, Allah şeytana lənət eləsin. Bu qoca vaxtında təkzib ver, üzrxahlıq et, barışın. Bəlkə də haqqını tələb edirsən? Onu demokratik, mədəni yolla həll etmək olar. Canəli müəllim, əzizim sənin haqqında nalayiq statuslar yazırlar, ürəyim dözmədi, istəmirəm sən təhqir olunasan. Mənim ağsaqqal, professor sənətkar dostum. Hələ gec deyil. Bu biabırçılığa son qoyaq!. 

Filologiya elmləri doktoru, professor Vüqar Əhməd".

 

Zülfiyyə QULUYEVA