Sosial şəbəkələr daha böyük bəlaya çevrilir

1 Fevral 2013 08:20 (UTC+04:00)

İnsanların həyatında getdikcə daha çox yer tutmağa başlayan kompüter və internet müəyyən müsbət tərəfləri ilə yanaşı, həm də ciddi mənfi fəsadlar da doğurmaqdadır. Problemin təhlükəli tərəflərindən isə biri odur ki, internet, xüsusən də sosial şəbəkələrdən gələn bəlanın miqyası durmadan böyüyür.

İnsanlar arasında məkan anlayışının aradan qalxmasına və daha rahat formada ünsiyyət yaradılmasına səbəb olan sosial şəbəkələrin fiziki və mənəvi cəhətdən vurduğu zərər getdikcə daha şiddətli xarakter alır. Artıq orta statistika ilə, bugünün uşaqlarının, haradasa, 20-30 il qabaqkı uşaqlar ilə müqayisədə 3 saat gec yatması, bunun da nəticəsində gənclərdə əsəb sisteminin pozulmasıdır. Bununla da qida sisteminin pozulması ortaya çıxır. Bütün bunlar orqanizmdə dəyişiklik yaradaraq, müəyyən bir mutasiya prosesinə gətirə və təhlükə yarada bilər. İnsan artıq virtual məkanın sakininə çevrilir, reallığı itirir, ailə ilə təmasda olmur. Bundan başqa sosial biliklər vasitəsilə gənclərimiz lazımsız informasiyalara sahib olurlar. Mənəviyyatsızlıq, əxlaqsızlıq məsələləri ortaya çıxır, uşaqların tərbiyəsi pozulur. Bu gün sosial şəbəkələr dünyaya meydan oxuyur. İş axtarışı, tanışlıqlar, hətta sosial şəbəkələr vasitəsi ilə evlənmək halları artır. Bunun bir çoxunun mənfi, xoşagəlməz nəticələrlə müşayiət olunması, hətta insan həyatına son qoyması ilə yekunlaşmasına dair kifayət qədər faktlar var.

Məlumat üçün qeyd edək ki, "sosial şəbəkə" termini elmi leksikona 1954-cü ildə ingilis sosioloq Barns tərəfindən daxil edilib. Tərifə görə, sosial şəbəkə sosial obyektlərdən (birlik, sosial qrup, insan) ibarət olan qovşaqları birləşdirən sosial strukturdur. İnternetdə sosial şəbəkə interaktiv, çoxlu istifadəçisi olan saytdır. İlk sosial şəbəkənin yaranması ötən əsrin 90-cı illərinin ortalarına təsadüf edir. Bu "odnoklassniki.ru"-nun sələfi hesab edilən "classmates.com" idi. 1999-cu ildə yaradılan "Livejournal", 2003-cü ildə meydana çıxan "MySpace" də öz növbəsində xeyli populyarlıq qazandı. Hazırda sosial şəbəkələr içərisində ən populyarı 2004-cü ildə yaradılmış "Facebook" hesab edilir. 2006-cı ildə Rusiyada yaradılan "odnoklassniki" və "V kontakte" də xeyli populyardır. Ən müxtəlif sahələrdə belə sosial şəbəkələr vasitəsilə məlumat yayıb cəmiyyətə də kifayət qədər yanlış mesajlar ötürmək olur. Təəssüf ki, bu xüsusda ölkəmizdə qeydə alınan halların sayı artır. Lakin problem təkcə bununla məhdudlaşmır. Nə qədər təəccüblü səslənsə də, sosial şəbəkələr əslində göründüyü kimi qapalı və ya məxfi ünsiyyət məkanı deyil. Hazırda dünyadakı internet istifadəçilərinin 30 faizindən çoxu ən azı bir sosial şəbəkənin üzvüdür. Hamını məlumatların məxfiliyinin qorunması problemi düşündürür. Sosial şəbəkələrdə şəxsi məlumatların nə dərəcədə qorunması uzun müddətdir müzakirə mövzusudur. Son günlərdə isə "Skype"la bağlı yaranan qalmaqal müzakirələri daha da aktuallaşdırıb. Yayılan xəbərə görə, "Skype" vasitəsilə edilən danışıqlar yoxlanılır və videogörüntülər halında saxlanılır. Hazırda sosial şəbəkələrə nəzarət edən onlarla qurum və təşkilat fəaliyyət göstərməkdədir. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin nəzdində "Açıq mənbələr mərkəzi" adı altında xüsusi bir qurum fəaliyyət göstərir ki, onun da əsas məqsədi elə buna yönəlib. İzlənilməsi nəzərdə tutulan sosial şəbəkələrin arasında "Fasebookk", "Tvitter", "Vimeo" və digər saytların adları göstərilir. İstifadəçilər arasında "Qisas alan kitabxanaçılar" kimi adlandırılan "Açıq mənbələr mərkəzi"-nin əməkdaşları gün ərzində 5 milyona yaxın insanın şəxsi yazışmalarını oxuyub, təhlil edirlər. Sosial şəbəkələr açıq və qapalı olmaqla 2 yerə bölünür. Qapalı sosial şəbəkələrdə başqalarının məlumatını yalnız qeydiyyatdan keçməklə görmək olar. Açıq sosial şəbəkələrdə isə bu, qeydiyyatsız da mümkündür. Amma mütəxəssislər deyirlər ki, istənilən sosial şəbəkədə şəxs öz fərdi məlumatını qoruya bilər. ABŞ qanunlarına görə, hər bir vətəndaşın şəxsi həyatı toxunulmazdır və qanunla qorunur. Bununla belə, bu, həmin mərkəzin fəaliyyətinə heç bir təsir etmir. Qeyd edək ki, belə qurumlar əsasən 11 sentyabr hadisələrindən sonra fəaliyyətlərini genişləndirməyə başlayıblar. İddialara görə, xüsusi xidmət orqanlarına bağlı olan anoloji qurumlar əksər ölkələrdə fəaliyyət göstərir. Bu mənada bütün informasiyaları heç də sosial şəbəkələr vasitəsilə yaymağa ehtiyac da yoxdur.