Binaların idarəçiliyi bələdiyyələrə verilə bilər

16 Fevral 2017 09:50 (UTC+04:00)

Milli Məclisin deputatı Adil Əliyev bildirib ki, Bakının rayonlarındakı bəzi binalara nəzarət bələdiyyələrə verilməlidir: “Bakının bəzi rayonlarının ərazisində müxtəlif təşkilatların nəzarətində olan binalar var, onlara xidmət icra hakimiyyətləri tərəfindən edilir. Həmin binalara nəzarət, xidmət çox aşağıdır. İnsalar da narazı qalır. Təklif edirəm ki, həmin binalara nəzarət bələdiyyələrə verilsin. Yeni binalarda komendantlar insanları soyurlar, amma iş görmürlər. Bu işlər bələdiyyələrə verilərsə, daha faydalı olar, yığılan vəsait təyinatı üzrə istifadə olunar”. 

Millət vəkilinin təklifini mütəxəssislərlə dəyərləndirməyə çalışdıq. Ekspertlər də bunun mümkün və hüquqi əsaslı olduğunu deyirlər. Bələdiyyə məsələləri üzrə ekspert İlqar Hüseynli bildirir ki, prinsipcə, millət vəkilinin fikirlərini düzgün yanaşmadır: “Amma binaların idarəçiliyinin bələdiyyələrin nəzarətinə verilməsi zamanı ortaya müəyyən suallar çıxa bilər. Ümumiyyətlə, kommunal xidmətlər, digər təsərrüfat və sosial abadlıq işlərinin həyata keçirilməsi bələdiyyələrin səlahiyyətinə verilməlidir. O cümlədən bu problemlərin həllinə ayrılan vəsaitlər  bələdiyyələrin büdcəsinə yönəldilməlidir. Amma binaları da bir neçə kateqoriyada dəyərləndirmək olar. 
Dövlət istifadəsində olanda binalar var. Eyni zamanda, yeni tikilmiş binalar da çoxdur. Elə bu binaları da bir neçə kateqoriyaya ayırmaq olar. Bunlardan birincisi dövlət aktını alıb, vətəndaşa mülkiyyət şəhadətnaməsi vermiş binalardır. Elə binalar da var ki, onlar ümumiyyətlə, yarımçıq vəziyyətdədirlər. Sual yaranır ki, bunların hansının nəzarəti bələdiyyələrə verilməlidir? Əvvəla, Sovet dövründən qalmış binaların idarəçəliyi bələdiyyələrin nəzarətinə verilə bilər. Çünki bələdiyyələrin büdcəsində vəsait azdır. Düzdür, artıq bələdiyyələr torpaq və əmlak vergisi toplanması ilə məşğuldurlar. Yeni binalarda sakinlər qeydiyyat şəhadətnaməsi alırsa, onlar da mülkiyyətə görə əmlak vergisi verməlidirlər. Əmlak və torpaq vergisini, eyni zamanda kommunal xidmətlərə görə ödənilən vəsaitləri də bələdiyyələrin büdcəsinə yönəltsək, o zaman toplanan pullar hesabına bələdiyyələrin nəzarət etmək gücü formalaşar. Əgər bu olmayacaqsa, bələdiyyələr nəzarət edə bilməyəcəklər. 
Həmçinin nəzərə alaq ki, bu gün xeyli sayda yeni tikilmiş binalar var. Onların da əksəriyyətinin zirzəmisi, avtomobil dayacağı var. Həmin zirzəmilərdə isə ictimai iaşə obyektləri yaradırlar. Amma bütün bunlardan toplanan vəsaitlər mənzil tikinti kooperativinin (MTK) hesabına köçürülür. Odur ki, bu qərar iri şirkətlərlə bələdiyyələr arasında konfliktlərə gətirib çıxara bilər. Yaxud da bələdiyyənin özəl MTK-nın işlərini görəməyə səlahiyyət sahibi olacaqmı? Bu mənada yeni tikilmiş binalarda idarəetməni bələdiyyələrin nəzarətinə versək, özəl mülkiyyət sahibləri ilə bələdiyələr arasında konfliktlər baş verə bilər. Odur ki, bunun üçün əvvəlcədən dəqiq mexanizmlər hazırlanmalıdır”.
Ekspert əlavə etdi ki, son bir ayda yeni binalarda sakinlərə bələdiyyələr tərəfindən əmlak vergisi vermələri haqqında bildirişlər paylanılıb: “Bu da mülkiyyət hüququna sahib olan insanlara aiddir. Amma nəzərə alaq ki, Bakı şəhərində yaşayan sakinlərin yarısından çoxu mülkiyyət hüququna sahib deyillər. Odur ki, səsləndirilən fikir gərginlik yarada bilər, ancaq düzgün yanaşmadır. Yaxşı olardı ki, mərhələli şəkildə həyata keçirilsin. Mənzil istismar idarələrinin səlahiyyətləri bələdiyyələrə verilsin. Nəzərə alaq ki, bələdiyyələr seçkili orqandır. Öz seçiciləri qarşısında hesabatlılıqları var”.
Bələdiyyə məsələləri üzrə digər ekspert Abil Bayramov bildirdi ki, söhbət çoxmənzilli binaların idarə olunmasından gedirsə, yeni Mənzil Məcəlləsində çoxmənzilli binaların idarə olunmasını bir neçə üsulu göstərilir: “Həmin prosesdə bələdiyyələrin iştirakı da nəzərdə tutulur. Amma söhbət bilavasitə idarəetmənin bələdiyyələrə verilməsindən getmir. Sadəcə, üsulların tətbiqi prosesində bələdiyyələrin iştirakı da var. Ona görə də hazırda əsas mənzil istismar idarələrinin fəaliyyəti müzakirə mövzusudur. 
Birincisi, mənzil istismar idarələrinin fəaliyyətinin hüququ əsası yoxdur. İkincisi, onların fəaliyyəti effektiv deyil. Bu baxımdan yeni Mənzil Məcəlləsində nəzərdə tutulan üsulların tətbiqinə ehtiyac var. Xüsusi ilə də mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin yaradılması və idarəçiliyin onlara verilməsi vacibdir”. 
Mübariz BAYRAMOV