1446 əcnəbi Azərbaycandan çıxarılıb

16 Fevral 2017 10:20 (UTC+04:00)

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən 2017-ci ilin yanvar ayı ərzində 1667 əcnəbi tərəfindən Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib.

DMX-dan Movqe.az-a verilən məlumata görə, onlardan 17-nin Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri itirildiyindən yenisi ilə əvəz olunub, 204 nəfərin ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 1121 əcnəbinin Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etməsi, 325 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılması barədə qərarlar qəbul edilib.

Ümumiyyətlə, ay ərzində DMX-ya əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 6902 müraciət daxil olub.

Müraciətlərin hər biri ayrı-ayrılıqda qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib. Ötən ay ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 49107 əcnəbinin müraciəti qeydə alınıb.

Xidmət tərəfindən respublikanın ayrı-ayrı bölgələrində maarifləndirmə tədbirləri davam etdirilib.