ABŞ Ermənistana sanksiya tətbiq edir?

16 Fevral 2017 09:50 (UTC+04:00)

ABŞ bütün dünya ölkələrinə münasibətdə beynəlxalq hüquq cəhətdən eyni addımlar atmır. Bu fikir "Modern Diplomacy" analitik resursundakı məqalədə yer alıb: "Bunun bariz nümunəsi Dağlıq Qarabağın və ətraf yeddi rayonun Ermənistan tərəfindən işğal olunmasıdır". Məqalədə qeyd olunur ki, işğal faktı bir çox beynəlxalq hüquq sənədlərində, o cümlədən beynəlxalq məhkəmə orqanının qərarında yer alsa da, ABŞ Ermənistanı işğalçı dövlət kimi tanımayıb və bu ölkəyə qarşı heç bir sanksiya tətbiq etməyib. 

Beləliklə, işğal faktına görə ABŞ Ermənistana sanksiya tətbiq etməyə dəvət olunur. 
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu yeni ABŞ adminstrasiyasının Ermənsitanı cəzalandırmaq kursu götürəcəyinə inanmır: “Bir sıra analitik agentliklərin ABŞ-ın bütün dünya ölkələrinə, o cümlədən Qarabağ münaqişəsinə münasibətdə beynəlxalq hüquq baxımından eyni addımları atmadığı barədə dediklərində əslində, yeni heç nə yoxdur. On illiklərdir ki, ABŞ administrasiyalarının problemə fərqli baxışları var. Bunu biz Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı aparılan münasibətdə də gördük. Bu səbəbdən düşünmürəm ki, yeni adminstrasiya dövründə ABŞ-ın Qarabağ məsələsilə bağlı siyasətində kordinal dəyişikliklər olsun. 
Düzdür, Donald Tramp özündən əvvəlki prezidentlərə bənzəmir. Amma işğal faktına görə Amerikanın Ermənistana sanksiya tətbiq edəcəyini, onu cəzalandıracağını heç bir halda gözləmirəm. Halbuki, bu kimi digər münaqişələrə baxışda sanksiyalardan istifadə edirlər. Uzağa getməyək, Ukraynanın Krım vilayətinin Rusiya tərəfindən işğalı fonunda Moskva ABŞ başda olmaqla Qərbin ciddi sanksiyalarına məruz qalıb. Hansı ki, həmin sanksiyalar bu gün də davam edir. Belə vəziyyət isə ABŞ-ın bir çox məsələlərə, o cümlədən Dağlıq Qarabağ konfliktinə münasibətdə də ikili yanaşma tərzi sərgilədiyini göstərir. Vaşinqtonun öz milli və təhlükəsizlik maraqları var. Həmin maraqlardan da çıxış edərək ABŞ özünə yaxın olan problemlərin həllinə daha çox diqqət ayırır. Hansı problem ki, onlara maneə olmur, Vaşinqton onun həllilə o qədər də çox məşğul olmur. Onu da qeyd edim ki, belə ikili yanaşma Rusiya tərəfindən də həyata keçirilir”. 
Milli Məclisin Analitik-informasiya şöbəsinin müdiri Aydın Ağayev də sözügedən məsələyə münasibətdə optimist deyil: “Trampın dövründə belə ABŞ-ın sözügedən məsələdə siyasətində dəyişiklik olacağına inanmıram. Siyasətlərində belə bir dəyişiklik olmalı idisə, onun əlamətləri görünməli idi. Amma görünmür. ABŞ-ın problemə münasibətdə xüsusi diqqətinin olacağının işartıları da hələlik müşahidə edilmir. Onların başı tamam başqa işlərə qarışıb. Ermənistan da bu fonda öz bildiyini edir, hər mənada Rusiya faktorundan yararlanır. 
İşğal faktoruna reaksiya verilsəydi, görərdik ki, separatçı rejim tərəfindən fevralın 20-nə təyin olunan qondarma «referenduma» da reaksiya verilərdi. Əvvəllər görmüşük, anoloji situasiyalar digər regionlarda baş verəndə dərhal ona reaksiya bildirilirdi. Qarabağla bağlı baş verən olaylar fonunda isə heç bir reaksiya müşahidə edilmir. Hətta yaxın region ölkələrindən, Rusiyadan da belə bir reaksiyanı görmürük. Bütün bunlar onu göstərir ki, işğalçının etdiyi qanuna ziddi əməllərə xaricdən reaksiyanın olmadığı halda, ABŞ-ın problemə münasibətində hansı siyasətinin dəyişməsindən danışmaq olar? Belə əlamətlər olsaydı, deyə bilərdik ki, nəsə dəyişir və bu fonda da müəyyən sanksiyalar ola bilər. Amma indi bu əlamətləri görmürəm”.
Rüfət NADİROĞLU