FHN-də operativ müşavirə: əhaliyə müraciət olundu

17 Fevral 2017 19:21 (UTC+04:00)

Son günlər paytaxt Bakıda və ölkənin rayonlarında havaların kəskin soyuması, güclü qar yağması nəticəsində yolların buz bağlaması və nəqliyyatın hərəkətinin çətinləşməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyində müavinlərin və aidiyyəti struktur rəhbərlərinin iştirakı ilə operativ müşavirə keçirilib. 

FHN-dən Movqe.az-a verilən məlumata görə, müşavirədə havaların kəskin pisləşməsi, temperaturun aşağı düşməsi, yolların buz bağlaması ilə bağlı meydana çıxa bilən problemlərin aidiyyəti üzrə aradan qaldırılması istiqamətində tədbirlər müzakirə olunub, strukturların rəhbərlərinə müvafiq tapşırıqlar verilib. 

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə üz tutaraq qarlı-şaxtalı hava şəraitində rastlaşdıqları hər hansı fövqəladə hadisə, düşdükləri çıxılmaz vəziyyətdə, ilk növbədə, dərhal nazirliyin “112” qaynar xəttinə müraciət edilməsini tövsiyə edir, havaların soyuq keçməsi ilə əlaqədar təbii qaza olan tələbatın daha da artması fonunda təhlükəsizlik qaydalarına ciddi riayət olunmasına çağırır. 

Həmçinin, mümkün fövqəladə hallarla bağlı davranış qaydaları barədə daha ətraflı məlumat almaq üçün nazirliyin fhn.gov.az internet saytına müraciət etmək mümkündür.