Milli Məclisdə media nümayəndələri ilə görüş keçirildi

17 Fevral 2017 19:39 (UTC+04:00)

Bu gün Azərbaycan parlamentində Milli Məclisin, Mətbuat Şurasının və media qurumlarının rəhbərliyinin birgə iştirakı ilə media-parlament əlaqələri müzakirə edilir. 

Movqe.az xəbər verir ki, görüşdən əvvəl media nümayəndələri Milli Məclisin inzibati binası ilə tanış olublar.

Görüşdə Milli Məclis sədrinin müavini Bahar Muradova parlament və media əlaqələrindən danışıb. Bildirib ki, parlament hər zaman mətbuatın işinə çox böyük önəm verir:

“Azərbaycan demokratik cəmiyyət quruculuğu ilə inkişaf edən bir ölkədir. Biz qısa bir müddətdə çox böyük uğurlar əldə etmişik və uğurlarımızın bir çoxu da mətbuat sahəsinə aiddir. Milli mətbuatımızın yaranması, onun təşəkkül tapması, inkişaf etməsi, demokratik cəmiyyətin tələblərinə uyğun şəkildə formalaşması, bu sahədə qanunvericilik bazasının yaranması, qanunların aliliyinin təmin olunmasındakı iştirakı, gündəlik ictimai-siyasi vəziyyət, dünyada gedən proseslər, Azərbaycanın hədəfləri - bütün bunlarla bağlı mətbuatımız üzərinə düşən vəzifəni zaman-zaman müəyyənləşdirib, müəyyən vaxtda üzləşdiyi çətinlikləri dəf edib. Mətbuatımız demokratik ənənələrin yaranmasında, qurulmasında özünəməxsus rol oynayıb, ölkəmizə bu sahədə tanınmış simalar bəxş edib”.

B.Muradova qeyd edib ki, Milli məclisin deputatları da, jurnalistlər də xalqın hüquqlarını müdafiə edir: “Bu illər ərzində mətbuatın nailiyyətləri çoxdur və biz bundan qurur hissi ilə danışa bilərik. Milli Məclisin fəaliyyəti hər kəsin gözü qarşısındadır. Lakin bəzən məlumatların doğru düzgün çatdırılmasında müəyyən problemlər var. Bugünkü görüşün də əsas məqsədlərindən biri, mətbuatdan gözləntilərimizi nəzərə çatdırmaq, mətbuatın yardımına ehtiyacımız olan məsələləri müzakirə etməkdir.

Qeyd edək ki, görüşdə həmçinin Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sədri Vüqar Səfərov, qəzet, informasiya agentlikləri, informasiya portallarının nümayəndələri iştirak edir.