LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”

1 Fevral 2013 09:00 (UTC+04:00)

Azərbaycanda dinamik inkişaf yolunda olan sahələrdən biri kimi dəyərləndirilən sahibkarlıq regionların sosial-iqtisadi tərəqqisində də vacib rol oynayır. Bunu şərtləndirən əsas amillərdən biri isə sahibkarlığın sürətli tərəqqisinin əsasını yaradan mükəmməl dövlət proqramları və qanunvericilik bazasının formalaşdırılmasıdır. Xatırlatmaq yerinə düşərdi ki, hələ 1997-ci ilin 24 iyun tarixində qəbul olunmuş "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığa Dövlət Köməyi Proqramı (1997-2000-ci illər üçün)" sahibkarlığın tərəqqisində yeni bir mərhələ açdı. Bu proqramın hazırlanması isə mühüm bir zərurətdən irəli gəlirdi.

Çünki ölkədə sahibkarlığın inkişafını nəzərdə tutan və 1993-1995-ci illəri əhatə edən dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin yalnız bir qismi həyata keçirilmişdi. Düzdür, yeni proqramın qəbuluna qədər sahibkarlığın hüquqi bazasının yaradılmasında zəruri səviyyəyə nail olunmuş, cəmiyyət üzvlərinin sahibkarlıq fəaliyyəti hüququ Azərbaycan Respublikasının yeni Konstitusiyasında təsbit edilmişdi. Sahibkarlıq mühitinin formalaşması üçün vacib olan "Sahibkarlıq fəaliyyəti haqqında", "Müəssisələr haqqında", "Səhmdar cəmiyyəti haqqında", "Haqsız rəqabət haqqında", "Əmtəə birjası haqqında", "Lizinq xidməti haqqında" qanunlar və bazar iqtisadiyyatının hüquqi mexanizminin qurulmasını təmin edən digər qanunlar da qəbul olunmuşdu. Eyni zamanda sahibkarlıq fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsi və həvəsləndirilməsi üçün zəruri normativ sənədləri hazırlanmış, sahibkarlığın bazar infrastrukturunun formalaşdırılması, təhsil sisteminin və informasiya təminatlarının yaradılması istiqamətində müəyyən nəticələr əldə edilmişdi. Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu, Kiçik və Orta Sahibkarlığın inkişafı Agentliyi, bir sıra şəhər və rayonlarda sahibkarlığın inkişafı mərkəzləri yaradılmışdı. Amma yeni proqamın qəbulan kimi əhalinin sahibkarlıq potensialının gerçəkləşməsi məhdud, sahibkarların ölkə iqtisadiyyatının inkişafında təsiri zəif xaratker daşyırdı. Formalaşan sahibkarlıq strukturları isə on illər boyu yaradılmış intellektual potensialı əks etdirmir, həmin potensialdan səmərəli istifadəyə və sağlam rəqabət tələblərinə uyğun fəaliyyətə istiqamətləndirilmirdi. Halbuki ölkədə etibarlı siyasi sabitliyə nail olunması və dünyanın məşhur neft şirkətləri ilə Azərbaycanda neft hasilatı barəsində müqavilələrin bağlanması sahibkarlığın inkişafına əlverişli imkanlar açırdı. Belə bir şəraitdə sahibkarlığın inkişafını nəzərdə tutan yeni dövlət proqramının hazırlanaraq icraya yönəldilməsi böyük zərurət kəsb edən məsələyə çevrilmişdi.

"Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığa Dövlət Köməyi Proqramı (1997-2000-ci illər üçün)" alı sənəddə də vurğulanırdı ki, kiçik və orta sahibkarlığın sürətlə formalaşması Azərbaycan cəmiyyətinin iqtisadi, sosial və siyasi problemlərinin həllinin vacib amillərindən biridir. Azərbaycan Konstitusiyasına və "Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına uyğun hazırlanan yeni proqramın məqsədi sahibkarlığın ardıcıl inkişafı, Azərbaycan iqtisadiyyatında onun rolunun gücləndirilməsi və tədricən dünya iqtisadiyyatına inteqrasiya olunması üçün əlverişli mühitin formalaşdırılmasından ibarət idi. Proqramın üstün sayılan mühüm istiqamətləri isə aşağıdakılar idi: ölkənin insan amilinin, təbii ehtiyatlarının və texniki potensialının daxili bazarın formalaşmasında iştirakının gücləndirilməsi; sahibkarlığın iqtisadiyyatın səmərəli strukturunu formalaşdırmaq amilinə çevrilməsi; yaradıcılıq qabiliyyəti olan işsizlərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsi imkanlarını genişləndirməklə ölkədə əhalinin işlə təmin olunması prosesinin gücləndirilməsi; gənclərin sahibkarlıq fəaliyyətinə ardıcıl cəlb olunması imkanlarının genişləndirilməsi; sahibkarlığın etibarlı müdafiə sisteminin yaradılması. Sahibkarlığın ardıcıl inkişafını təmin etmək üçün proqrama əsasən, bu sahədə hüquqi bazanın möhkəmləndirilməsi, təşkilati şərtlərin, bazar infrastrukturunun təkmilləşdirilməsi, səmərəli iqtisadi-maliyyə mexanizminin yaradılması, işlək müdafiə sisteminin formalaşdırılması əsas vəzifələr kimi qarşıya qoyulurdu.

Beləliklə, yeni proqramda əsas vacib məqamlar milli iqtisadiyyatda kiçik və orta sahibkarlığın yerinin və rolunun müəyyən edilməsi, bu sahədə qanunvericiliyin möhkəmlənməsi, iş adamları üçün maliyyə-kredit sisteminin formalaşması, biznesin elmi-metodiki bazasının yaradılması üçün müvafiq zəmin formalaşdırması idi. Proqramda müəyyən edilmiş vəzifələrin uğurla yerinə yetirilməsi, kiçik sahibkarlığın idarəolunma və maliyyə mexanizminin müəyyən edilməsi, vergi sisteminin xeyli təkmilləşdirilməsi və digər köklü tədbirlər sahibkarlığın inkişafını daha da sürətləndirdi. Bu inkişafı daha da sürətləndirmək məqsədilə Heydər Əliyevin bilavasitə tapşırığı əsasında 1997-ci ildən başlayaraq vergi münasibətlərinin tənzimlənməsi sahəsində vahid və təkmil qanunvericilik bazasının yaradılması məqsədilə Vergi Məcəlləsinin layihəsinin hazırlanmasına başlanıldı. Sözügedən layihənin hazırlanması prosesində onun ayrı-ayrı hissələri dövlət başçısı yanında keçirilən müşavirələrdə dəfələrlə müzakirə edilərək, vergitutmanın sadələşdirilməsi, onun bazasının genişləndirilməsi, vergi yükünün azaldılması, vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi və s. barədə ulu öndərin dəyərli tövsiyələri bu işin uğurla başa çatdırılmasına zəmin yaratdı. 1 yanvar 2001-ci il tarixdə "Azərbaycan Respublikasının Vergi Məcəlləsi"nin qəbul edilməsi ölkənin həyatında tarixi bir hadisə olaraq, vergi sisteminin təkmilləşdirilməsi və onun beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində atılmış ən başlıca addım oldu.

Bundan öncə isə vergi münasibətlərini tənzimləyən bir sıra qanunlar, məsələn, "Mədən vergisi haqqında" (1995-ci il), "Əmlak vergisi haqqında" (1995-ci il), "Müəssisələrin və təşkilatların mənfəət vergisi haqqında" (1996-cı il) qanunlar qəbul edilməsi, qüvvədə olan "Əlavə dəyər vergisi haqqında", "Fiziki şəxslərin gəlirlərindən vergi haqqında" və s. qanunlarda əlavə və dəyişikliklər edilməsi sahibkarlar sinfinin formalaşıb inkişaf etməsində mühüm əhəmiyyət kəsb etdi. Ulu öndərin sahibkarlara birbaşa qayğısı altında vergi dərəcələrinin mütəmadi olaraq endirilməsi də özəl sektorun ümumi iqtisadiyyatda çəkisinin artmasında özünəməxsus rol oynadı. Xüsusən də müəssisə və təşkilatların mənfəətindən vergi tutulmasının proqressiv sistemindən proporsional sisteminə keçilməsi və bu vergi növü üzrə vergi dərəcələrinin tədricən 35 faizdən 24 faizə endirilməsi, ƏDV-nin dərəcəsinin 28 faizdən 18 faizədək azaldılması, bir sıra vergilərin ləğv edilməsi, sosial sığorta ayırmalarının 40 faizdən 22 faizədək aşağı salınması, eləcə də vergilərin ümumi sayının 15-dən 9-dək azaldılması, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan sahibkarların 2014-cü ilədək torpaq vergisi istisna olmaqla, digər vergilərdən azad edilməsi sahibkarların maddi gəlirlərinin artmasını təmin etməklə yanaşı, onların fəaliyyətinin stimullaşmasında da əsas təkanverici amillərdən biri oldu.

Lakin qeyd edilənlərlə yanaşı, hələ də bəzi sahələrdə mövcud olan çatışmazlıqların tam aradan qaldırılmaması və iqtisadiyyatın inkişafı dövlət nəzarəti sahəsində həyata keçirilən islahatların davamlı olmasını zəruri edirdi. Ümumiyyətlə, dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi, sahibkarlığın inkişafı, yerli və xarici iş adamlarının fəaliyyətinə əsassız müdaxilələrin qarşısının alınması, korrupsiya, rüşvətxorluq və digər vəzifədən sui-istifadə halları ilə mübarizənin gücləndirilməsi kimi məsələlər daim ulu öndər Heydər Əliyevin diqqət mərkəzində olub. Bu məqsədlə ulu öndərin 1999-cu il yanvarın 7-də "Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında", 2002-ci il sentyabrın 28-də "Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında" fərmanları göstərilən istiqamətdə vacib rol oynadı.

Tarixi əhəmiyyət kəsb edən bu fərmanlarda dövlət qurumları ilə sahibkarlıq subyektləri arasında olan problemlər tam təsvir olunur və onların aradan qaldırılmasının konkret istiqamətləri müəyyənləşdirilirdi. Sonuncu fərmana əsasən, Daxili İşlər Nazirliyinin İqtisadi Cinayətkarlıqla Mübarizə İdarəsinin ləğv edilməsi və məhkəmənin qərarı olmadan hüquq-mühafizə orqanlarının sahibkarlıq fəaliyyətinə müdaxiləsinin qadağan edilməsi isə sahibkarların müdafiəsi istiqamətində vacib xarakter daşıyırdı. Prezidentin tapşırığına əsasən, şəhər və rayon icra hakimiyyətləri başçıları öz səlahiyyətləri daxilində nəzarət və yoxlama funksiyalarını həyata keçirən müxtəlif qurumları 10 gün müddətində ləğv etdilər.

Ümummilli lider sahibkarların problemləri ilə bilavasitə tanış olmaq üçün onlarla mütəmadi görüşlər keçirilməsinə və iş adamlarını hansı məsələlərin narahat etməsini onların öz dilindən eşitməyə də xüsusi diqqət yetirirdi. Sahibkarlara dövlət qayğısının ən yüksək səviyyədə bir daha təsdiqi olan bu görüşlər və onların nəticəsi kimi 2002-ci ilin avqust-sentyabr aylarında imzalanmış çox mühüm fərman və sərəncamlar ölkədə sahibkarlığın inkişafında yeni mərhələnin əsasını qoydu. 2002-ci il avqustun 17-də isə ölkə Prezidentinin fərmanı ilə "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)" təsdiq olundu. Bu sənəd sahibkarlığın inkişafı ilə bağlı əvvəlki proqramın bir növ məntiqi davamı sayılırdı. "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığa Dövlət Köməyi Proqramı (1997-2000-ci illər üçün)" adlı sənədin uğurlu icrası nəticəsində sahibkarlığın hüquqi bazası inkişaf etdirilmiş, bu institutun tənzimlənməsi sahəsində əhəmiyyətli irəliləyişlər olmuşdu. Kiçik və orta sahibkarlığa (KOS) təhsil, informasiya və məsləhət xidmətləri göstərən strukturlar genişlənərək onların fəaliyyəti xeyli güclənmişdi. Eyni zamanda KOS-lara maliyyə köməyi mexanizmlərinin formalaşması, sahibkarlar üçün vergi yükünün azaldılması, vergi sisteminin stimullaşdırıcı rolunun gücləndirilməsi istiqamətində zəruri addımlar atılmışdı. Bununla yanaşı, sahibkarların hüquqlarının və qanuni mənafelərinin qorunması mexanizmlərinin formalaşması sahəsində məqsədli tədbirlər görülmüşdü. Həmçinin sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısını almaq və əsassız yoxlamaları aradan qaldırmaq məqsədi ilə "Nəzarət kitabçası"nın tətbiqinə başlanılmışdı. KOS-ların regional infrastrukturlarının fəaliyyəti genişlənmiş, sahibkarların ictimai və peşə birliklərinin formalaşması istiqamətində əhəmiyyətli nəticələr qazanılmış, onların inkişafı sahəsində beynəlxalq, regional və xarici dövlətlərin milli təşkilatları ilə əməkdaşlıq əlaqələri genişlənmişdi.

Elşən BAYRAMOV

(ardı var)

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.