Çoxalan istehlak kreditlərinin yaratdığı böyük fəsad

2 Fevral 2013 07:49 (UTC+04:00)

Ölkədə istehlak kreditlərinin həcminin artması getdikcə daha ciddi narahatlıq predmetinə çevrilməkdədir. İlk növbədə ona görə ki, Qərbdə özünü göstərən iqtisadi böhranda bu kredit növlərinin payı az olmayıb. Görünür, elə bu səbəbdəndir ki, Azərbaycan parlamentinin üzvləri son illər ərzində ölkədə istehlak kreditləşməsinin həcminin artmasından narahatdır.

Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, istehlak kreditləşməsinin sürətlə artması ölkə iqtisadiyyatı üçün təhlükə yaradır. Onun sözlərinə görə, buna görə istehlak kreditlərinin sistemli təhlili aparılmalıdır. Xüsusən də istehlask kreditinin strukturu, regionlar üzrə payı, kreditlərin ödənməsi, reklamın reallığı əks etdirməsi məsələsinə baxılmalıdır: "İstehlak kreditinin verilməsi zamanı həyatın dinamikasına baxılmalıdır. Biz iqtisadiyyatımızı mərhələləli formada təkmilləşdiririksə, istehlak kreditlərindən istifadə də mərhələli olmalıdır".

Z.Səmədzadə vurğulayıb ki, dünya maliyyə böhranı məhz istehlak kreditləşməsinin həddindən artıq genişlənməsi səbəbindən başlayıb və sonradan böhran iqtisadiyyatın digər sahələrinə keçib: "İstehlak kreditləşməsi sahəsində banklar tərəfindən aparılan işlər nəticədə əhalinin borclanmasına gətirib çıxarır. Yaxın zamanlarda bu məsələ ilə bağlı Mərkəzi Bankın rəhbərliyi ilə görüşdə bu məsələ ciddi müzakirə olunacaq".

Deputat Çingiz Əsədullayev də eyni mövqeni bölüşür. Ekspertlər də sonuncu dünya maliyyə böhranının məhz istehlak kreditləşməsinin həddindən artıq genişlənməsi səbəbindən başladığını xatırladır. Qeyd olunur ki, istehlak kreditləşməsinin artması əhalinin borclanmasına gətirib çıxarır. Qeyd edək ki, 2012-ci il dekabrın birinə olan məlumata görə Azərbaycanda ev təsərrüfatlarına verilən kreditlərin ümumi həcmi 4,25 milyard manata çatıb. İstehlak kreditlərinin illik artım tempi 31 faizə bərabərdir.

Ekspertlərin fikrincə, kredit qoyuluşlarının bu cür artımının yalnız öz vəsaitlərini yerləşdirməyə çətinlik çəkən banklara faydası var. Belə ki, banklar uzunmüddətli iqtisadi layihələrə kredit verməkdən qaçırlar. Onlar əhaliyə riski az olan kreditlər verməkdə maraqlıdır ki, bunlar da istehlak kreditləri və məişət kreditləridir. Onların məbləği azdır və bankların bu kreditlərinin arxasında girov durur. Elə analitiklərin fikrincə, bu zaman mənfi tendensiyalar yarana bilər. Beləki, ortada bir əmlak, mülkiyyət söhbəti var və krediti qaytara bilməyən hər kəsin malını bank satışa çıxara bilər. Yəni bank girov üçün qoyulmuş əmlakı - evi, ya avtomobili ələ keçirmək üçün hər vasitəyə əl ata bilər. Buna Qərb təcrübəsində rast gəlinir və belə hallar əmlakın həddən artıq ucuzlaşmasına səbəb olsa da alıcı kontingenti az olur və vətəndaşın mülkiyyəti əlindən çıxır.

Daha bir hal isə odur ki, belə vəziyyət həm də kreditə verilən malların qiymətinin qalxmasına səbəb olur. İkinci tərəfdən isə əsas resurslar istehlak kreditlərinə verildiyindən uzunmüddətli iqtisadiyyat layihələri maliyyələşə bilmir. Halbuki, resurslar istehsal sahələrinə yönəldilsə idi, bu, neftdən kənar bölmənin inkişafına səbəb ola bilər. Reallıq isə oodur ki, Azərbaycanda kreditlərin yarıdan çoxunu, təxminən 60-65%-ni istehlak və ticarət kreditləri təşkil edir ki, bu da iqtisadiyyatın neftdən kənar bölmələrinin canlanmasına heç bir təsir göstərə bilmir. Dünya təcrübəsində də iri kommersiya banklarının heç biri bu cür istehlak kreditləri ilə məşğul olmur.

Digər tərəfdən bəzi vətəndaşların kiçik məbləğə aldanıb istehlak kredit götürmələri sonradan onlar üçün problemə çevrilir. Kredit sistemində sakinləri narahat edən əsas məsələ faizlərin xarici ölkələrlə müqayisədə yüksək olması, kredit şərtlərinin mürəkkəbliyi və bəzi neqativ halların mövcudluğudur. Bu sahədə ölkədə müşahidə olan digər problem isə mağazaların, bankların reklamlarda səsləndirdiyi təkliflərin reallığa uyğun olmamasıdır. Digər tərəfdən, bankların yalançı reklamlarına aldanmamaq üçün istehlak kreditləri barədə qanunun qəbulu zəruri sayılır. Qeyd edək ki, dünyada istehlak kreditləri əhalinin bütün təbəqələrinin gündəlik həyatının ayrılmaz bir hissəsinə çevrilib. Bu ölkələrdə istehlak kreditləşməsi proseduru zaman-zaman təkmilləşdirilib. Biznes kreditlərindən fərqli olaraq, istehlak kreditləri gəlir əldə etmək yox, insanların istehlak mallarına olan tələbatını ödəmək məqsədi daşıyır. Bu baxımdan istehlak kreditləri götürən müştərilərin hüquqları ayrıca qanunla qorunur. Bu qanun, bir qayda olaraq, "İstehlak kreditləri haqqında" qanun adlanır. Azərbaycanda mövcud bank qanunvericiliyi kredit təşkilatlarının fəaliyyətlərini tənzimləyir və daha çox onların hüquqlarını qoruyur. Müştərilərin hüquqları isə qanunlardan kənarda qalıb. İstehlakçıların hüquqlarını qoruyan yeganə hüquqi akt - "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanunun tələbləri bank müştərilərinə şamil edilmir. Buna görə də Azərbaycanda da oxşar qanunun qəbuluna ehtiyac var. MDB ölkələrindən Rusiya, Ukrayna, Özbəkistan istehlak kreditləri ayrıca qanunla tənzimlənir.