Ermənistan prezidentinin höcəti xalqın narazılığını artırır

25 Fevral 2017 09:30 (UTC+04:00)

Ermənistan əhalisi övladlarını orduya göndərmək istəmir. Səbəb çox sadədir: hər iki gündən bir evlərə “qara kqğız” gəlir. Erməni anaları bu haldan təngə gəliblər və daha övladlarının mənasız yerə ölməklərini istəmirlər. Buna görə onlar başda prezident Serj Sarkisyan olmaqla ölkədəki mövcud rejimi günahlandırırlar. Camaatı qınamalı deyil. Onlar haqlıdırlar. Təkcə 2016-cı il ərzində Ermənistan ordusunda yüzlərlə hərbçi həyatını itirib. Biz hələ fəal döyüşlərin baş verdiyi dörd günlük aprel savaşını nəzərə almırıq. Döyüş itkisinə daxil olanlar Azərbaycan ərazisindəki işğalçı qoşunların heyətinə aiddir. Ermənistanın özündə isə avtomobil qəzasından, intihardan, əsgər yoldaşı tərəfindən güllələnən, bədbəxt hadisədən və xəstəlikdən həyatını itirənlərdir. 

Ermənistan Müdafiə Nazirliyinin kədərli statistikası ermənilərin hakimiyyətə olan nifrətini daşdırıb. Onlar hər vasitə ilə övladlarını ordudan yayındırmağa çalışırlar. Rəsmi idarələrin məlumatına görə, təkcə bu səbəbdən hər il 2000 gənc təhsilini yarımçıq qoyub ölkəni tərk etməyə məcbur olur. Erməni mütəxəssislər həyəcan təbili çalır, demoqrafik göstəricilərin ildən-ilə pisləşməsini misal gətirir, hamiyyəti bütün bunlara son qoymağa çağırırlar. 
Lakin baş verənlər prezident Serj Sarkisyanın kefini pozmur. O öz işğalçılıq planlarını axıra çatdırmaq üçün erməni gənclərini Azərbaycan ərazisinə göndərməkdə davam edir. Çünki, o özünü elə bir labirintə salıb ki, ayrı yolu qalmayıb. Situasiya açıq-aydın sübut edir ki, Serj Sarkisyan öz şəxsi ambisiyaları naminə erməni xalqına tüpürür. O yaxşı bilir ki, Azərbaycan Qarabağın işğalı ilə heç vaxt barışmayacaq. İmkan düşən anda öz torpaqlarını azad edəcək. Amma bunlar işğalçılığa təhrik edilmiş erməni ordusunun itkiləri hesabına başa gələcək. Əsgərin həyatının bu ölkədə bir qəpiklik qiyməti yoxdur. Heç hökumətin özünün iqtisadi gücü də erməni əsgərinin normal xidmət keçməsini təmin edə bilmir. Görün, nə günə qalıblar ki, hökumətin qərarı ilə işləyən əhalinin maaşından hər ay “orduya yardım” fonduna məcburi surətdə ödəmələr həyata keçirilir. 
Bu günlərdə Tevos Arşakyan adlı müəllif məqalə yazaraq müdafiə naziri Vigen Sarkisyanı ciddi tənqid atəşinə tutub. Məsələ burasındadır ki, erməni ordusunda əsgərlərə hər gün bir qutu pulsuz siqaret verilirdi. Düzdür, bu, sıravi heyət üçün əlçatmaz güzəşt idi. Lakin komandir heyəti bundan yararlanır, sıravi qulluqçulara isə bayramdan-bayrama siqaret verilirdi. Müəllif istehza ilə yazır ki, V. Sarkisyan yeni vəzifəyə təyin olunanda hamı gözləyirdi ki, köhnə nazir Ohanyandan qalmış miskin vəziyyəti düzəltmək üçün nə isə bir iş görəcək. Budur, Vigen qollarını çırmalayıb işə başlayır. O, dövlət vəsaiti ilə əsgərlərə verilən siqaret və kibriti ləğv edir. Göründüyü kimi, nazir dövlət puluna qənaət edir (guya dövlətin pulu vardı ki, hamısı ondan-bundan dilənilmiş vəsait hesabına görülürdü). Lakin məsələnin o biri tərəfini düşünən yoxdur. Çünki, Vigenin əmri ilə sabah orduda hamı siqareti tərgitməyəcək. Ancaq xidmətdə olanların siqaret pulu üçün valideynlərinə sifarişləri artacaq. Komandir heyətinin də yükü əsgərlərin üzərinə düşəcək. Orduda “dedovşina” çiçəklənəcək. 
Beləliklə, Sarkisyanın ordunu ölüm maşınına çevirməsi prosesi yalnız əsgər analarını, sadə camaatı narahat edir. Rəsmilər isə öz işlərində, rahat və dəbdəbəli həyatlarındadırlar. Amma çətin ki, bu hal uzun müddət davam etsin. Onsuz əhali hökumətdən kifayət qədər usanıb. Belə getsə, hazırda inqilab havası ilə yaşayan xalq nəinki prezidenti, onun cinayətkar komandasını ləğv etmək üçün ayağa qalxacaq.

N.NOVRUZ