Qarabağda yeni yaz müharibəsi

3 Mart 2017 09:00 (UTC+04:00)

İddialar səslənir ki, yaxın günlərdə Qarabağ münaqişəsi yenidən alovlanacaq. ABŞ-ın Karnegi fondunun Cənubi Qafqaz üzrə eksperti Tomas de Vall yazda Qarabağ münaqişəsi zonasında irimiqyaslı döyüş əməliyyatlarının başlaya biləcəyini deyib. Onunla eyni mövnqeyi bölüşən əcnəbi ekspertlərin sayı artır.

Qeyd edək ki, son zamanlar isə işğalçı rejim cəbhə xəttində mütəmadi olaraq təxribatlara yol verməklə gərginliyi daha da artırıb. Bu fonda həm ölkə daxilində, həm də xaricdə yaz aylarında müharibənin yenidən alovlana biləcəyi ehtimalının yüksək olduğunu düşünən ekspertlərin sayı artır. 
 Siyasi şərhşi Azər Həsrət müharibənin yenidən başlanma ehtimalının yüksək olduğunu bildirdi: “Azərbaycanın konkret və bəlli mövqeyi vardır. Baxmayaraq ki, uzun müddətdir, torpaqlar işğal altındadır, Azərbaycan dəfələrlə bəyan edib və əməllərilə münaqişənin sülh yolu ilə həllində maraqlı olduğunu göstərib. Bunun üçün ölkəmiz əlindən gələni də edir. Hətta Azərbaycan öz maraqlarından bir qədər kənara çəkilərək güzəştlərə getməyə hazır olduğunu da bildirib. Yəni, Dağlıq Qarabağa muxtar status verilməsilə bağlı konkret təklif irəli sürüb. Amma Azərbaycan zəif deyil, bunu bütün dünya bilir. Sadəcə olaraq, Azərbaycan münaqişənin sülh yolu ilə həllində maraqlıdır. 
Cəbhə xəttində baş verən son hadisələr işığında ekspertlər tərəfindən müharibənin yernidən başlama ehtimalının yüksək olması barədə fikirlərin səslənməsilə bağlı deyilənlər əslində, əsassız deyil. Göründüyü kimi, son zamanlar işğalçı qüvvələr əlindən gələni edir ki, münaqişə alovlansın. Düzdür, hər dəfə də ağır zərbə alaraq geri otuzdurulurlar. Amma buna baxmayaraq, ermənilər təxribatlarından əl çəkmirlər. Bu da Ermənistan daxilindəki siyasi proseslərlə bağlı olan məsələdir. Əslində, onlar da anlayır ki, Azərbayan qarşısında güc nümayiş etdirmək imkanları yoxdur. Sadəcə, Ermənistan ictimai rəyini məşğul etmək üçün belə təxribatlara gedirlər. Bunları nəzərə alaraq beynəlxalq ekspertlər də belə qənaətə gəlib ki, müharibə ehtimalı güclüdür. Ermənistanın bu gedişlə təxribatlardan əl çəkəcəyi gözlənilmir. Azərbaycan da geri duracaq ölkə olmadığından, müharibə ehtimalı yüksəkdir. Yaxın zamanlarda yeni qaynar toqquşmaların şahidi olacağıq. İşğalçı dövlət bizə başqa seçim qoymur”.
Milli Məclisin deputatı Fərəc Quliyev də müharibənin qaçılmaz olduğunu düşünür: “Hərbi əməliyyatlar artıq başlayıb. Ermənistan tərəfi təxribatlara yol verdi. 
İkinci bir tərəfdən, aprel savaşından sonra Azərbaycan tərəfi xəbərdarlıq etmişdi ki, qələbənin bir addımlığında olduğumuz vaxtı Rusiya və digər beynəlxalq güclər dayanmağımızı istədi. Əvəzində problemi həll etməyə söz verdilər. Amma indi hər kəs, hətta ATƏT-in Minsk qrupunda olanlar da məsələnin həllinə şübhə ilə yanaşır. Açıq şəkildə Ermənistan danışıqlardan imtina edir. Ermənistan razılaşdırılmış «Kazan prinsipləri»ndən də imtina edib. Bu da aydındır ki, Rusiyanın icazəsi olmadan bu mümkün deyil. Ermənistanda daxili vəziyyət də çox gərgindir. Belə vəziyyətdə Ermənistan rejimi hakimiyyətini qorumaq üçün müharibəni bir fazada alovlandırmağa çalışır. Düşünürlər ki, arxalarında yenə də Moskva var, növbəti dəfə Kreml onları xilas edər. Amma şərtlər dəyişib. Azərbaycan da artıq iradəsini kəskin şəkildə ortaya  qoyub. Məsələ ya sülh yolu ilə qısa zamanda həll olunmalıdır, ya da hərbi yolla həll olunacaq. Bölgədəki əhval-ruhiyyə budur. 
Böyük güclər də bölgə savaşında yeni bir mərhələyə qədəm qoyub. Donald Tramp Rusiyanın gözləntilərinin əksinə olaraq, Krım məsələsində Ukraynanı müdafiə etdi. O, Cənubi Qafqazda da vəziyyətin dəyişməsilə bağlı çağırışlar etdi. Hesab edirəm ki, hərbi əməliyyatların yenidən alovlanacağını düşünən müşahidəçilər doğru qənaətdədirlər. Müharibənin aktiv fazaya keçməsi mümkündür. Azərbaycan güzəştə getdi, vaxtı gözlədi. Amma buna baxmayaraq, ermənilər heç bir addım atmadı. Ona görə də müharibə qaçılmazdır”.
Rüfət NADİROĞLU