Uşaqları ailədaxili təyziqdən qorumaq üçün yeniliyə start verildi-Özəl

3 Mart 2017 10:24 (UTC+04:00)

Münaqişəli ailələrdə uşaqların ailədaxili konfliktlərdən qorunması üçün məktəblərdə yeni layihəyə start verilib. Bu barədə Movqe.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova məlumat verib.

 

A. Veysəlova bildirib ki, layihənin əsas məqsədləri valideyn-uşaq münasibətlərinin düzgün təşkili, ailədə baş verən konfliktlərdən qorunma yollarının öyrənilməsi, gənclərin reproduktiv sağlamlığı, onların zərərli vərdişlərə qarşı mübarizə yolları, müəllim və valideynlər arasında qarşılıqlı əlaqənin qurulması və bu kimi digər aktual mövzular ətrafında maarifləndirmə işlərinin və müzakirələrin aparılmasıdır: ““Mən həyatı seçirəm” adlı genişmiqyaslı maarifləndirmə layihəsi ötən ildən həyata keçirilir. Bu il bizim Komitə Təhsil Nazirliyi ilə birgə bu layihəyə yenidən start verib. Əsas məqsəd, münaqişəli ailələrdə uşaqların ailədaxili konfliktlərdən qorunmasının vacibliyi ilə bağlı valideynlərin marifləndirilməsidir. Hər kəs bilir ki, ailədə münaqişə varsa, bu konflikt mütləq uşaqlara, onların psixologiyasına öz mənfi təsirini göstərir. Bu münaqişədən ən böyük zərbəni elə uşaqlar alır. Ötən ay Milli Məclisdə “Ailədaxili münaqişələrin yaranma səbəbləri və onların aradan qaldırılması yolları” mövzusunda “dəyirmi masa” keçirildi. Bu tədbirdə  Bakı Şəhər üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva bir məqama toxundu. Bildirdi ki, bir çox hallarda münaqişələrlə bol olan ailələrdən gələn uşaqların təhsilə adaptasiya asan olmur. Məktəb uşaqların vəziyyətini təhlil etməklə ailə problemlərinin olduğunu daha tez müəyyənləşdirə bilir.  Bu əslində çox ciddi siqnaldır. Doğurdan da, ailədə münaqişələr uşaqların təhsilinə müxtəlif formada mənfi təsir göstərir. Bu cür ailələrdə böyüyən uşaqların dərsə dəvamiyyəti zəifləyir, yaxud beş qiymət alan şagirdin qiyməti  birdə-birə aşağı düşür və sairə. Fikrimcə, bu cür hallara qarşı məktəblərdə müəllimlər çox həssas olmalı, əla qiymətlərlə oxuyan uşağın qəflətən zəifləməsinin səbəbi üzə çıxartmalıdırlar. Əgər bu məsələyə ailədaxili konflikt səbəb olursa, dərhal valideynlərlə iş aparılmalıdır, məktəb psixoloqu bu barədə xəbərdar edilməlidir”. 
Həmsöhbətimiz deyir ki, ümumiyyətlə, ailədaxili konfliktlərin məktəbyaşlı uşaqların təhsilinə təsiri tədricən onların zərərli vərdişlərə yönəlməsinə də gətirib çıxarda bilir: “Ona görə də, biz məktəbdə keçirdiyimiz bu layihəyə valideynləri və yuxarı sinif şagirdlərini də cəlb edirik. Çünki, münaqişələrlə bol olan ailələrdən gələn uşaqların təhsilə adaptasiyası o qədər asan olmur. Ailədə baş verən münaqişə onların psixologiyasına mənfi təsir göstərərək dərslərində müvəffəqiyyətlərinə də yansıyır”.
A.    Veysəlovanın sözlərinə görə, Komitə tərəfindən mütəmadi olaraq,  respublikanın şəhər və rayonlarında dövlət ailə siyasətinin dəstəklənməsi istiqamətində, milli-mənəvi dəyərlərin qorunması və onların gələcək nəsillərə ötürülməsi, reproduktiv sağlamlıq və sağlam həyat tərzinin təbliği, gənclərin asudə vaxtının səmərəli şəkildə təşkili, onların ailə həyatına hazırlığı və digər mövzular ətrafında müxtəlif layihələr həyata keçirilir.

Zülfiyyə QULUYEVA