Mədət Quliyev: İndiyədək 900-ə yaxın Azərbaycan vətəndaşı xarici ölkələrdə terrorçu təşkilatlara qoşulub

3 Mart 2017 12:13 (UTC+04:00)

İndiyə qədər 900-ə yaxın Azərbaycan vətəndaşı Suriya, İraq və digər ölkələrdə terrorçu təşkilatlara qoşulub.

Movqe.az-ın məlumatına görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev “Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda bu gün keçirilən konfransda çıxışı zamanı deyib.

M.Quliyev qeyd edib ki, indiyə qədər 900-ə yaxın Azərbaycan vətəndaşı dini radikal cərəyanların təsiri altına düşərək Suriya, İraq və digər ölkələrdə terrorçu təşkilatlara qoşulub:

"Əldə olunan məlumatlara görə, onların çoxu həlak olub. Onların 84 nəfəri Azərbaycana qayıtdıqdan sonra cinayət məsuliyyətinə cəlb olunub. Son bir ildə 54 nəfər bu cür əməllərinə görə Azərbaycan vətəndaşlığından çıxarılıb".