Nazir qadınları 8 Marta görə təbrik etdi

7 Mart 2017 14:34 (UTC+04:00)

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizin mədəniyyət və turizm sahələrində çalışan xanımları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.

Movqe.az-ın məlumatına görə, nazirin təbrikində qeyd olunur ki, Azərbaycan qadınları qədim çağlardan xalqımızın mənəvi-mədəni dəyərlər sistemində öz müqəddəs missiyası ilə mühüm yer tutub. Ölkəmizdə həyatın bütün sahələrində qadının özünəməxsus təsir imkanları olmuş, nəsillər arasında mənəvi bağlılığın qorunub yaşadılmasında böyük rol oynayıb.

Türk xalqlarının ortaq mədəniyyət və mənəviyyat örnəyi olan “Kitabi-Dədə Qorqud” dastanında, həmçinin xalq yaddaşının digər nümunələrində qadın-ananın uca məqamı xüsusi qiymətləndirilib. Ulularımızın “Ana haqqı Tanrı haqqıdır” deyimi də bunun bariz nümunəsidir. Təsadüfi deyil ki, Azərbaycanda hələ XII yüzillikdə qadının şərəfinə möhtəşəm abidə ucalmışdır ki, bu da qadına verilən yüksək dəyərdən xəbər verir.

Təbrikdə daha sonra deyilir:

“Bu gün ölkəmizdə mədəniyyət və turizm sahələrində çalışan işçilərin böyük bir hissəsini qadınlar təşkil edir. Onlar öz fəaliyyətləri ilə bu sahələrin inkişafına töhfələr verirlər. Azərbaycan dövləti tərəfindən həmişə qadınların fədakar əməyi yüksək qiymətləndirilir. Ölkə başçısı tərəfindən müxtəlif sahələrdə çalışan xanımlarımız fəxri adlara, orden və medallara layiq görülürlər. Bu da öz növbəsində qadınları gələcəkdə daha böyük nailiyyətlər qazanmağa ruhlandırır”.

Əbülfəs Qarayev sonda bir daha mədəniyyət və turizm sahələrində fəaliyyət göstərən xanımları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara ailə xoşbəxtliyi, fərəhli illər arzulayıb.