Azərbaycan İslam dünyası ilə bağlarını gücləndirir

8 Mart 2017 07:00 (UTC+04:00)

Son iki həftədə Azərbaycan Prezidenti İlham Əliyev üç İslam dövlətinə - Qətər, İran və Pakistan Respublikasına  mühüm səfərlər edib. “İslam Həmrəyliyi İli”ndə baş tutan bu səfərlərin mahiyyətindən aydın olur ki, məqsəd ikitərəfli əlaqələrin inkişafı ilə ümumi həmrəylik hərəkatının genişlənməsinə nail olmaqdır. 

Azərbaycan və Qətər ərazi və əhalinin sayı, habelə təbiəti və iqtisadiyyatın şaxələndirilməsi yolları üzrə  bir-birindən aralı olsalar da, neft ölkələri olmaq etibarı ilə oxşardırlar. Amma bu ölkələrin İslam inanclı olmaları onları birləşdirən ən güclü mənəvi bağdır. Enerji daşıyıcılarının zəngin ehtiyatlarının olması Qətərin inkişaf etmiş ölkələrdən qabaqcıl texnologiyalar idxal etməsini stimullaşdırıb və bu gün ölkə üçün lazım olan sahələrin yüksək inkişafı təmin edilib. Son vaxtlar bu ərəb ölkəsindən Azərbaycana turist axınının güclənməsi iki müsəlman dövləti arasında əlaqələrin daha geniş ampluada inkişafını zərurətə çevirib. 
Prezident İlham Əliyevin bura səfər zamanı ikitərəfli əlaqələrin inkişafını sürətləndirməl üçün dövlətlər arasında mədəniyyət, idman,dəniz ticarəti, aviasiya daşımaları və ətraf mühitin qorunması sahəsində əməkdaşlıq üzrə anlaşma memaraundumları imzalanıb.    
Pakistan İslam Respublikasına səfər İqtisadi Əməkdaşlıq Təşkilatının növbəti sammiti ilə əlaqədar olsa da ikitərəfli əməkdaşlıq məsələləri önə çıxıb. Məlumdur ki, Azərbaycan və Pakistanı tarixən sıx və etibarlı dostluq telləri birləşdirir. Beynəlxalq müstvidə bu iki dövlət həmişə bir-birinin haqlı mövqeyini dəstəkləyir. Pakistan nüvə dövləti olmaq etibarı ilə dünyada özünə məxsus xüsusi çəkiyə malikdir və bölgədə güc balansının qorunmasında əhəmiyyətli rol oynayır. Bu ölkə güclü ordusu və hərbi-sənaye kompleksinin yüksək texnologiyalar əsasında yaratdığı mükəmməl silahları ilə də seçilir. İşğal edilmiş ərazilərini azad etmək üçün Azərbaycan da öz hərbi-sənaye kompleksini uğurla inkişaf etdirir və bu sahədə Pakistanla birgə əməli iş görür. Bundan başqa iqtisadiyyatın digər sahələrində, xüsusilə trikotaj sənayesində və kənd təsərrüfatı, habelə ticarət  sahəsində yüksələn xətlə inkişaf edən əlaqələr İslam Həmrəyliyi yolunda fundamental bazadır. 
İran İslam Respublikası ilə Azərbaycanı birləşdirən etnik və tarixi birlik telləri bu ölkələrin həm rəsmi əlaqələrinin labüdlüyü, həm də qeyri-rəsmi, yəni xalqın sıx mənəvi-mədəni əlaqələri ilə xarakterizə olunur. Digər tərəfdən İran güclü iqtisadiyyata malik ən yaxın qonşularımızdan biridir. Bir fakta diqqət yetirmək lazımdır ki, dünyanın inkişaf etmiş dövlətləri tərəfindən İrana iqtisadi və siyasi sanksiyaların tətbiq edildiyi dövrdə Azərbaycan bu sanksiyalardan kənarda qaldı və bununla öz qonşusuna böyük maddi və siyasi dəstək vermiş oldu. Artıq geniş müstəvidə iki ölkə arasında iqtisadi əməkdaşlığın əsası qoyulub və birgə fəaliyyət üçün bir neçə müəssisənin özülü qoyulub. Əczaçılıq, avtomobilqayırma, kənd təsərrüfatı və turizm iki ölkə arasında prioritet sahə sayılır. 
Bunlardan başqa Azərbaycan Prezidentinin təşəbbüsü ilə İran-Azərbaycan-Rusiya, Türkiyə-Azərbaycan-İran üçtərəfli əməkdaşlıq formatlarının yaranması və yenilərinin, məsələn, Azərbaycan-İran-Gürcüstan formatının təsdiq edilməsinə hazırlıq regionda Azərbaycanın oynadığı koordinatorluq missiyasının bariz təcəssümü olmaqla bərabər İslam Həmrəyliyinin də inkişafına töhfə vermiş olur.
Göründüyü kimi, Azərbaycan nəinki öz üzərinə götürdüyü öhdəliklərə, həm də irəli sürdüyü təşəbbüslərə sadiqlik nümayiş etdirərək fəaliyyətini genişləndirir. Çünki, dövlətlər arasında əməkdaşlıq mənəvi birlik üçün möhkəm əsaslar yaradır. Bu mənada Azərbaycan Prezidentinin rəsmi səfərlər cədvəlinin intensiv tərtibi qarşıya qoyulan məqsədlərin həyata keçirilməsi üçün vacib və əhəmiyyəlidir.

N.NOVRUZ