Azərbaycan məhsullarına İran bazarlarında da yeni tələbat yaranır

8 Mart 2017 09:00 (UTC+04:00)

Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev bu günlərdə İranda rəsmi səfərdə olub. Səfər çərçivəsində iki ölkə arasındakı iqtisadi münasibətlərin inkişafı bir daha gündəmə gətirilib. 

Nəzərə alaq ki, cənub qonşumuz ona qarşı tətbiq edilən sanksiyalar yumşaldıldıqdan sonra regionda  aparıcı bazarlardan birinə çevrilir. Bununla yanaşı, son vəziyyət göstərir ki, İranda Azərbaycanın  sənaye məhsullarına tələbat var. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan üçün yeni bazar – İran bazarı yaranır. İqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, İran 80 milyonluq və uzun zaman sanksiyalara məruz qalmış  bazardır: “Hazırda dünya ölkələrinin bir çoxu, xüsusən də Avropa bu bazara çıxış imkanlarını araşdırır. Həm texnolji məhsullarla, həm də dövlət sifarişləri ilə İran bazarına çıxmağı düşünürlər. İrannın qəbul etdiyi proqram var. Yaxın 5 ildə infrastruktur layihələrinə 100 milyard dollar vəsait ayrılacaq. Bununla da yenilənmə prosesi baş verəcək. Belə bir böyük bazardan pay almaq Azərbaycan üçün həm coğrafi mövqeyinə, həm də tarixi əlaqələrinə görə daha məqbuldur. Sadəcə, bu tenderlərdə iştirak etmək üçün şirkətlərimiz daha ciddi hazırlaşmalıdırlar. Nəzərə alaq ki, tikinti işlərində Azərbaycan şirkətlərinin təcrübəsi var. Hətta bəzi şirkətlərimiz Avropada, Gürcüstanda keçirilən tenderlərdə iştirak edib, qalib olublar. Bu baxımdan Azərbycan şirkətləri üçün infrastruktur layihələri daha cəlbedicidir. Bu layihələrdə Azərbaycan şirkətlərinin vəsait qazanma ehtimalı daha yüksəkdir. 
Digər sahələrdə də Azərbaycanla əlaqələrin genişlənməsi üçün imkanlar var. “Şimal-Cənub” dəmiryolu dəhlizi fəaliyyətə başladıqdan sonra daha perspektivli olacaq. Sadəcə, həmin bazarda rəqiblərimizin olduğunu da unutmamalıyıq. Odur ki, İran bazarının daha dərindən analiz edilməsi üçün analitik qrup yaradılmalıdır. Həmin qrup da şirkətlər üçün təkliflər irəli sürməlidirlər. Təbii ki, əks proses də baş verəcək. İran da Azərbaycan bazarlarına maraq göstərir. Amma ticarət balansında müsbət saldonun bizim tərəfimizdə olmasına  çalışmalıyıq”.
Digər iqtisadçı-ekspert Fuad İbrahimov isə fərqli düşünür: “Bu məsələ qlobal məqamdır. Məsələyə bir istiqamətdə baxmaq düz olmazdı. Birincisi, İslam inqilabından sonra İrana qarşı nə qədər sanksiyalar tətbiq olunsa da, daxili imkanlar hesabına bütün sahələrini inkişaf etdirməyə çalışıb. Vəziyyətdən də pis çıxmayıb. 
İranda maşınqayırma, hərbi, tibbi sənaye, ümumiyyətlə, sənayenin bütün sahələr geniş inkişaf edib. Bütün bunlara baxmaayraq, Azərbaycanın İrana ixrac edəbiləcəyi məhsulları var. Məsələn, elə Sovet dövründən Azərbaycanın neft-maşınqayırma sənayesi üzrə yüksək  təcrübəsi var. Eyni zamanda, iki dövlət arasında müqavilə əsasında hansısa məhsul ixrac edilə bilər. Lakin nəzərə alaq ki, İran qısa zamanda idxalın qarşısını alacaq”. Mübariz BAYRAMOV