Azərbaycandan İslam dünyası üçün daha bir örnək

8 Mart 2017 09:45 (UTC+04:00)

Qərbdə islamofobiya meylləri artır. Proses o həddə çatıb ki, hətta Qərb ölkələrinin bir sıra rəsmiləri belə bu xəstəliyə tutulublar. Məsələn, Avropa Birliyinə Suriyadan qaçqınların kütləvi axını baş verən zaman Slovakiya, Macarıstan hökumətləri onlar içərisindən ancaq müsəlman olmayanları qəbul edəcəklərini bildirmişdilər. ABŞ-ın yeni prezidenti Donald Tramp da bu yaxınlarda verdiyi qərarla müsəlman ölkələrindən miqrantların ölkəsinə gəlişinə qadağa qoydu. 

Milli Məclisin deputatı Gövhər Baxşəliyeva bildirdi ki, İslam ölkələrinin islamafobiyaya qarşı mübarizədə daha sıx birləşmələrinə ciddi ehtiyac vardır: “Qərbdə islamafobiya olsa da-olmasa da İslam ölkələri bir-birilə daha sıx birləşməlidir. Ümumiyyətlə, tarixən həmişə belə bur vəhdətə böyük ehtiyac olub. Bu birliyə xüsusən də indiki zamanda daha böyük lüzum var. 
Qərbdə İslam dinini radikalizm, ekstremizmlə bağlamağa cəhd edirlər. Bu fonda müsəlman ölkələri arasında vəhdət nə qədər güclü olarsa, onlar bir o qədər də güclü olarlar. Amma təəssüf ki, bir çox hallarda sözdə birlikdən danışılsa da, əməldə bunun əksini müşahidə edirik. Bir sıra İslam ölkələri bəzən ümumislam mənafeyinə cavab verməyən hərəkətlərə yol verirlər. Azərbaycan İslam həmrəyliyinə, birliyinə sadiqdir. İslam həmrəyliyi dünyanın əsas beynəlxalq təşkilatlarından olan İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının əsas fəaliyyət prinsiplərindəndir. Azərbaycan hər il bu mötəbər təşkilatın işində fəal iştirak edərək, onun inkişafına mühüm töhfələr verir. Azərbaycanın xarici siyasətində həmişə İslma həmrəyliyi, bu ölkələrin daha sıx birləşməsi mühüm yer tutub və tutur. 
Müstəqil Azərbaycan daima öz haqq işləri uğrunda mübarizədə Şərq xalqlarını dəstəkləyib. Bu dəstək də iqtisadi, siyasi, mədəni və digər sahələri əhatə edib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Misirin Qəliyubiyyə qəsəbəsində qızlar məktəbi tikilib. Həmçinin burada Heydər Əliyev Parkı salınıb. Həmin rayon Abşeron rayonu ilə qardaşlaşıb. Azərbaycan Pakistanda da qızlar üçün məktəb inşa edib. Prezidentimizin qərarı ilə Fələstin xalqına da maddi yardımlar göstərilib. 
Hazırda İslam aləminin ən ümdə problemlərindən biri Fələstin problemidir. Fələstin probleminin 70 ilə yaxındır ki, həll edilməməsi məyusedici haldır. Bu haqlı mübarizədə bütün müsəlman aləmi Fələstini dəstəkləyir. Amma təəssüf ki, bir sıra hallarda müsəlman ölkələri bir-birini satır. Vaxtilə prezident Ənvər Sadatın dövründə Misir İsraillə separat danışıqlara gedərək müsəlman birliyinə zərbə vurdu. Bu fakt da onu göstərir ki, İslam ölkələrinin bəziləri islamafobiyaya qarşı mübarizədə sözdə bir-birinə dəstək olsalar da, işdə buna getmirlər. 
İslam Əməkdaşlıq Təşkilatında Ermənistanın Azərbaycana təcavüzü barədə çoxsaylı qətnamələr qəbul edilib. Amma buna baxmayaraq, təşkilatın üzvü olan elə müsəlman ölkəsi var ki, işğalçı Ermənistanla hərtərəfli əməkdaşlıq edir. Belə yanaşma isə qəbul edilməzdir və islamafobiyaya qarşı mübarizədə müsəlman ölkələrinin çəkici bir yerə vurmasına əngəl olur. Bu yolla da bəzi İslam ölkələri müsəlman həmrəyliyinə zidd çıxaraq öz dindaşlarını qaçqın, köçkün vəziyyətinə salan, 20 faiz torpağını işğal edən Ermənistanla bütün sahələr, o cümlədən hərbi sahədə əməkdaşlıq edirlər”.
Yurddaş Partiyasının sədri Mais Səfərlinin fikrincə, Azərbayan islamafobiyaya qarşı mübarizədə müsəlman ölkələrinin birləşməsi yolunda da özünü örnək olaraq göstərə bilib: “Doğrudan da son illər ABŞ və Avropada islamafobiya getdikcə güclənməklə geniş vüsət almağa başlayıb. Bunun nəticəsi olaraq İslam dini gözdən salınır, müsəlmanlara qarşı qeyri-qanuni və etikadan kənar hərəkətlərə yol verilir. Belə bir məqamda müsəlman ölkələrinin birləşməsinə, onların bir-birinə daha sıx şəkildə inteqrasiya etmələrinə böyük ehtiyac vardır. Azərbaycan da bu istiqamətdə başlıca addımlar atan, əsas fəaliyyət göstərən bir ölkədir. 
Azərbaycanın dövlət başçısı müsəlman dövlətlərinin inteqrasiyası, əməkdaşlığının güclənməsi yolunda böyük səylər göstərir. Bu yaxınlara qədər Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına sədrlik də edib. Həmin dövrdə də Azərbaycan müsəlman ölkələri arasında sıx birliyin yaradılmasına ciddi töhfələr verdi. Azərbaycan Prezidentinin apardığı fəaliyyət nəticəsində İslam dövlətləri arasında nəinki təkcə iqtisadi, habelə dövlət həyatının bütün sahələri üzrə əməkdaşlıq xeyli dərəcədə gücləndi. Qarşıdan Azərbaycanda keçiriləcək İslam Həmrəyliyi Oyunları gəlir. Bu tədbir də müsəlman ölkələri arasında əməkdaşlıq və əlaqələrin daha da güclənməsinə rəvac verən bir addımdır. Azərbaycan bu tədbirə ciddi hazırlaşır. Düşünürəm ki, İslam ölkələri rəhbərləri də həmin tədbirə qatılacaqlar. Bu da İslam qardaşlığının daha da güclənməsinə təkan verəcək. Digər müsəlman dövlətləri də Azərbaycandan nümunə götürərək İslam ölkələrinin sıx birləşməsinə töhfələr verməlidir. Azərbaycan bu məsələdə digərlərinə bir örnəkdir”.

Rüfət NADİROĞLU