“Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib”
7 Fevral 2013 12:26 (UTC+04:00)
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban
Əliyeva "Baku" jurnalının sonuncu (beşinci) sayına müsahibə
veriblər.
"Baku": "Baku" jurnalının 5 yaşı tamam olur. Yubiley
əhval-ruhiyyəsi xatirələrə dayanır. Bizim ilk müsahibəmiz də məhz
sizinlə olub. Bu gün 5 il keçdikdən sonra jurnalımız haqqında
fikirləriniz bizə maraqlıdır. Nəşrimizi bəyənirsiniz?
Prezident: Çox təqdirəlayiqdir ki, yaranışından qısa müddət ərzində
"Baku" jurnalı böyük oxucu auditoriyası qazanıb. Jurnalın
uğurlarında əsas rolu əlbəttə ki, mövzuların aktuallığı,
özünəməxsus tərzi, müasir dizayn və materialların təqdimatı
oynayır. Qədim və zəngin Azərbaycanın mədəniyyəti, incəsənəti,
qədim adət - ənənələrə söykənən məqalələr jurnalı daha da maraqlı
və oxunaqlı edir. Jurnalın təkcə Rusiyada deyil, başqa ölkələrdə də
oxunması müsbət haldır.
Birinci xanım: "Baku" jurnalı qısa müddət ərzində nəşr olunmasına
baxmayaraq, böyük oxucu simpatiyasını qazanıb. Bu gün ölkəmiz
haqqında obyektiv və müsbət informasiyanı xaricdə təqdim edən belə
mənbənin olması sevindirici haldır. "Baku" jurnalı parlaq və aydın
şəkildə Azərbaycan və onun paytaxtı, bizim məşhur həmyerlilərimiz,
Azərbaycan diasporunun görkəmli nümayəndələri, ölkəmizin mədəni
həyatının mühüm hadisələri və milli mətbəximiz haqqında məlumat
verir. Mən gələcəkdə jurnalınıza daha böyük məşhurluq, daha geniş
oxucu auditoriyası arzulayıram.
"Baku": Ötən 5 il ərzində ölkənin bütün sahələrində aşkar
dəyişikliklər göz qabağındadır. Bu gün ölkəniz yüksək inkişaf
dinamikası ilə seçilir. Azərbaycan sözsüz ki, regionda lider
dövlətdir. Bu uğurun sirri nədədir?
Prezident: Mənim fikrimcə, uğurların sirri ilk növbədə ümummilli
lider Heydər Əliyev tərəfindən qoyulan siyasi kursun davam
etdirilməsindədir. Zaman göstərdi ki, bu Azərbaycanı xaos və
dağılmaqdan qurtaran yeganə düzgün siyasi kurs oldu. Gəlin,
Azərbaycanın müstəqilliyinin ilk illərini xatırlayaq. Ölkədə
hərbi-siyasi və mənəvi böhran hökm sürürdü, iqtisadiyyat tamamilə
tənəzzülə uğramışdı. 1993-cü ildə Heydər Əliyev hakimiyyətə
gəldikdən sonra Azərbaycan inkişaf dövrünə qədəm qoydu. Siyasi -
demokratik institutların bərpası, bazar iqtisadiyyatı və müasir
inkişaf başladı. Bütün bunlar, Azərbaycanın dünyada dinamik inkişaf
edən ölkələrdən biri olmasına gətirib çıxartdı. Bu gün Azərbaycanda
keçirilən siyasi islahatlar azad cəmiyyətin yaranması ilə
nəticələndi.
Ölkəmizdə vətəndaşların bütün azadlıqları təmin edilib: söz,
vicdan, mətbuat və başqa azadlıqlar. Stabil siyasi sistem, effektli
sosial siyasət, zəngin təbii sərvətlər, müasir infrastruktur,
əlverişli coğrafi mövqe, təhsil almış gənclik - bütün bunlar
ölkəmizin uğur qazanmasında böyük rolu olan amillərdir.
İqtisadi sahədə son illərdə böyük uğurlara nail olmuşuq. Son 8-9
ildə iqtisadiyyatımız 3 dəfə artıb. Yoxsulluğun səviyyəsi 49
faizdən 6 faizə enib. İşsizlik problemi demək olar ki, köklü
şəkildə həll edilib. Bu gün işsizlik faizi 5,2 faizdir. Biz əsas
infrastruktur layihələrini gerçəkləşdirməyə nail olmuşuq. Bütün
sosial proqramlar həyata keçirilib. Bu gün neft sektorunun
iqtisadiyyatımızın stabilləşdirilməsinə yönələn əsas faktor
olmasına baxmayaraq, qeyri-neft sahəsi də uğurla inkişaf edir. Bu
il bu sahənin inkişafı 10 faiz təşkil edib. Biz qısa zamanda ciddi
iqtisadi islahatlar aparmağa nail olmuşuq. Ölkəmizdə qlobal enerji
və nəqliyyat layihələri həyata keçirilir. Bu gün Azərbaycanın
beynəlxalq aləmdə sabit reytinqi var. Bütün aparıcı reytinq
agentlikləri bizim ölkəmizin inkişafını yüksək qiymətləndirir.
Müasir texnologiyaların, informasiya-kommunikasiya
texnologiyalarının inkişafı ölkəmizin qarşısına qoyulan əsas
prioritet sahələrdəndir.
Azərbaycanın strateji inkişafına səbəb olan əsas amillərdən biri
kimi regionların sosial-iqtisadi inkişaf proqramını qeyd etmək
lazımdır. Bütün regionlarda infrastruktur layihələrinin
gerçəkləşdirilməsi və yeni iş yerlərinin açılması prosesi gedir.
Regionların sosial-iqtisadi inkişafı proqramının icrasından ötən
müddət ərzində 1 milyon 100 iş yeri açılıb ki, onlardan da 800 mini
daimidir.
Azərbaycan tarixən müxtəlif sivilizasiyaların birləşdiyi region
olub. Bu gün ölkəmizdə bütün mədəniyyət və dinlərin birgə mövcud
olduğu əsl tolerant cəmiyyət yaranıb. Bakı Beynəlxalq Humanitar
Forumun keçirilməsi ənənə halını alıb. Azərbaycan millətlərarası və
sivilizasiyalararası dialoqun keçirilməsində böyük təcrübəyə
malikdir. Əminəm ki, bu tolerantlıq bütün dünya üçün nümunə ola
bilər və bu ənənə gələcəkdə də ölkəmizdə davam edəcək.
Azərbaycan artıq böyük idman ölkəsidir. İdmançılarımız Olimpiya
oyunlarında, beynəlxalq idman yarışlarında böyük uğurlar
qazanırlar. Azərbaycan idmanın müxtəlif növləri üzrə Avropa və
beynəlxalq səviyyəli yarışlara ev sahibliyi edir. Bütün ölkədə
olimpiya idman kompleksləri tikilir. Bu məqamda Avropa Komitəsinin
Baş Assambleyasının Birinci Avropa Olimpiya Oyunlarının 2015-ci
ildə Bakıda keçirilməsi barədə qərarını xüsusi qeyd etmək
istəyirəm. Bu mühüm tarixi qərardır.
Azərbaycanın beynəlxalq aləmdə nüfuzu durmadan artır. Azərbaycan
xarici siyasət sahəsində böyük uğurlara nail olub. Ölkəmizin rolu
beynəlxalq miqyasda da möhkəmlənir. Bu gün Azərbaycanın maraqları
nəzərə alınmadan regionda heç bir layihə həyata keçirilmir. Biz
beynəlxalq təşkilatlar çərçivəsində dünyanın əksər ölkələri ilə
uğurlu əməkdaşlıq edirik. 2011-ci ildə Azərbaycanın 155 ölkənin
dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi
ölkəmizin inkişafının sübutu idi.
Ancaq bütün bunlarla bərabər, Azərbaycanla Ermənistan arasında
Dağlıq Qarabaş münaqişəsi hələ də öz həllini tapmayıb. Ermənistanın
təcavüzkar siyasəti Azərbaycan torpaqlarının 20 faizinin işğalına
gətirib çıxarıb. Ermənistanın apardığı etnik təmizləmə siyasəti
nəticəsində bir milyondan artıq soydaşımız qaçqın və məcburi köşkün
düşüb. BMT-nin Təhlükəsizlik Şurasında qəbul edilən 4 qətnamə işğal
olunmuş torpaqlarımızdan erməni işğalçı qüvvələrinin qeyd-şərtsiz
çıxarılmasını tələb edir. Qeyd olunan qətnamələrdən başqa ATƏT,
Avropa Birliyi, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq
qurumlar Azərbaycanın ərazi bütövlüyünün bərpasını tələb ediblər.
Bizim mövqeyimiz ondan ibarətdir ki, münaqişə ancaq Azərbaycanın
ərazi bütövlüyü prinsipi çərçivəsində həll edilməlidir.
"Baku": Mehriban xanım, cənab prezident tərəfindən sadalananların
sirrini nədə görürsünüz?
Birinci xanım: Şübhəsiz ki, Azərbaycanın dinamik inkişafında
məqsədyönlü siyasi və iqtisadi islahatların, neft strategiyasının,
neft-qaz gəlirlərindən səmərəli istifadənin və güclü sosial
siyasətin rolu böyükdür. Bütün bunların mərkəzində insan faktoru
dayanır. Hər şey insan üçündür. Onun azadlığını, təhlükəsizliyini,
yaşayışını təmin etmək dövlətin əsas vəzifəsidir. Biz 21 ildir ki,
müstəqil dövlətik. Müstəqillik - bizim xalqımız üçün çoxdan
gözlənilən, qiymətli dəyər idi. Məqsədimiz və arzumuz inkişaf
etmiş, güclü, azad ölkədə yaşamaqdır. Sözsüz ki, bu, çox güclü
motivasiyadır. Eyni zamanda Azərbaycanın beynəlxalq aləmdə real və
obyektiv imici formalaşıb. Biz öz tarixi köklərimizə, ənənələrimizə
bağlıyıq. Bununla belə dünyaya açığıq. Bizim üçün dözümlülük,
tolerantlıq, multikulturalizim təkcə son zamanlar dəbdə olan sözlər
deyil. Bu, Azərbaycan xalqının çoxəsrlik həyat tərzi və
fəlsəfəsidir. Bu gün ölkəmiz siyasi, mədəni və iqtisadi sferalarda
çox sayda beynəlxalq konfrans, forum və görüşlərin keçirildiyi
ölkədir. Bu qədim ənənələrin müasir tendensiyasıdır. Ölkəmizə gələn
hər bir qonaq xalqımızın qonaqpərvərliyi və genişürəkliliyinin
şahidi olur. Buna ən yaxşı misal ötən il ölkəmizdə keçirilən
"Avroviziya- 2012" musiqi yarışmasıdır. Biz təşkilatçılardan belə
bir mədəni tədbirin yüksək səviyyədə keçirilməsinə görə layiqli
qiymət aldıq. Bütün dünyadan minlərlə qonaq ölkəmizlə tanış oldu,
Bakının gözəlliyinə əmin oldu və xalqımızın sülhsevərliyinə,
qonaqpərvərliyinə heyran qaldı. Bizim nəslin bəxti gətirib ki,
Azərbaycanın böyük dəyişiklik proseslərinin şahidi və iştirakçısı
ola bilərik. Sadəcə Vətəni sevmək və onu qiymətləndirmək
lazımdır.
"Baku": Bakı öz əfsanəvi gözəlliyi ilə bütün qonaqları heyran edən
mədəni və sivilizasiya mərkəzinə çevrilib. Burada inanılmaz tikinti
bumu yaşanır. Siz Bakının müasir görüntüsünü necə xarakterizə
edərdiniz?
Prezident: Bu gün hər bir azərbaycanlı fəxr edə bilər ki, Bakı
dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib. Biz bunu görürük,
qonaqlarımız da etiraf edir. Təsadüfi deyil ki, 2009-cu ildə Bakı
İSESKO-nun islam mədəniyyəti paytaxtı elan edilmişdi. Bu, bizim
paytaxtımıza verilən böyük qiymət idi. Bu gün Bakıda genişmiqyaslı
infrostruktur layihələri həyata keçirilir. Sevindirici haldır ki,
müasirləşən Bakı öz tarixi simasını da qoruyub saxlayıb. Özündə
Avropa və şərq arxitekturasını birləşdirən paytaxtımıza gələn
qonaqların sayı durmadan artır. Bu gün Bakı beynəlxalq tədbirlərin
keçirildiyi məkana çevrilib. Biz gələcəkdə də Bakının inkişafı üçün
tədbirlərimizi davam etdirəcəyik.
Birinci xanım: Mənim üçün Bakı həmişə əvəzolunmaz aurası olan gözəl
şəhər olub. Qədim şəhər, Dənizkənarı bulvar, Fəvvarələr meydanı,
Neftçilər prospekti, Bakı Venesiyası, Funikulyor - hər bir bakılı
üçün bu yerlər artıq kult hesab edilir. Öz sevimli şəhərinin ona
layiq olan gözəlliyə qovuşmasını görmək xoşbəxtlikdir. O, necə də
təmiz və baxımlıdır. Onun qədim tarixi siması və eyni zamanda
tamamilə yeni, müasir siması formalaşır. Yenidənqurma işlərinin
mərkəzdən kənarlara çıxması göz qabağındadır. Yarıdağılmış
tikililərin yerində Avropasayağı, rahat və gözəl parklar salınır.
Qeyri-adi arxitektura, xüsusi mədəni estetikaya malik zonalar
yaranır. Məsələn, yaxın gələcəkdə "Baky Art City" layihəsi başa
çatacaq. Xəzər dənizinin sahilində Dənizkənarı bulvarın davamında
özünəməxsus qalereyalar, salonlar, muzeylər və sərgi meydançaları
olan incəsənət mərkəzi yaradılacaq. 20-ci əsrin sənaye
arxitekturasının bazasında paytaxtımız üçün tamamilə yeni, yaradıcı
ruhu olan mini-şəhərcik yaradılacaq.
"Baku": Həyatınızda son 5 ildə nə dəyişib?
Birinci xanım: Son 5 ilin ən xoşbəxt, yaddaqalan hadisəsi kimi
nəvələrimizin dünyaya gəlməsini hesab edirəm. Uşağın doğulması
həmişə böyük xoşbəxtlik və Tanrının nemətidir. Bu, insanın həyatın
dəyişən və həyata tamamilə fərqli baxmağa vadar edən möcüzədir.
"Baku": Oxucularımıza yeni ildə arzularınız.
Prezident: Mən "Baku" jurnalının oxucuları və kollektivini qarşıdan
gələn Yeni İl və 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü münasibətilə təbrik edir, kollektivə yeni yaradıcılıq uğurları
və sağlamlıq arzulayıram.
Birinci xanım: Qoy hər kəsin həyatında işıqlı və gözəl günlər daha
çox olsun! Qoy ümidlər doğrulsun və arzular yerinə yetsin! Hamıya
sağlamlıq, xoşbəxtlik və sevgi arzulayıram!