"Daş Yuxular"ı daşa basdılar
7 Fevral 2013 16:20 (UTC+04:00)
Bu gün hakim Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin bir
qrup üzvü və millət vəkilləri Nizami Cəfərov və Musa Quliyevin
iştirakı ilə Əkrəm Əylislinin "Daş Yuxular" əsəri müzakirə olunub.
Tədbiri giriş sözü ilə açan YAP Gənclər Birliynin sədri Seymur
Orucov deyib ki, bu əsər xalqımızı aşağıladan bir əsərdir. "Əkrəm
Əylisli bəlkə də çoxlarının gözündə qabiliyyətli bir yazıçı kimi
tanınıb, lakin Azərbaycan xalqında bu günə qədər bu dərəcədə
millətini, dinini, etnik quruluşunu təhqir edən birisi olmayıb", -
Orucov deyib. O qeyd edib ki, YAP gəncləri ölkə başçısının Əkrəm
Əylislinin xalq yazıçısı və Prezident təqaüdündən məhrum edilməsi
haqqında sərəncamını alqışlayır. Millət vəkili Nizami Cəfərov
bildirib ki, Əkrəm Əylisli o mükafatları alan zaman heç də hamı
bunun tərəfdarı olmayıb. "Əkrəm Əylisli haqqında daim siyasi
məzmunlu belə bir fikir olub ki, "bu adam bu gün bir cür danışır,
sabah başqa cür danışır". Gah mükafat alır, gah o mükafatdan imtina
edir, gah tərifləyir, gah da pisləyir və sair", - Cəfərov
deyib.
Deputat Musa Quliyev isə deyib ki, yazıçının əsərində roman
kateqoriyasına uyğunluq azdır. "Bu, siyasi məqsədlərə xidmət edən
bir yazı hesab edilir. Burada göstərilir ki, guya azərbaycanlılar
Əylis kəndinin timsalında ərazimizdə yaşayan erməniləri
qəddarcasına öldürüb və onların evlərində yaşamağa başlayıblar", -
Quliyev deyib.
O, əsərin həddindən artıq yalan və iftiradan ibarət olduğunu
bildirib.