«Bakcell» məhkəmədə «Azercell»i uddu
11 Fevral 2013 10:20 (UTC+04:00)
Azərbaycanın ilk mobil rabitə operatoru olan "Bakcell" şirkəti
ölkənin aparıcı mobil rabitə operatoru – "Azercell Telekom"
şirkətinə qarşı arabağlantı tarifi üzrə qaldırdığı iddia ilə bağlı
məhkəmə işini udub. Movqe.az-a "Bakcell"dən verilən məlumata
görə, 2011-ci il iyulun 26-da 1 saylı Bakı İnzibati-İqtisadi
Məhkəməsinin 2iqt(81)-1189/2011 saylı iş üzrə qətnaməsi ilə iddiaçı
"Bakcell" MMC-nin cavabdeh "Azercell Telekom" MMC-yə qarşı 1 avqust
2006-cı il tarixli Arabağlantı Müqaviləsinə Əlavə Razılaşmanın 3
aprel 2009-cu il tarixindən bağlanılmış hesab olunması və 15 mln.
manatdan artıq həcmdə zərərin ödənilməsi barədə iddia ərizəsi təmin
edilib.
"Biz məhkəmənin qərarından və haqq-ədalətin öz yerini tapmasından
məmnunuq. "Azercell" öz dominant mövqeyindən istifadə edərək digər
operatorları xoşagəlməz vəziyyətdə qoyub. Məhkəmə bu cür mövqeyinə
görə "Azercell"i cəzalandırdı. Xüsusi olaraq qeyd etmək istərdim
ki, bu məhkəmə mübahisəsinin nəticəsində istehlakçılar, yəni mobil
rabitənin sadə istifadəçiləri qalib gəldi. "Bakcell" öz
abunəçilərinə daha da əlverişli qiymətlərlə yüksək keyfiyyətli
mobil rabitə xidmətləri göstərməyə davam edəcək", - deyə
"Bakcell"in baş icraçı direktoru Riçard Şirer bildirib. Bakı
Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 iyul
2012-ci il tarixli, 2-1(103)-290/2012 saylı qətnaməsi ilə cavabdeh
"Azercell Telekom" MMC tərəfindən verilmiş apelyasiya şikayəti
təmin edilməyib və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin
2iqt(81)-1189/2011 saylı iş üzrə qəbul etdiyi 26 iyul 2011-ci il
tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Nəhayət, Ali
Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 6 fevral 2013-cü il
tarixli qərarı ilə cavabdeh "Azercell Telekom" MMC tərəfindən Bakı
Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27
iyul 2012-ci il tarixli, 2-1(103)-290/2012 saylı qətnaməsindən
verilmiş kasasiya şikayəti də təmin edilməyib. Beləliklə,
"Bakcell"in müvafiq iddiası üzrə 2 il ərzində cavabdeh "Azercell"in
məhkəmə şikayətlərində göstərdiyi dəlillər qəbul olunmayıb və
iddiaçı "Bakcell"in arabağlantı tarifi ilə bağlı bütün tələbləri
Azərbaycanın hər bir instansiya məhkəməsi tərəfindən təmin edilib.
Qeyd edək ki, mobil operatorlar şəbəkəxarici zənglərin hər
dəqiqəsinə görə bir-birinə haqq ödəyir və bu "arabağlantı
tarifi" adlanır. 2009-cu ilin aprel ayında Azərbaycan Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən GSM
operatorları üçün arabağlantı tarifi 0,02 AZN səviyyəsində müəyyən
edilib. Bununla əlaqədar "Bakcell" şirkəti "Azercell"ə arabağlantı
tarifinin azaldılması təklifi ilə müraciət edib, lakin qarşı tərəf
mövcud tarifin (0,05 AZN/1 dəq.) qaneedici olduğunu bildirib.
Arabağlantı tarifinin Nazirlik tərəfindən müəyyən edilmiş
səviyyədən yüksək olması "Bakcell"in öz müştəriləri üçün qiymətləri
endirmək imkanlarını məhdudlaşdırmaqla yanaşı, ümumiyyətlə, mobil
rabitə bazarına mənfi təsir göstərib. RİTN tərəfindən 2009-cu ilin
aprel ayında qəbul edilmiş müvafiq normativ aktdan sonra "Bakcell"
arabağlantı tarifini 2 qəpik səviyyəsində tətbiq etmək üçün səy
göstərib. Yeni arabağlantı tarifi istifadəçilər üçün pərakəndə
tarif qiymətlərinin kəskin endirilməsinə səbəb ola bilərdi. Lakin
"Azercell" bu məsələ üzrə əməkdaşlıq etməyə razı olmayıb və RİTN
tərəfindən qəbul olunmuş sənədin tələbini yerinə yetirməkdən boyun
qaçırıb. Beləliklə, "Azercell" son vaxtlara qədər çox yüksək
pərakəndə qiymətlərini saxlayıb və yalnız bu yaxınlarda - pərakəndə
tarifin endirilməsi istiqamətində bazarda "Bakcell"in təşəbbüsü ilə
artan təzyiqlər nəticəsində müştərilər üçün qiymətləri endirmək
məcburiyyətində qalıb. "Azercell"in son 3 il ərzində RTİN-in
müvafiq normativ aktını yerinə yetirməkdən imtina etməsi və bunun
nəticəsində müştərilərə olduqca yüksək qiymətlərin tətbiq olunması
ona gətirib çıxarıb ki, arabağlantı tarifinin və pərakəndə
qiymətlərinin azaldılmasına nail olmaq üçün "Bakcell" məhkəmə
proseduralarına müraciət etməyə məcbur olub. Xatırladaq ki,
"Bakcell" şirkəti Azərbaycanın mobil rabitə bazarında 1994-cü
ildən, "Azercell Telekom" isə 1996-cı ildən fəaliyyət göstərir.
Hazırda şirkətlərin müvafiq olaraq 2,5 mln. və 4,4 mln. abunəçisi
mövcuddur.