Əlaqə Arxiv
news Image
2017.06.07
10:10
| A A A
Dollara tələb sürətlə azalır
Cəfər İbrahimli: “Cari ildə dolların kursu və dövriyyəsində hər hansı bir sürətli dəyişiklik gözlənilmir” Yaşar Əsədov: “Daxili bazarda birmənalı olaraq yalnız ölkəmizin öz milli valyutası fəaliyyət göstərməlidir”

Bu gün banklardan dollarla kredit götürülmür. Belə vəziyyət əhali tərəfindən banklarda dollara tələbi azaldır. Yaranmış durum dolların Azərbaycanda dövriyyə və kursuna nə vəd edir? 

«Kapital Menecment» İnvestisiya şirkətinin direktoru Cəfər İbrahimlinin fikrincə, 2017-ci il ərzində dolların kursu və dövriyyəsində sürətli dəyişiklik gözlənilmir: “Son proseslərdən sonra tətbiq olunan yeni kreditləşmə qaydalarına görə dollarla kredit vermək məsələsində bankların özlərinə məhdudiyyət tətbiq olunub. Bu baxımdan məhdudiyyətin tətbiqi dollarla kreditləşməyə problem yaradıb. Bankların əlinə likvidlik dollar vəsaitinin yığılmasının səbəbi də məhz budur.
Həmçinin, dollara tələbin azalmasında da yeni kreditləşmə qaydalarının tətbiq edilməsinin təsiri vardır. Amma hər şeyə rəğmən, prosesin ölkədə dolların dövriyyə və kursuna nə kimi təsir edəcəyinə gəldikdə, bu istiqamətdə tədiyyə balansının diqqət mərkəzində olması qənaətindəyik.  
Tədiyyə balansında müsbət saldo yaranmasa, neftin qiyməti, ölkənin ixrac potensialı artmasa, məzənnə üzərində daimi basqılar yaranacaq. Kreditləşmənin məhdudlaşması və bazarın daralması, istənilən səviyyədə iqtisadi aktivliyin müşahidə olunmaması istər-istəməz valyutaya tələbi azaldıb. O da öz növbəsində banklarda likvidlik yaradıb. 
Banklarda dollar likvidliyi olduğu dövrdə isə kursa ciddi təsir imkanları dolayısı ilə məhdudlaşır.   Dolların kurs və dövriyyəsilə bağlı uzun müddətli perspektiv üçün o qənaətdəyik ki, tədiyyə balansına baxmaq lazımdır. İstər-istəməz ixracyönümlü şirkətlərin işi artacaq,  idxalla məşğul olan şirkətlərin işləri böyüyəcəksə, o zaman onların valyuta alma tələbi də artacaq. Bu fonda da müəyyən qədər kurs üzərində basqı yarana bilər. 
2017-ci il üçün Mərkəzi Bankın fiskal siyasəti və iqtisadi aktivliyin bütün parametrlərini nəzərə alsaq, cari ildə dolların kursu və dövriyyəsində hər hansı bir sürətli dəyişiklik gözlənilmir. Daha dəqiq fikri isə ilin sonuna doğru bildirmək mümkün olacaq”. 
İqtisadçı-ekspert Yaşar Əsədov bildirdi ki, dolların kursu ilə bağlı tendensiyalar əslində, dünyada cərəyan edən proseslərdən asılı bir məsələdir: “Azərbaycan suveren unitar dövlətdir. Daxili bazarda birmənalı olaraq yalnız ölkəmizin öz milli valyutası fəaliyyət göstərməlidir.  
Azərbaycan müstəqillik əldə etdiyi ilk çağlarda həqiqətən də dollar güclü mövqeyə malik idi. Bu hal özünü bütün postsovet məkanında göstərirdi. İndi isə elə bir zamana gəlmişik ki, bəzi ölkələr qarşılıqlı ticarətdə dollarla hesablaşmalardan vaz keçir və prosesi milli valyutalarla aparırlar. Azərbaycanda da anoloji şərait yetişmək üzrədir. Dolların kursu və dövriyyəsi məsələsinə gəldikdə, bu Azərbaycan daxili məsələ deyil, ümumdünya tendensiyasıdır. Azərbaycan da dünya ilə bağlıdır, təcrid olunmayıb. Maliyyə və iqtisadi cəhətdən dünyaya qovuşmuş, inteqrasiya olunmuş bir ölkəyik. Ona görə qlobal tendensiyalar öz təsirini Azərbaycana da göstərir. Banklardan dollarla kredit götürmək məsələsinə gəldikdə, vaxtilə ondan yararlanan vətəndaşlar indi elə vəziyyətə düşüblər ki, artıq hamı prosesdən xəbərdardır”. 

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz