Əlaqə Arxiv
news Image
2017.06.07
09:07
| A A A
İdxal məhsullarında qiymət dəyişikliyinin maraqlı səbəbləri açıqlandı
Ruslan Atakişiyev: “İdxal qiymətlərində bir çox amillər nəzərə alınır” Qubad İbadoğlu: “Dolların, manatın məzənnəsi qiymətlərə təsir edən yeganə amil kimi dəyərləndirilməməlidir”

Son hərracda manatın dollara olan məzənnəsi 1,7022 səviyyəsində formalaşıb. Hansı ki, son beş aydır, manatın-dollara olan nisbəti təxmini bu həddə sabitləşib. Proqnozlara əsasən, cari il ərzində vəziyyətin dəyişməsi gözlənilmir. Belə vəziyyətdə diqqəti çəkən məqam idxal edilən ərzaq məhsullarının qiymətin necə dəyişəcəyidir. İlk baxışda onların da qiymətinin sabitləşəcəyi gözlənilir. Ancaq iqtisadçıların fikrincə, burada digər bir neçə amil də rol oynayır. 

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev bildirdi ki, idxal olunan məhsullarının qiyməti yalnız dollar-manat münasibətinə görə formalaşmır: “İdxal qiymətlərində bir çox amillər nəzərə alınır. Düzdür, başlıca amil milli valyutanın xarici valyutalara nisbətən məzənnəsidir. Ancaq gömrük rüsumları, vergilər, daşımalarla bağlı tələblər də qiymətə təsir göstərən amildir. 
Bundan başqa təchizatçı şirkətlərin qiymətləri qaldırması ehtimalı da var. Tikinti materiallarının qiymətini buna  əyani misal göstərə bilərik. Belə ki, ilin əvvəlində tikinti materiallarının qiymətində bahalaşma müşahidə olundu. Amma sonradan manatın güclənməsi nəticəsində qiymətlər ucuzlaşdı. Manatın uzunmüdətli stabilləşməsinə baxmayaraq, hazırda qiymətlərin artımını bir sıra amillərlə əlaqələndirmək olar. İlk növbədə ölkədə iqtisadiyyatda şəffaflığın artırılması istiqamətində işlər həyata keçirilir. Nağdsız ödənişlərlə bağlı qanun qəbul olundu, vergi sahəsində islahatlar həyata keçirildi. Satış mərkəzləri əvvəllər müəyyən qədər vergidən yayına bilirdi. İndi isə bu, bir qədər çətinləşib. Bu baxımdan daha çox gəlir əldə etmək üçün qiymətləri artırırlar”. 
 “Qiymətlər üzərində monitorinq aparmasaq da, istehsalçı kimi müşahidələr göstərir ki, qiymətlər hələ də sabitləşməyib”. Bu sözləri İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qubad İbadoğlu bildirdi: “Xüsusən də idxal mallarının arasında devalvasiyadan sonrakı dövrə müxtəlif reaksiyalar var. 
Devalvasiyadan sonra bəzi məhsulların qiymətinin ucuzlaşması, bəzilərinin sabitləşməsi, bəzilərinin isə bahalaşması müşahidə olunur. Məsələn, banan idxal məhsuludur. Devalvasiya dövründə banan indikindən ucuz idi. Manatın məzənnəsinin sabitləşdiyi dövrdə bananın qiymətinin bahalaşdı. Odur ki, buna müxtəlif cür yanaşmaq olar. Yəni dolların, manatın məzənnəsi qiymətlərə təsir edən yeganə amil kimi dəyərləndirilməməlidir. Burada idxalda rəqabət mühitinin zəif olması da rol oynayır. Rəqabət zəif olduqca idxalçı şirkətlər yuxarı qiymətə məhsul sata bilirlər. Onların qiymət siyasətində manatın məzənnəsində baş verən dəyişikliklər müşahidə olunmur”. 

Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz