Əlaqə Arxiv
news Image
2017.06.22
09:40
| A A A
Banklar kreditlərlə bağlı vacib yeniliklərlə start verirlər
Natiq Cəfərli: “Kreditlərin dayanması bankları böyük valyutadəyişmə məntəqəsinə çevirib” Əkrəm Həsənov: “Bu gün kredit götürmək istəyənlər az deyil”

Son günlərdə bir sıra böyük banklar yeni kredit kampaniyalarına başlayıblar. Belə görünür, banklar yenidən kredit verilməsində maraqlı tərəf kimi çıxış etməyə cəhd göstərirlər. İqtisadçıların fikrincə, bu üsulla banklar kreditləşməni bərpa etməyə çalışırlar. 

İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, hələlik yalnız büdcə təşkilatı işçilərinə müəyyən kredit kampaniyaları təklif olunduğu görünür: “Bəzi banklar tərəfindən əsasən də hərbçilərə müəyyən stimullaşdırıcı təkliflər irəli sürülüb. Əslində, banklar kreditləşmənin canlanmasında maraqlıdırlar. Çünki onların əsas gəlir mənbəyi kreditlər idi. Kreditlərin dayanması bankları böyük valyutadəyişmə məntəqəsinə çevirib. Yalnız valyutadəyişmə əməliyyatlarından vəsait əldə edə bilirlər. Ona görə də bankların özləri kredit prosesinin canlanmasında maraqlıdırlar. 
Əsas məsələ odur ki, təklif etdikləri şərtlər büdcə təşkilatında çalışanların əmək haqlarına uyğun olmalıdır. Ancaq iqtisdiyyatda əsasən biznes kreditləri canlanma yaradır. Bankarın hazırda təklif etdikləri kampaniya istehlak kreditlərinə aiddir. İstehlak kreditlərindən insanlar adətən gündəlik tələbatını ödəmək üçün istifadə edirlər. Düzdür, gündəlik tələbatda da iqtisadi aktivlik elementi var. Ancaq hələlik bu məsələdə kütləvi şəkildə canlanmanın yarandığını söyləmək tez olardı. Banklar digər kateqoriyaya aid olan insanlara, əsasən də biznesə cəlbedici təkliflər irəli sürməlidirlər. Ancaq bundan sonra kreditləşmənin canlanması haqqında danışmaq mümkündür. Onu da nəzərə almaq lazımdır ki, problemli krditlərin həcminin artımı səbəbi ilə banklar kredit şərtlərini sərtləşdiriblər”. 
Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov isə bankların bu addımını epizodik qiymətləndirdi: “Əslində, bu gün kredit götürmək istəyənlər az deyil. Amma banklar da hər insana kredit verməkdə maraqlı deyil. Banklar əvvəlki kimi hamıya kredit vermirlər. O baxımdan reklamlar daha çox imkanı olanlar üçündür. Çünki imkanı olanın hamısı kredit almaq üçün banklara getmirlər. Reklamlar da sırf onlar üçün hesablanıb. 
Düzdür, həmin insanların müəyyən hissəsini bu kampaniyalar şirnikləndirə bilər. Amma kampaniyaların hər kəsi cəlb edəcəyi inandırıcı görünmür. Əvvəllər də belə olub. İnsanların əksəriyyətinə kredit lazım deyil. Yəni bu məsələdə reklam öz işini görür. Ona görə də sözügedən kampaniyalar sayəsində kütləvi kreditləşmənin bərpası inandırıcı görünmür”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz