Avropa ölkələrində, məsələn, Almaniyada xarici valyuta alışı və ya satışı üçün əlavə komisyon haqları tutulur. Bu səbəbdən Avropada xarici valyuta alış-satışına əhalinin marağı çox azdır. Son illər ölkəmizdə valyuta mövzusunda yaşanan aktivlik oxşar təcrübənin bizdə də tətbiqini gündəmə gətirir.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirdi ki, xarici valyutanın alqı-satqısı prosesi zamanı komisyon haqlarının müəyyənləşməsi bəzi ölkələrdə var: “Xüsusən də Mərkəzi-Şərqi Avropa ölkələrində bu praktika tətbiq olunur. Ancaq Mərkəzi-Şərqi Avropa ölkələrində bəzi valyutadəyişmə məntəqələri komisyon haqqı tələb etməməklə daha çox insan cəlb etməyə çalışır.
Oxşar praktikanın Azərbaycanda tətbiq edilməsi məqbul görünmür. Nəzərə alaq ki, bu cür praktika heç də bütün inkişaf etmiş ölkələrdə yoxdur. Tətbiq olunan ölkələrdə bir tərəfdən nağd vəsaitin istifadəsi olduqca məhduddur. İnfrastruktur plastik kartlardan istənilən yerdə istifadə olunmasına imkan verir. ABŞ-da ümumiyyətlə, valyutanı dəyişmək üçün yerlər tapmaq çətindir. Bu da onunla bağlıdır ki, plastik kartın istifadəsi ilə bağlı infrastruktur olduqca geniş inkişaf edib. Eləcə də inkişaf etmiş ölkələdə xarici valyutaya tələb azdır. Yəni, bir tərəfdən plastik kartlarla bağlı formalaşmış infrastruktur, digər tərəfdən həmin valyutaların işlənmə dairəsinin genişliyi xarici valyutaya tələbin azalmasına gətirib çıxarır.
Azərbaycan postneft dövrünə qədəm qoymuş ölkədir. Bu dövrdə valyutaya tələb yüksəkdir. Çünki idxal, texnologiyaya ehiyac var. Bu mənada sözügedən praktikanın ölkəmizdə tətbiqi hələlik arzuedilən olmazdı. Çünki bu, nəticə etibarı ilə valyutanın bahalaşmasına gətirib çıxara bilər. Həm də bir sıra valyutadəyişmə məntəqələri üçün spekulyativ gəlir əldə etmək imkanları yarada bilər”.
Bank məsələləri üzrə digər mütəxəssis Əkrəm Həsənov bildirdi ki, Azərbaycanda da banklarda komisyon haqqının tutulmasına məhdudiyyət yoxdur: “Banklar istəsələr, bunu tətbiq edə bilərlər. Bizim banklar onsuz da məzənnə fərqindən gəlir əldə edirlər. Yəni iki yolu var. Ya Mərkəzi Bankın məzənnəsindən fərqli məzənnə təyin edib, ya da komisyon haqq müəyyən edərək qazanc götürmək. Son nəticədə həm bank, həm də isehlakçı üçün fərq yaranmır. Odur ki, banklar bu üsuldan da istifadə edə bilərlər. Bankların bu gün tutduğu məzənnə fərqi öz mahiyyətinə görə elə komisyon haqdır”.
Ekspert əlavə etdi ki, Avropa ölkələri əsasən öz valyutalarından istifadə edirlər: “Həm ödəniş, həm də yığım vasitəsi kimi milli valyutaya üstünlük verirlər. Bizdə isə ödəniş vasitəsi kimi manatdan istifadə olunur. Lakin yığım vasitəsi kimi insanlar əsasən dollara üstünlük verir. Ona görə də insanlar xarici valyuta almağa meyllidirlər”.
Mübariz BAYRAMOV