Əlaqə Arxiv
news Image
2017.08.10
09:00
| A A A
Manatın mövqeyi dollara nisbətdə daha sürətlə möhkəmlənir
Cəfər İbrahimli: “Artıq insanların dollara olan marağında bir qədər səngimə müşahidə edilir” Əkrəm Həsənov: “Mərkəzi Bank kreditləşməni bu səviyyədə saxlasa, manatın məzənnəsi düşməyəcək”

Son üç ayda Dövlət Neft Fondu (ARDNF) tərəfindən hərraclara çıxarılan dolların həcminin azalması müşahidə edilir. Belə ki, ötən ay ərzində ARDNF tərəfindən 253,2 milyon dollar məbləğində vəsait satılıb. Halbuki, 2017-ci ilin iyun ayı ərzində bu rəqəm 373,2 milyon dollar olub. Yəni, göründüyü kimi, bir ay ərzində 120 milyon dollar azalma var. İqtisadçılar hərraclarda dollara tələbin azalmasını müxtəlif amillərlə izah edirlər.  Hətta bu fonda manatın bahalaşma ehtimalı da görünür. 

Bank məsələləri üzrə ekspert Cəfər İbrahimli bildirdi ki, ARDNF və Mərkəzi Bank bazarın tələbinə uyğun valyuta satmağa başladığı üçün valyutaya bir qədər də sabitlik gəlib: “Ondan sonra ajiotaj ortadan qalxıb. Artıq insanların dollara olan marağında bir qədər səngimə müşahidə edilir. Tələbin azalması ilə bağlı ilk amil budur. 
İkincisi, əhalinin vəsaitlərinin böyük hissəsi manatla olan əmanətlər idi. Son iki il ərazində manatla olan əmanətlər dollara çevrildiyi üçün bankların valyuta mövqelərindəki açıqlıq dollara kəskin tələb yaradırdı. Bu mənada banklar vəsait alıb valyuta mövqeyini tənzimləmək istəyirdi. Cari ildə isə dollara olan tələb azalıb, həm də bankların əmanətlərində dollarlaşma prosesi getmir. Bunların fonunda onu da nəzərə alaq ki, yay dönəmində iqtisadi aktivlik aşağı olur. Bu mənada məzənnə tələbinin azalması müşahidə edilirdi.  Real olaraq hər il yay dönəmində iqtisadi aktivlik aşağı düşür. Bu baxımdan dollara tələb azalıb. Rəqəmlər də gündəlik tələbat məhsullarının idxalında azalmanın yaşandığını göstərir. İdxal məhsullarının qiymətinin artması yerli məhsullara tələbi artırıb. O mənada idxalda səngimə var. Yəni, ümumi tələb-təklif fonunda tələbin azaldığı görünür. Tələb azaldığı üçün Mərkəzi Bank və ARDNF-in hərraca çıxardığı vəsait azalıb”.
İqtisadçı əlavə etdi ki, il başlayanda manat kifayət qədər güclənib: “Bu səviyyədən artıq güclənməsi hökumətin siyasətinə uyğun deyil. Prosesləri bu ilin sonuna qədər gözləmək lazım gələcək. Ancaq hazırda belə görünür ki, manat bir qədər də güclənə bilər. Ümumiyyətlə, istənilən dövr üçün kurs müdaxilə edilib stabilləşdirilməlidir. Əks təqdirdə biznes mühiti çətinlik çəkir. İqtisadiyyata müsbət təsirlər üçün bu tendnesiyanın davamlılığı şərtdir. Mərkəzi Bankın müdaxiləsi ilə manatın məzənnəsini stabil saxlamaq məsləhətlidir. Manatın kəskin bahalaşması və ya ucuzlaşması iqtisadiyyat üçün o qədər də faydalı deyil”.
Bank məsələləri üzrə digər ekspert Əkrəm Həsənov hesab edir ki, bunun ilk səbəbi dövriyyədəki milli valyutanın həcminin az olmasıdır: “Dollar almaq üçün yetəri qədər milli valyuta yoxdur. Bu da dollara olan tələbi azaldıb. İkinci səbəb isə iqtisadi aktivliyin zəifləməsidir. Adətən, yay aylarında bu cür olur. Payız aylarında yenidən aktivlik artacaq. İlin sonuna isə aktivlik pik nöqtəyə çatır”.
Ekspertin əlavə etdi ki, əgər Mərkəz Bank banklara kredit verməyə məcbur olsa, manatın məzənnəsi zəifləyəcək: “Hələlik Mərkəzi Bank kreditləşməni azaldıb. Banklara kredit az verir. Mərkəzi Bank kreditləşməni bu səviyyədə saxlasa, manatın məzənnəsi düşməyəcək. Amma Mərkəzi Bank kreditləşməni artırmağa məcbur olacaq. Çünki iqtisadiyyatda aktivliyi təmin etmək üçün dövriyyədə pul qıtlığını aradan qaldırmaq lazımdır”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz