Əlaqə Arxiv
news Image
2017.10.19
09:45
| A A A
Bank sektorunda mühüm dəyişikliklər başlanır
Rəşad Həsənov: “Birləşmə istiqamətində ciddi addımlar atılmasa, sonrakı dövrlərdə bir sıra banklar bağlanmağa məcbur olacaq” Vahid Əhmədov: “Bankların birləşməsi mümkündür, ancaq öncə sağlamlaşdırılmalıdırlar”

Ölkədə bəzi banklarda bankların kapital çatışmazlığı müşahidə olunur. Bu fonda təklif edilir ki, həmin problemlə üzləşən bankların birləşməsi həyata keçsin. Belə birləşmə mümkündürmü? Əks halda kapital çatışmazlığı ilə üzləşən bankları nə gözləyir?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov bildirdi ki, birləşmə istiqamətində ciddi addımlar atılmasa, sonrakı dövrlərdə bir sıra banklar bağlanmağa məcbur olacaq: 
“Bank sektorunda çətinliklə üzləşən bankların birləşməsi istiqamətində aparılan müzakirələr hələlik heç bir real nəticə verməyib. Faktiki olaraq, 2014-cü ildən sonra hökumət sağlamlaşdırma istiqamətində atdığı addımlar fonunda bankların birləşdirilməsi məsələsini gündəmə gətirdi. Amma sonradan açıqlamalar səsləndi ki, banklar birləşməyə maraqlı deyillər. 
Son günlərdə Banklar Assosiasiyasının prezidenti tərəfindən belə fikir səsləndi ki, “Rabitə Bank” və “AzərQazbank”ın birləşməsi imkanları mümkündür. Onların bu istiqamətdə danışıqlara hazır olduğu söylənildi. Belə görünür ki, reallığı dərk etdikcə banklar birləşmə istiqamətində daha effektiv tədbirlərin görülməsinə ehtiyac hiss edəcəklər. Əvvəlki dövrlərdə isə ümid edirdilər ki, hansısa formada problemdən çıxa biləcəklər. Amma artıq prosesin başlanmasından 3 ilə yaxın vaxt keçsə də, heç bir ciddi dəyişiklik baş verməyib. 
Bu baxımdan da mümkündür ki, növbəti dövrlərdə bir sıra bankların birləşməsi prosesini müşahidə edək. Lakin bununla belə kapital çatışmamazlığı məsələsinin indilikdə həll ediləcəyinin mümkün olacağını düşünmürəm. Çünki kapital çatışmamazlığı əksər hallarda daha çox zərərlə işləyən banklarda müşahidə olunur. 
Eyni zamanda, problemli kreditlərin həcmi artır. Bu da prosesə öz mənfi təsirini göstərir. Bütün hallarda birləşmə istiqamətində ciddi nəticələr əldə olunmasa, növbəti dövrlərdə artıq bir sıra bankların bağlanması prosesinin başlandığını görəcəyik”. 
Milli Məclisin deputatı Vahid Əhmədov bankların birləşməsini mümkün hesab etdi. Lakin onun fikrincə, bundan öncə onların sağlamlaşdırılması istiqamətində addımlar atılmalıdır: “Ölkədə sözün həqiqi mənasında kapital çatışmazlığı ilə üzləşən banklar var. Son zamanlar görürük ki, bir sıra bankları bağlayırlar. Sonra da vətəndaşların ora yatırdığı əmanətlərin taleyi sual altında qalır. Məsələn, “Standart Bank”, “Röyal Bank”dakı problemli məsələlərlə bağlı olaraq bizə müraciətlər daxil olub. Ona görə də bankların birləşməsi mümkündür. 
Lakin birləşdirməmişdən öncə onların sağlamlaşdırılması məsələsinə baxılmalıdır ki, banklarda problem olmasın. Yoxsa, bir bankın problemini digərinin üzərinə atmaqla həmin bankın problemini həll etmək olmaz. Amma sağlamlaşdırmaq və sonra da birləşdirmək lazımdır. Öncə sağlamlaşdırmaq məsləsi öz həllini tapmalıdır”.
 

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz