Əlaqə Arxiv
news Image
2017.12.08
07:00
| A A A
Valyuta ehtiyatları çoxalır
Cəfər İbrahimli: “Mərkəzi Bankın valyuta ehtiyatlarında artımın olması manatın məzənnəsinin stabilləşməsindən sonra gözlənilən idi” Pərviz Heydərov: “2018-ci ildə də Mərkəzi Bankın valyuta ehtiyatlarının bərpası prosesi davam edəcək”

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi açıqlanıb. Mərkəzi Bankın valyuta ehtiyatları 2017-ci il dekabr ayının 1-nə 5 milyard 254,2 milyon  ABŞ dolları təşkil edib. Bu da  ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyard  243,2 milyon  dollar və ya 30,99% artıb. Noyabr ayı ərzində isə Mərkəzi Bankın valyuta ehtiyatları 33,2 milyon dollar və ya 0,64% yüksəlib. İqtisadçıların fikrincə, valyuta ehtiyatlarında dinamik artımı şərtləndirən səbəblər müxtəlifdir.

İqtisadçı-ekspert Cəfər İbrahimli bildirdi ki, Mərkəzi Bankın valyuta ehtiyatlarında artımın olması manatın məzənnəsinin stabilləşməsindən sonra gözlənilən idi: “Əvvəla, Mərkəzin Bankın rezervlərinin kəskin aşağı düşdüyü zamanda qəbul edimiş qərarla Dövlət Neft Fondu Mərkəzi Banka vəsait ötürdü. İkincisi, banklar özlərində olan valyutanın bir hissəsini satışa çıxardı ki, Mərkəzi Bank onu aldı. 
Nəzərə alaq ki, Mərkəzi Bankın rezervlərinin formalaşmasının iki yolu var. Birincisi, Dövlət Neft Fondundan transferlərdir. İkincisi isə banklardan aldığı valyutadır. Mərkəzi Bank dolları alıb qarşılığında banklara manat verir. Eyni zamanda pul bazasının artımı da müşahidə olunur. Bunlar  Mərkəzi Bankın valyuta ehtiyatlarını yavaş-yavaş artırır”.
Ekspert əlavə etdi ki, Mərkəzi Bank 2018-ci ildə də kursu bu cür stabil saxlamaqda qərarlıdır: “Odur ki, Mərkəzi Bankın valyuta ehtiyatının bir qədər də artacağını gözləmək olar. Nəzərə alaq ki, kreditləşmə məsələsində də problem var. Əgər kredit imkanlarının məhdudlaşdırılması aradan qaldırılarsa, bankların manata olan tələbi fonunda dollarları Mərkəzi Banka sata bilərlər. Digər tərəfdən də bankların dollarla kredit vermək çətinlikləri var. Ona görə də bankların manatla kredit vermək məcburiyyətində qalacaqlar. Ola bilsin ki, bu baxımdan Mərkəzi Bankın valyuta ehtiyatları artsın. Lakin əvvəlki səviyyəyə gəlib çatması gözlənilən deyil. Çünki bazar məzənnənin uzun müddət bu cür qalacağına inanmır”.
Digər iqtisadçı-ekspert Pərviz Heydərov bildirdi ki, Mərkəzi Bankın valyuta ehtiyatlarının artması il ərzində ardıcıl proses xarakter daşıyıb: “2014-cu ilin payızında Mərkəzi Bankın valyuta ehtiyatları 15 milyad dollardan yuxarı idi. Lakin neftin qiymətinin düşməsi fonunda Mərkəzi Bankın ehtiyatları azaldı. Hətta iki dəfə devalvasiya belə bu prosesin qarşısını ala bilmədi. Nəticədə 2016-cı ilin yanvarında Mərkəzi Bankın valyuta ehtiyatları 4 milyad dollara qədər düşdü. Bu isə “döşəmə” həddi hesab olunur. Lakin hökumətin həyata keçirdiyi bir sıra tədbirlər, büdcə xərclərinin azaldılması, vergi-büdcə siyasətinin sərtləşdirlməsi, bir sıra xərclərin ixtisar edilməsi sayəsində 2016-cı ildə proses səngidi. 
Bu ilin əvvəlindən səngimənin nəticəsi olaraq Mərkəzi Bankın ehtiyatlarının bərpası prosesinə start verildi. Ən başlıca səbəblərdən biri də neftin dünya bazar qiymətinin sabitləşməsi oldu. Bu il neftin qiyməti 50, son zamanlar isə 60 dollar civarında stabilləşdi. 2017-ci ilin dövlət büdcəsində neftin qiyməti 40, 2018-ci il üçün isə 45 dollar nəzərdə tutulub. Bu isə onu deməyə əsas verir ki, valyuta bazarında sabitlik davam edəcək. 2017-ci ildə tədiyyə balansı da müsbət olub. Bunlara əsasən, 2018-ci ildə də Mərkəzi Bankın valyuta ehtiyatlarının bərpası prosesi davam edəcək”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz