Əlaqə Arxiv
news Image
2017.12.12
08:00
| A A A
Banklar dollar krediti üçün müştəri tapa bilmirlər
Rəşad Həsənov: “Manatın məzənnəsinin sabitliyi fonunda banklar daxilində milli valyuta ilə kredit verməyə maraq artıb” Yaşar Əsədov: “Dollarla kredit verilməsinə maraq yaratmaq üçün atılan addımlardan sırasında şərtlərinin yüngülləşdirilməsi ola bilər”

Banklar dollar kreditləri verməkdə çətinlik çəkirlər. Əhali dollar kreditlərindən imtina edir. Bu vəziyyətdə dollarla verilən kreditlərə marağın artması üçün həmin valyuta və başqa valyuta üzrə verilən kreditlərin şərtlərinin banklar tərəfindən yumşaldılması həyata keçirilə bilərmi?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənovun fikrincə, banklar hələlik kredit verməyə ciddi maraq göstərmədiyindən dollarla kredit verilişinin həcmini artırmaq üçün onların bu istiqamətdə yüngülləşdirici şərtlərlə çıxış etmələri gözlənilmir: “Prosesə təsir edən iki faktor var. Birinci faktor odur ki, faktiki olaraq, son dövrlərdə manatın məzənnəsi sabit olaraq qalır. Manatın məzənnəsinin sabitliyi fonunda isə banklar daxilində milli valyuta ilə kredit verməyə maraq artıb. Çünki banklar manatla krediti daha yüksək faizlə təklif edirlər. O baxımdan ola bilsin, banklar bundan sonrakı dövrlərdə manatla kredit portfelini genişləndirməklə xarici valyutada olan aktivlərini də müəyyən zaman çərçivəsində milli valyutaya çevirsinlər. Amma bu qısa müddətli dövrdə ehtimal olunan  bir məsələdir. Uzun müddətli dövrdə isə təbii ki, banklar valyuta balansının qorunub saxlanılmasına üstünlük verəcək. Çünki ortada risqlər və ondan sığortalanma məsələsi var. 
Banklar onsuz da ABŞ dolları və digər xarici valyuta ilə olan əmanətləri çox aşağı faizlə qəbul edə bilir. Aşağı faiz eyni zamanda valyuta ilə depozit və əmanətlərin valyutada yerləşdirilməsi həcmini xeyli dərəcədə məhdudlaşdırır. Amma buna baxmayaraq, banklar az da olsa, xarici valyuta ilə də müəyyən vəsait cəlb edə bilirlər. Beləliklə də, onlar üçün növbəti dövrlərdə xarici valyutada olan kreditlərin daha aşağı faizlərlə təklif edilməsinə  imkanlar yaranır. Lakin hələlikdə kredit bazarında müşahidə olunan narahatlıq, kreditin qaytarılma qabiliyyətinin zəif olması bankların genişləndirici kredit siyasəti yürütməsini məhdudlaşdıran məqamdır. Ona görə də hələlik sözügedən istiqamətdə böyük döyişikliklər gözləmək doğru deyil.  Çünki banklar kreditləşmədə o qədər də maraqlı deyillər. Bununla belə şərtləri yumşaltmaqla dollarla kredit alışına marağın artımına nail olmaq mümkündür”. 
İqtisadçı-ekspert Yaşar Əsədov bildirdi ki, dollarla kredit alınmasına maraq yaratmaq üçün sözsüz ki, banklar onun alınması üzrə şərtlərin yüngülləşdirilməsinə gedə bilərlər: “Dollarla krediti adətən xarici ticarətlə məşğul olanlar və yaxud əcnəbi ölkələrə səfər edənlər alır. Bu mənada düşünürəm ki, bank dövriyyəsində dollar və digər xarici valyuta ilə kredit verilişinin payı elə də böyük deyil. Ümumiyyətlə, fikrimcə, xarici valyuta ilə kredit verilişini Azərbaycanın maliyyə strukturundan yığışdırmaq lazımdır. Ölkə daxilində bir valyuta, manat işləməli və bütün diqqət də ona työnəlməlidir. Olsa da belə proseslər tək-tük hallarda olmalıdır. Bankların da əsas gəliri iqtisadiyyatın kreditləşməsindən olmalıdır. Ona görə də banklar iqtisadiyyatın genişlənməsində maraqlı olmalıdırlar. 
Ümumiyyətlə, bank institutu da məzh iqtisadiyyatı maliyyələşdirmək üçün yaradılıb. Azərbaycan bankları isə gəlirlərini əsasən istehlak krediti verməklə formalaşdırırdı. Lakin baş verən hadisələr göstərdi ki, bu mövqe perspektivli deyil. Dollarla kredit verilməsinin faizi manatla kredit verilərkən tutulan faizə yaxındırsa, bu, əlbəttə, sələmçi faiz olacaq. Belə olan halda dollarla kredit verilməsinə maraq yaratmaq üçün atılan addımlardan biri də yəqin ki, onun alınması şərtlərinin yüngülləşdirilməsi ola bilər”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz