Əlaqə Arxiv
news Image
2017.12.23
09:00
| A A A
Dollar tələbi azalır
Natiq Cəfərli: “Dollara tələbatın azalmasında rol oynayan səbəb son zamanlar daxili tələbatın ödənilməsi üçün müəyyən işlərin görülməsindən qaynaqlanır” Cəfər İbrahimli: “İlin sonuna doğru idxalın azalması ilə bağlıdır”

Mərkəzi Bankın Dövlət Neft Fondu ilə son hərracları ölkəmizdə  dollara tələbin azaldığını göstərir. Buna səbəb nədir?  

İqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, bayram ərəfəsi iqtisadi aktivliyin azalması və idxal məhsuluna tələbatın aşağı düşməsi dollara marağı azaldıb: “Əslində, cari ayın əvvəlində keçirilən hərraclarda dollara tələbat məsələsində sıçrayış müşahidə edilirdi. Yəni, ona tələbatda artım baş verdi. Hərraclarda həmişə 40-45 milyon manata qədər vəsait satılırdısa, dekabrın əvvəlində olan hərraclardan birində 72 milyon manata qədər vəsait satıldı. Görünür, ilin sonuna doğru dollara tələbat azalıb. 
Bayramlar öncəsi iqtisadi aktivlik müəyyən qədər azalır. İnsanlar bu dövrdə əsasən bayrama köklənirlər. Dollara tələbatın azalmasında rol oynayan ikinci səbəb isə son zamanlar daxili tələbatın ödənilməsi üçün müəyyən işlərin görülməsindən qaynaqlanır. Daxili tələbatın ödənilməsi üçün yerli istehsalın artması, ərzaq və kənd təsərrüfatı istehsalının çoxalması xaricdən gətirilən mal və məhsulun həcmində azalmaların olmasına səbəb oldu. Bu il keçən illə müqayisədə idxalda 30 faizə yaxın azalma baş verdi. Hansı ki, anoloji tendensiya ilin sonuna doğru özünü daha çox göstərməyə başlayıb. 
Daxildə xarici məhsullara tələbatın azalması, həm də yeni il öncəsi iqtisadi aktivliyin zəifləməsi dollara olan tələbatın azalmasına gətirib çıxarıb. Bu fonda gələn ilin ilk ayında tendensiyanın hansı istiqamətdə gedəcəyini izləmək maraqlı olacaq. Gələn ilin əvvəlində ola bilər ki, yeni illə əlaqədar aktivlik müəyyən qədər artsın”.
«PSJ Kapital» Şirkətinin direktor müavini Cəfər İbrahimli hesab edir ki, ilin sonuna doğru idxalın azalması hərraclarda dollara olan tələbatın da aşağı düşməsinə gətirib çıxarıb: “Dollara gözlədiyimiz tələb müşahidə edilmir. Bu il onsuz da dollara tələb azalıb. Həmin hal özünü ilin sonuna doğru da göstərir. 
Dekabrın əvvəlində hərraclarda dollara tələb müəyyən qədər artmışdı. Amma ayın sonuna doğru tələb azalır. Hesab edirəm ki, bu da ilin sonuna doğru idxalın azalması ilə bağlıdır. Çünki şirkətlər bayramla bağlı olaraq xaricdən aldıqları malları daha əvvəlcədən  gətirməyə üstünlük verir. Ona görə də ayın sonuna doğru idxal azalıb. Ümumilikdə götürsək, fikrimcə son hərracın nəticələri manat üçün ciddi basqı da təşkil etmir”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz