Əlaqə Arxiv
news Image
2018.04.06
07:00
| A A A
Bank kreditlərinin real iqtisadiyyata yönəldilməsi üçün inzibati resurslardan istfiadə zəruri sayıldı
Natiq Cəfərli: “İqtisadiyyat, dayanıqlı inkişafı üçün isə biznes kreditləri daha önəmlidir” Ruslan Atakişiyev: “Bu kimi tədbirlər bank sistemlərini təşviq edir ki, imkanlardan istifadə edərək daha çox sahibkarlıq subyektlərinə, real iqtisadiyyata vəsait qoyuluşu ilə məşğul olsunlar”

Kommersiya bankları yenidən kredit verilişinə diqqəti artırıblar. Bu vəziyyətdə hesab edilir ki, banklar iqtisadiyyata dəstək üçün əvvvəlki dövrlərdəki kimi istehlak yox, biznes kreditlərinə daha çox üstünlük verməlidirlər. Bunun üçün hətta dövlət müdaxiləsi labüd sayılır. 

İqtisadçı-ekspert Natiq Cəfərli bildirir ki, indiki vəziyyətdə bankların istehlak kreditlərinə üstünlük vermələri, qısamüddətli və yüksək faizli kredit verməsi başadüşləndir: “Çünki hazırda bankların maliyyə vəziyyəti yaxşı deyil, problemli kreditlərin həcmi artıb. Problemli kreditlərdə itirdiklərini istehlak kredtlərində yüksək faizlərlə vermək yolu ilə müəyyən dərəcədə kompensasiya etmək istəyirlər. Amma bu üsulla getsələr, növbəti dövrdə problemli kreditlərin həcmində artımın olması təhlükəsi var. 
İqtisadiyyat, dayanıqlı inkişafı üçün biznes kreditləri daha önəmlidir. Uzunmüddətli və aşağı faizlərlə verilən biznes kreditləri iqtisadiyyatın daha sürətlə inkişafına səbəb olur. Bu, yeni iş yerləri yaradır, istehsal sahələrini genişləndirir. Lakin indiki şəraitdə yüksək faizlə və qısamüddətli biznes kreditlərinə biznes dairələrinin marağı yoxdur. Biznes kreditlərinin orta müddəti dünyada 5 il qəbul olunub. 5 ildən aşağı müddətə biznes kreditləri sərfəli deyil. Azərbaycanda isə elə sahələrin inkişafı prioritet elan olunub ki, onlarda  uzunmüddətli kreditlərə ehtiyac yaranır. Banklar isə uzunmüddətli kreditlər verməkdə maraqlı deyillər. Çünki riskləri sığortalmaq istəyirlər”.
Ekspert əlavə etdi ki, proseslər dövlət tərəfindən müəyyən dərəcədə tənzimlənə bilər: “Nəzərə alaq ki, Mərkəzi Bankın uçot dərəcəsi kifayət qədər yüksəkdir. Bunu birrəqəmli həddə qədər salmaq lazımdır. Hətta Azərbaycanda ciddi iqtisadi yüksəlişə nail olmaq istəyiriksə, uçot dərəcəsi 3-4 faizə qədər enməlidir. Kommersiya bankları da ən uzağı 7 faizlə biznes kreditləri verməyə başlasalar, biznes çevrələrinin buna marağı artar. İndiki vəziyyətdə isə təəssüf ki, banklar qısamüddətli, yüksək faizli istehlak kreditlərinə üstünlük verirlər. Mərkəzi Bank tərəfindən addımlar atılmasa, tendensiya bu cür də davam edəcək”.
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev isə fərqli düşünür: “Son zamanlar Azərbaycan maliyyə bazarında, xüsusən də kommersiya kreditlərinin verilməsi istiqamətində sahibkarlıq subyektlərinə yönəldilən vəsaitlərin arıtrılması üçün bir sıra addımlar atılır. Birincisi, Mərkəzi Bank tərəfindən kommersiya banklarına verilən kreditlərin uçot dərəcəsinin aşağı salınmasıdır. Hansı ki, bu biznesə təşviq yaradır. İkincisi, 2017-ci ilin sonunda kreditlər üçün zəmanətlərin verilməsi məqsədil ölkə başçısı sərəncam imzaladı. Bunun əsasında İpoteka və Kredit Zəmanət Fondu yaradıldı. Bu da yüksək faizli kreditlərin faizlərinin bir hissəsisinin dövlət tərəfindən qarşılanması deməkdir. 
Hətta əvvəldən götürülmüş kreditlərin ödənilməsində problemlər meydana çıxarsa, subsidiyalar nəzərdə tutulub. Bu kimi tədbirlər bank sistemlərini təşviq edir ki, imkanlardan istifadə edərək daha çox sahibkarlıq subyektlərinə, real iqtisadiyyata vəsait qoyuluşu ilə məşğul olsunlar”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz