Əlaqə Arxiv
news Image
2018.04.21
10:30
| A A A
Manat əmanətlərinə maraq sürətlə artır
Cəfər İbrahimli: “Dollarla yüksək gəlir əldə etmədiklərindən insanlar vəsaitlərini manatla saxlamağa üstünlük verirlər” Ruslan Atakişiyev: “Manatla əmanətlərin yüksək faizlə sığortalanması siyasəti davam etdikcə, manatla olan depozitlərin payını daha da artacaq”

Mərkəzi Bankın məlumatına görə, martın 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 7 milyard 750,3 milyon manat olub. Əmanətlərin 62,1 faizi xarici, 37,9 faizi isə milli valyutada qoyulub. Ancaq diqqəti çəkən odur ki, milli valyutada olan əmanətlər əvvəlki ilin müvafiq dövrünə nisbətən iki dəfə artıb. Xarici valyutada əmanətlər isə 14,6 faiz azalıb. İqtisadçılar bildirirlər ki, əmanətlərin tərkibindəki dəyişikliyi şərtləndirən səbəblər çoxdur. İlk növbədə manatda olan əmanətin gəlirliyi yüksəkdir. Həmçinin manatın sabitliyi də buna əsas yaradıb. 

İqtisadçı-ekspert Cəfər İbrahimlinin sözlərinə görə bu gözlənilən idi: “Son dövrlər dollarla əmanətlərin gəlirliyinin aşağı düşməsi, manatın məzənnəsinin sabitliyi, manat bazasında gəlirliyin yuxarı olması insanların manatda mövqe tutacaqlarına  ehtimal yaradırdı. Hazırda banklar 12 faizlə manatda əmanət qəbul edirlər. Dollarla isə 1 faizlədir.  Ən yaxşı halda SOCAR istiqrazlarını almalıdırlar. Hansı ki, bu da 5 faizdir. Ona görə də dollarla yüksək gəlir əldə etmədiklərindən insanlar vəsaitlərini manatla saxlamağa üstünlük verirlər. Əmanətlərin həcmində yerdəyişmə buna görədir”.
Ekspert əlavə etdi ki, Mərkəzi Bankın uçot dərəcəsini aşağı salması və banklarda manat likvidliyinin çox olması əmanət faizlərini aşağı çəkdi: “İndi manatla əmanət faizlərinin aşağı düşməsi bu istiqamətdə həcmin artmasını əngəlləyə bilər. Nəzər alaq ki, bankların kredit satışında çətinlikləri var. Ona görə də banklar çox vəsait cəlb etməkdə maraqlı deyillər. Çünki həmin vəsaiti yerləşdirməkdə çətinlik çəkirlər. Ancaq 7-8 faiz ilə dövlət kağızlarına yerləşdirirlər. Kreditlə bağlı şərtlər bir qədər yumşaldılsa, banklar kredit həcmlərini artıra bilsələr, əmanət faizlərini yenidən artıra bilərlər. 
Əslində, indiki məqamda manatla olan 10-11 faiz də pis deyil. Amma əmanətlərdə manatın payının artması bankların kreditləşməsinə bağlıdır. Likvidlikləri azalsa, faizləri bir qədər artıracaqlar ki, daha çox əmanət yığsınlar”. 
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev bildirdi ki, artıq mantın məzənnəsi sabitləşib: “Həmçinin manatla olan əmanətlərin faizləri yüksəkdir. Bankların bağlanması hadisəsi zamanı da Əmanətlərin Sığortalanması Fondu manatla olan əmanətləri rahat şəkildə geri qaytara bildi. Bütün bunları insanlarda manatla əmanətə marağı artırıb”. 
Ekspert əlavə etdi ki, manatla əmanətlərin yüksək faizlə sığortalanması siyasəti davam etdikcə, manatla olan depozitlərin payını daha da artacaq: “Eyni zamanda manatın məzənnəsinin uzun müddət sabit qalması manata olana inamı artırıb”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz