Əlaqə Arxiv
news Image
2018.05.05
10:00
| A A A
Qonşu ölkələrdən fərqli olaraq Azərbaycanda dolların məzənnəsi sabitdir
Rəşad Həsənov: “Neftin qiymətinin Azərbaycan dövlət büdcəsində nəzərdə tutulandan 30 dollaradək baha olması ölkənin maliyyə bazarlarında həm psixoloji gərginliyi müəyyən qədər zəiflədir, eyni zamanda bu, daxil olan valyutanın həcminə təsir göstərir”

Qonşu ölkələrdə müəyyən müddətdir dollar bahalaşsa da Azərbaycanda qiymət sabitdir. Hətta bəzi banklar dolların satış qiymətini azaldıb. Rusiyada hazırda 1 dollar 63 rublu keçib. Halbuki, bir müddət əvvəl 56 rubl idi. Analoji vəziyyət özünü Türkiyə lirəsi və İran rialında da göstərir. Bu ölkələrin milli valyutaları dəyər itirsə də, Azərbaycanda manat sabit olaraq qalır. 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov bildirdi ki, qonşu ölkələrdəkinə nisbətən Azərbaycan manatının dollara nisbətən sabit qalmasını şərtləndirən başlıca səbəb neftin son zamanlar artan qiymətilə bağlıdır: “Dollar artıq uzun müddətdir ki, Azərbaycanın qonşusu olan bir sıra ölkələrdə yerli valyutalara nisbətən bahalaşmaqda davam edir. Türkiyə, Rusiya və İran kimi ölkələrdə ABŞ dolları yerli valyutalara nisbətən öz mövqeyini gücləndirməkdədir. Əvvəlki dövrlərdə bu proses daha çox siyasi səbəblərdən qaynaqlanırdı. 
Türkiyə lirəsinin dəyər itirməsində müəyyən qədər iqtisadi səbəblərin də rolu olub. Son iki həftə ərzində isə dünya bazarında ABŞ dollarının mövqeyinin möhkəmləndiyini müşahidə edirik. Bu da Federal Ehtiyat Sisteminin son toplantısına qədər davam etdi. İndi nisbi sakitlik yaranıb. Buna baxmayaraq, türk lirəsi əhəmiyyətli dərəcədə dəyərsizləşib. Bu gün artıq 1 dollar 4,25 lirəyə təklif olunur. Belə vəziyyət Türkiyədəki hazırkı siyasi proseslər, erkən seçkilərin təyin olunması ilə də əlaqədardır. Azərbaycanda isə situasiya nisbətən fərqlidir. 

Azərbaycanda manatın məzənnəsinin formalaşmasına təsir edən birbaşa faktor təbii ki, neftin qiymətilə bağlıdır. Dolayısı faktorlar isə region ölkələrində milli valyutaların dəyərsizləşməsi hesab oluna bilər. Neftin qiymətinin Azərbaycan dövlət büdcəsində nəzərdə tutulandan 30 dollaradək baha olması ölkənin maliyyə bazarlarında həm psixoloji gərginliyi müəyyən qədər zəiflədir, eyni zamanda bu, daxil olan valyutanın həcminə təsir göstərir. İndiki halda, milli valyutamızın məzənnəsi valyuta bazarlarında deyil, Mərkəzi Bank tərəfindən təyin olunur. Ona görə də dünya bazarlarında, region ölkələrində neftin qiyməti və bu və yaxud digər siyasi-iqtisadi proseslərlə bağlı baş verən dəyişikliklərin manatın məzənnəsinə heç bir təsiri olmur.  Azərbaycanda tələb kəskin şəkildə artsa da, müşahidə etdik ki, Mərkəzi Bank məzənnəni dəyişmədi. Həmin vaxt kommersiya bankları Mərkəzi Bankın müəyyənləşdirdiyi məzənnədən baha qiymətə valyuta cəlb etməyə başlamışdılar. İndilikdə milli valyutamızın baş verən proseslərə reaksiya verməməsinin əsas səbəbi məzənnənin fiksasiya edilməsidir” 
Rüfət NADİROĞLU 
 

Sizin Reklam Yeriniz