Əlaqə Arxiv
news Image
2018.06.02
09:00
| A A A
Bankların yüksək kredit faizi yenə narazılıq yaradır
Samir Əliyev: “Kreditlərin sığorta sistemi tam işlək vəziyətə gətirilməlidir, girov mexanizmi sadələşdirilməlidir” Əkrəm Həsənov: “Faizi çox qoyurlar ki, krediti qaytaranlardan daha çox gəlir əldə edə bilsinlər”

Bank kreditlərinin yüksək olması məsələsi növbəti dəfə Milli Məclis səviyyəsində gündəmə gəldi. Belə ki, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Azərbaycanda banklarda kredit faizinin çox yüksək olduğunu bildirdi: “Vətəndaşlar bundan səmərəli istifadə edib, yeni iş yerləri yarada bilmirlər. Həmçinin orta və kiçik sahibkarlıq kreditlərdən yararlana bilmir. Faizlər elə yüksəkdir ki, kiçik və orta sahibkarlıq inkişaf edə bilmir və nəticədə oradan büdcəyə kifayət qədər gəlir daxil olmur. Faizlərlə bağlı hansısa işlərin görülməsi müzakirə olunmalıdır." Lakin iqtisadçıların fikrincə, bu məsələnin parlamentdə gündəmə gəlməsi faizlərin aşağı düşməsinə təsir etməyəcək. Problemin daha  fundamental və iqtisadi səbəbləri var. 

İqtisadi Təşəbbüslərə Yardım İcrimai Birliyinin eksperti Samir Əliyev bildirdi ki, Azərbaycanda kredit faizlərinin yüksək olması yeni məsələ deyil: “Əgər manatla əmanətlərin faizi 15 faizə çatırsa, kredit faizi ondan aşağı ola bilməz. Nəzərə alaq ki, bankların verdiyi kreditlər insanlardan yığdıqları əmanətlərdir. Kreditlərin mənbələri əmanətlər, xarici banklardan cəlb edilən vəsait, Mərkəzi Bankdan alınan kreditlər və özlərinin kapitallarıdır. Bu mənbələrin də heç biri ucuz başa gəlmir ki, banklar aşağı faizlə kredit versinlər. Bu fonda bankların əldə etdiyi vəsaitin maya dəyəri ən azı 10-12 faiz olur. Bunun üzərinə də işçilərin saxlanma xərcləri və gəlirlərini əlavə edirlər. Bu da 20 faizdən yuxarı kredit faizləri əmələ gətirir. Yəni bankların cəlb etdikləri vəsaitlərin dəyəri çox bahadır. Bunlar aşağı düşməyənə qədər kredit faizləri ucuzlaşa bilməz. 
Bundan başqa problemli kreditlərin həcmi artdıqca banklar faizləri də artırırlar. Odur ki, parlamentdə səslənməklə problem həllini tapmayacaq. Hazırda banklar pulu 20 faizlə kredit verməkdənsə, həmin pulları 8 faiz ilə Mərkəzi Bankın depozit hərrcalarına yerləşdirirlər. Deməli, risk amili var. Makroiqtisadi vəziyyətdə bununla bağlı işlər görülməlidir. Risklər ardan qalxmalıdır. Kreditlərin sığorta sistemi tam işlək vəziyətə gətirilməlidir. Girov mexanizmi sadələşdirilməlidir”. 
İqtisadi məsələlər üzrə hüquqşünası Əkrəm Həsənov da problemin parlamentdə qaldırılması ilə kredit faizlərinin ucuzlaşacağını düşünmür: “Əvvəla, ona görə ki, Mərkəzi Bankın uçot dərəcəsi yüksəkdir. Banklar Mərkəzi Bankdan 11 faizlə kredit alırsa, üzərinə müəyyən qədər faiz qoyaraq vətəndaşlara kredit verirlər. Ancaq bu da ən pis halda 15 faiz olmalıdır. 
Xarici təcrübədə Mərkəzi Bankın uçot dərəcəsi ilə bankların insanlara verdiyi kreditlərin faiz dərəcəsi arasında 2-4 faiz fərq olur. Azərbaycanda isə bu fərq çox böyükdür. Çünki bankların riskləri çoxdur. Bundan başqa, banklar məhkəmələrdə qalib gələcəklərinə əmin deyillər. Hamı elə bilir ki, banklar məhkəmələrdə qalib gəlir. Banklar əsasən fiziki şəxsləri uda bilirlər. Ancaq sahibkarla bu cür olmur. Buna görə faizi çox qoyurlar ki, krediti qaytaranlardan daha çox gəlir əldə edə bilsinlər. Digər tərəfdən, bankların xidmətləri zəifdir. Banklar öz yaxınlarına aşağı faizlə xeyli kreditlər verirlər. Buna görə də digərlərinə yüksək faizlə kredit verirlər ki, fərqi onunla kompensasiya etsinlər. Yəni, bu kimi fundamental problemlər həll edilməyincə, parlamentdə bir çıxış bunu həll edə bilməz”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz