Əlaqə Arxiv
news Image
2018.10.06
11:20
| A A A
Dolların hökmranlığı sarsılır
Rəşad Həsənov: “İqtisadi əsaslandırma əsasında hər hans bir valyuta növü ərsəyə gətirilər və onun güvənliyi uzun müddətli dövrdə təmin edilərsə, bu halda dolların mövqeyinin zəifləməsi, sıxışdırılmasını görə bilərik”

“Qlobal maliyyə bazarlarında ABŞ dollarının hökmranlığı sarsılıb, dünya liderləri onu dominant kimi qəbul etməkdən imtina etməyə başlayıblar. Dolların tiranlığı sona çatır”.

Bunu “Bloomberg” agentliyi yazıb.

Yazıda qeyd olunur ki, artıq bir sıra ölkələr, o cümlədən Rusiya Amerika valyutasında aktivlərini azaldır, Çin enerji bazarında müqavilələri yuanla bağlamağa başlayıb. Yazıda  Fransanın maliyyə naziri Bruno Le Mer in fikirinə də yer verilib. O,  bəyan edib ki, ABŞ-ın maliyyə alətlərindən “tam azad” olmaq istəyir, Avropa İttifaqını okeanın o tayındakı super gücün vassalı kimi görmək istəmir.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov qısa müddətli prosesdə dolların hegemonluğuna son qoyulacağına inanmadığını dedi. Onun fikrincə, bunun üçün uzun müddətli dövrə hesablanmış iqtisadi əsaslandırma ortaya qoyulmalıdır: “Ümumiyyətlə, dolların hegemonluğuna son qoyulması prosesi çox uzunmüddətli bir prosesdir. Hazırda böyük siyasi güclər, məsələn, Türkiyə, Çin, Rusiya və İran kimi ölkələr ABŞ dollarının ödəmələr sistemindəki rolunu azaltmaq yolunda müəyyən səylər həyata keçirməyə çalışır. Bu fonda da öz aralarındakı ticarətin yeni valyutalarla aparılması, hətta Avrasiya valyutasının yaradılması istiqamətində təşəbbüslər olub. Amma bu, uzunmüddətli bir prosesdir. Hər bir proses də təbii ki, ilk işartılardan başlayır.

Dollardan imtina məsələsinin də gündəmə bu gün gəldiyini demək doğru olmazdı. Son 30 ildə müzakirə olunan bu məsələ hazırda daha intensiv şəkil alıb. Belə intensiv forma da sonda müəyyən nəticələrə gətirib çıxara bilər. Son 15 il ərzində dolların mövqeyi avro tərəfindən müəyyən qədər sarsılıb. Artıq avro dünya bazarında ABŞ dollarının mövqeyini müəyyən qədər zəiflədib. Yəni bu sayaq hadisələr baş verib. Ancaq avro təcrübəsi də göstərir ki, belə hallar yalnız ciddi düşünülmüş, arxasında mühüm institutların, böyük iqtisadiyyatın dayandığı böyük valyuta növünün köməyi sayəsində baş tuta bilər. Türkiyə lirəsi isə dünya bazarında dollarla mübarizə aparmaq imkanına malik deyil. Anoloji fikri rus rublu, İran rialı barədə də söyləmək mümkündür. Uzunmüddətli fonda hansısa böyük iqtisadiyyatlar belə bir mövqeyi ortaya qoyub dünya bazarlarında müəyyən dərəcədə öz valyutalarının dönərliliyini təmin etmək istiqamətində səy göstərirsə, təbii ki, proses nəticə verir. Bu gün dünyada dönərli valyutaların sayı 7-yə çatıb. İki il öncə Beynəlxalq Valyuta Fondu dönərli valyutalar sırasına Çin yuanını da daxil etdi. Dolların tiranlığının başa çatması dedikdə nələrin nəzərdə tutulduğunu da başa düşmürəm.

Dolların payının dünya ödəmələr sistemində azaldılması kimə nə verəcək? Bəzi hallarda bir çox ölkələr özlərinin iqtisadiyyatında baş verən problemləri çox rahatlıqla ABŞ dollarının üzərinə yıxır. Bunu zamanında Rusiya, Çin edib. Həmin ölkələrin milli valyutaları təkcə dollara qarşı dəyər itirmir, bütün valyutalara nisbətdə dəyər itirir. Amma buna baxmayaraq, bir çox hallarda prosesdə günahkar qismində sadəcə, dolların adı hallanır. Deməli, əsas problem dollarda deyil, bu məsələni şişirdən ölkələrin öz iqtisadiyyatlarındadır. Məhz həmi ölkələrin iqtisadiyyatı zəifləyərək, çökür.

Dolların nə zamansa hegemonluğunun aradan qalxmasına gəlincə, hər halda bu istiqamətdə görülən tədbirlər ona hesablanmalıdır ki, dünya ticarətinin hər bir subyektini əsaslı şəkildə inandırmaq mümkün olsun. Sahibkar müqavilələri digər valyutalarla həyata keçirməkdən imtina edirsə, bunun bir səbəbi var. O da ondan ibarətdir ki, bu valyutaların məzənnəsində sabitlik yoxdur. Həmçinin, orta və uzunmüddətli dövrdə bu valyutaların taleyini proqnozlaşdırmaq olmur. Kimsə, ABŞ dollarının hansısa rəngi və yaxud digər parametrlərinə görə həmin valyuta ilə ticarət aparmır. Bu məsələ sadəcə, valyutaya güvəndən qaynaqlanır.

İki ildir ki, ABŞ prezidenti Donald Tramp daha aşağı fazl və zəif  dollar siyasətinin həyata keçirilməsini dəstəkləyir və bu istiqamətdə təbliğat kampaniyası aparır. Amma Federal Ehtiyat Sistemi (FED) sakit şəkildə, kənar təsirlərə, sifarişlərə, göstərişlərə əməl etmədən öz qərarını verir.  Uçot dərəcəsini artırır, dolları möhkəmləndirir. Yəni demək istədiyim odur ki, dünya ABŞ dollarının arxasında hər hansı bir fərdin qənaətinin rol oynaya bilmədiyini görür. Onun arxasında bir sistem, institut dayanır.

İqtisadi əsaslandırma əsasında hər hansı bir valyuta növü ortaya qoyularsa və onun güvənliyi uzun müddətli dövrdə təmin edilərsə, zaman-zaman dolların mövqeyinin zəifləməsi, sıxışdırılmasını müşahidə edə bilərik. Bu kimi cəhdlər sadəcə, söz yığını, siyasi avantaj xarakteri daşıyacaqsa, bu halda dolların sıxışdırılması çətin olmaqla yanaşı, mümkünsüz hala gələcək. İqtisadiyyatda iştirakçılar milyon, milyardlarladır. Onların hər biri sözügedən məsələdə nəticə əldə olunacağına inandırılmalıdır”.

Rüfət NADİROĞLU

 

Sizin Reklam Yeriniz