Əlaqə Arxiv
news Image
2018.10.25
07:00
| A A A
Valyutadəyişmə məntəqələri açmaq istəyən yoxdur
Əkrəm Həsənov: “Valyutadəyişmə məntəqələrinin yaradılmasına marağın az olması bir neçə səbəbdən qaynaqlanır”

Azərbaycanda valyutadəyişmə məntəqələrinin fəaliyyətinin bərpa edilməsi ilə bağlı qanun qəbul edilib, qaydalar var və hər kəs bu məntəqələri aça bilər. Amma bununla bağlı istək yoxdur. 

Qeyd edək ki, “Valyuta tənzimi haqqında" qanuna edilən dəyişikliyə əsasən valyutadəyişmə məntəqələrinin fəaliyyəti bərpa edilib. Başqa bir tərəfdən, əvvəllər yalnız banklar valyutadəyişmə məntəqəsinə malik ola bilərdisə, hazırda istənilən sahibkar bunu aça bilər. Sadəcə, müəyyən nizamnamə kapitalına malik olmaqla müvafiq lisenziya almaq gərəkdir. 
Amma görünən odur ki, valyutadəyişmə məntəqələri açmağa maraq azdır. Buna səbəb nədir? Valyutadəyişmə məntəqələrinin fəaliyyətinin bərpa edilməsi xarici valyutaların satış məzənnəsinin enməsinə rəvac verə bilərmi?
Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov
bildirdi ki, valyutadəyişmə məntəqələrinin yaradılmasına marağın az olması bir neçə səbəbdən qaynaqlanır: “Valyutadəyişmə məntəqələrinin yaradılması ilə bağlı qanun və qaydalar var. İstənilən şəxs onu aça bilər. Özü də indiki qaydalar əvvəlkilərlə müqayisədə daha mütərəqqidir. 
Əvvəllər valyutadəyişmə məntəqələri bank şöbələri kimi fəaliyyət göstərirdi. İndi isə istənilən şəxs Maliyyə Bazarına Nəzarət Palatasından lisenziya almaq şərtilə valyutadəyişmə məntəqələri aça bilər. Ancaq görünən odur ki, bu prosesə maraq olduqca zəifdir. Onun da bir neçə səbəbi vardır. İlk səbəblərdən biri odur ki, ölkəmizdə valyuta əməliyyatlarına tələbat azalıb. Yəni, valyuta mübadiləsi əməliyyatlarına tələbat əvvəlki tək güclü deyil. İkincisi, məlum devalvasiyadan qabaq banklar və valyutadəyişmə məntəqələri Mərkəzi Bankın qoyduğu məzənnədən ancaq 2, sonra isə 4 faiz fərqlənmə ilə əməliyyat apara bilərdilər. Buna mübadilə əməliyaytları üzrə marja deyilir. Yəni, valyutadəyişmə məntəqələrinin qoyduğu məzənnə Mərkəzi Bankın məzənnəsindən ancaq 2-4 faiz artıq ola bilərdi. Bundan çox fərqlənə bilməzdi. Amma bir sıra hallarda valyutadəyişmə məntəqələri bu limiti pozaraq, valyutanı qoyulan marjadan baha satırdı. İndi isə belə bir marja tələbi yoxdur. İstənilən bank istənilən məzənnə ilə satır və ya alır. Buna görə də valyutadəyişmə məntəqələri rəqabət üstünlüyünü itirib. İstənilən şəxs istənilən banka gedib valyuta dəyişə bilir. 
Valyutadəyişmə məntəqələri yaratmağa marağın azalmasına təsir edən digər amil isə Azərbaycanda nağdsız ödənişlərin həcminin artması prosesidir. Bu da son zamanlar ölkədə qəbul edilənq qanun və tədbirlərdən qaynaqlanır. Gələn xaricilər də ödənişi onsuz da bank vasitəsilə edir. Digər tərəfdən, valyutadəyişmə məntəqələri üçün müəyyən edilən qaydalarda bəzi tləblər nəzərdə tutulur. Yəni, onların banklarda 50 min manat və ya 50 min dollar həcmində depoziti olmalıdır. Bu isə sahibkarlara sərf etmir. Onlar o qədər pulu sadəcə, bankda saxlamaq istəmir, onunla iş görməyə daha çox üstünlük verirlər. Yəni banka qoyulan bu depoziti sahibkarlar özləri üçün artıq xərc hesab edirlər. Dövlət bu sahədə kifayət qədər şərait yaradıb, qanun və qaydalar var. Qoyulan depozitin artıq maliyyə olduğu barədə səslənən fikirlərlə də razı deyiləm. 
Valyutadəyişmə məntəqələrində əməliyyat aparan vətəndaşların müəyyən təminatı olmalıdır. Məsələn, bankda valyuta dəyişərkən aldanma zamanı bu barədə məhkəməyə şikayət edilə bilər. Ancaq valyutadəyişmə məntəqələri kiçikdir, müştərini aldadaraq sahibinin ölkədən qaçması da mümkündür. Ona görə valyutadəyişmə məntəqələri sahibinin banka depozit qoyması tələbi doğru addımdır. Bəzi banklar var ki, onun filialları qeyri-iş günü də fəaliyyət göstərir. Amma adətən insanlar iş günlərində bu əməliyatı aparır. Ən nəhayət, kart vasitəsilə də problemi həll etmək olar”.
Həmsöhbətimiz  valyutadəyişmə məntəqələrinin fəaliyyətə başlaması ilə xarici valyutaların manata nisbətdə məzənnəsinin aşağı enəcəyini də düşünmür: 
«Ölkədə hazırda 30 bank var, rəqabət mühiti formalaşıb. Sadəcə, bu məsələ Azərbaycan cəmiyyətində süni şəkildə şişirdilir. Bunu da depozit tələbinin ləğv edilməsini istəyən sahibkarlar edirlər. Guya ki, valyutadəyişmə məntəqələri açılsa, bu fonda xarici valyutaların manata nisbətdə məzənnəsi zəifləyəcək. Heç bir ciddi təsiri olmayacaq. Artıq ölkədə bir neçə valyuatdəyişmə məntəqəsi fəaliyyət göstərir. Hesab edirəm ki, onların sayı da əvvəlki tək çox olmayacaq, buna ehtiyac da yoxdur. Avropa ölkələrində valyutadəyişmə məntəqələri ümumiyyətlə, yoxdur. Berlin kimi şəhərdə belə onlara rast gəlmədim. Yəni müasir dövrdə belə məntəqələrə ehtiyac yoxdur”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz