Əlaqə Arxiv
news Image
2018.10.25
08:00
| A A A
Bank əməliyyatları üzərindən təzyiqlərə qarşı yeni alternativlər işə salınır
Rəşad Həsənov: “Bir ölkənin SWIFT sisteminə çıxışı məhdudlaşdırılarsa, həmin ölkənin maliyyə-bank sistemi tamamilə iflic vəziyyətə düşə bilər” Ruslan Atakişiyev: “SWIFT sistemindən çıxmaq və ona alternativ ödəniş sisteminin formalaşdırılması məsələsi son dövrlər daha çox aktullaşıb”

Qərb ölkələri Rusiyanı SWIFT-dən istifadəni əngəlləməklə təhdid edib. Bu təhdiddən sonra Rusiya bu sistemin alternativi olan SPFSİ-ni yaradıb. Sistemin alternativini Rusiya Mərkəzi Bankı yaradıb. Rusiya Mərkəzi Bankı yaxın vaxtlarda xarici bankların SPFSİ sisteminə qoşulmalarına imkan yaradacaqlarını açıqlayıb. 

Qeyd edək ki, Avropa İttifaqı da  tez-tez oxşar təşəbbüslə çıxış edir. Bu cür alternativ ödəniş sistemləri ölkələri SWIFT-ə çıxışın məhdudlaşdırılmasından sığortalamağa hesablansa da, dollar asılılığının aradan qalxmasına necə təsiri maraqlıdır. İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov bildirir ki, alternativ ödəniş sistemlərinin dolların məzənnəsi ilə birbaşa əlaqəsi yoxdur: “Ruiyanın alternativ ödəniş sisteminin yaratmasında məqsəd bu istiqamətdə yarana biləcək riskləri sığortalamaqdır. Çünki bəzi hallarda sanksiyalar dərinləşərək, SWIFT sistemində fəaliyyətin bloklanmasına qədər davam edəcəyi ehtimalı ortaya çıxır.
 Alternativ ödəniş sistemlərinin yaradılmasında əsas məqsəd qeyd olunan risklərdən sığortalanmaqdır. Nəzərə alaq ki, bir ölkənin SWIFT sisteminə çıxışı məhdudlaşdırılarsa, həmin ölkənin maliyyə-bank sistemi tamamilə iflic vəziyyətə düşə bilər. Son dövrlər oxşar fikirlər Avropa İttifaqı tərəfindən də səsləndirilir. Açıqlamalarından da məlum olur ki, müəyyən fəaliyyət ortaya qoyulmaqdadır. Onların da məqsədi bu riskin aradan qaldırıılmasıdır. Lakin dollardan asılılıq fərlqi məsələdir. Burada əsas amil odur ki, alternativ etibarlı valyuta növü ortaya qoyulmalıdır. İndiki halda isə ölkələrin heç biri alternativ valyuta ortaya qoymaq gücündə deyil. Yalnız qızılla ticarətin təşkil olunması yolu qalır ki, bu da hazırki şərtlər daxilində qeyri-mümkündür. Ona görə də maliyyə sistemlərinin risklərdən sığortalanması məqsədi ilə alternativ sistemlərin yaradılmasını müsbət qiymətləndirmək olar. Lakin  necə fəaliyyət göstərəcəyi, hansı çatışmazlıqlarının olacağı ilə bağlı fikir bildirmək tezdir”. 
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev bildirdi ki, SWIFT sistemindən çıxmaq və ona alternativ ödəniş sisteminin formalaşdırılması məsələsi son dövrlər daha çox aktullaşıb: “Bu təkliflər ABŞ-ın iqtisadi dominantlığına qarşıdır. Son dövrlər Avropa İttifaqı da bununla bağlı təşəbbüs irəli sürüb. Rusiya və digər ölkələr də dəstək verəcəklərini açıqlayıblar. 
Rusiyanın özünün də alternativ ödəniş sistemi yaratmasının mahiyyətində ABŞ-ın iqtisadi dominantlığının, sanksiyaların təsirinin azaldılmasına yönəlmiş addımlar durur. Amma bunun nə qədər effektiv olacağını indidən demək çətindir”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz