Əlaqə Arxiv
news Image
2018.10.31
09:35
| A A A
Banklar tədricən problemli kreditlərdən qurtulur
Yaşar Əsədov: “Problemli kreditlərin həcminin azalması vətəndaşların maliyyə imkanlarının əvvəlki dövrlərə nisbətən yüksəlməsinin nəticəsidir” Rəşad Həsənov: “Problemli kreditin həcmində azalma bank sektorunun sağlamlaşdırılmasına, uzun müddətli dövrdə bankların gəlirlərinin artımına təsir göstərəcək”

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il oktyabrın 1-nə 1 milyard 748,7 milyon manat təşkil edib. Bu, sentyabrın 1-i ilə müqayisədə 1,3% azdır. Ötən il oktyabrın 1-nə nisbətən isə 5,8% azalıb. Sentyabrın sonuna problemli kreditlərin ümumi kredit portfelində payı 14,2% təşkil edib. Bu nisbət avqustun sonuna 14,4%, ötən il sentyabrın sonuna isə 14,9% təşkil edib. Problemli kreditlərin azalmasını şərtləndirən səbəblər hansılardır və bu hal bank sektoruna nə vəd edir?

İqtisadçı-ekspert Yaşar Əsədov bildirdi ki, problemli kreditlərin həcmi və ümumi kredit portfelində payının azalmasına bir çox amillər səbəb olub: “Problemli kreditlərin məbləğ və ümumi kredit portfelində çəkisinin azalması sevindirici və müsbət haldır. Buna yalnız sevinmək olar. Deməli, bank sektoru problemli kreditlərin geri qaytarılması ilə ciddi məşğul olmağa başlayıb. 
Digər tərəfdən, görünür, getdikcə daha çox insan məsuliyyəti başa düşərək borclarını qaytarmağa meylləniblər.  Bu hal onun göstəricisidir ki, 5 faiz olsa da, əhalinin müəyyən hissəsi keçmiş borclarını qaytarmağa imkan əldə edə bilib. 
Problemli kreditlərin həcminin azalması bu mənada ölkə vətəndaşlarının maliyyə imkanlarının əvvəlki dövrlərə nisbətən yüksəlməsinin nəticəsidir. Devalvasiyadan sonra əldə olunan iqtisadi inkişafın da bu fonda problemli kreditlərin həcminin azalmasında özünəməxsus rolu vardır. Bankların fəallığının artması, bu sahədə əvvəlki səhvləri təkrarlamayaraq, prosesə daha ciddi yanaşmaları da 
məsələyə öz təsirini göstərib. Yəni, alınan kredit ya məcburən geri qaytarılmalıdır, ya da krediti alanda imkan yaranmalıdır ki, onu qaytara bilsin. Görünür, problemli kreditlərlə bağlı məsələ hüquqi müstəvidə də tənzimlənməyə başlandığından həmin sahədə müsbət addımların şahidi olmağa başlamışıq. 
Aydın məsələdir ki, problemli kreditlər məsələsi ortaya çıxmasaydı, banklar müştərilərlə daha geniş formada işləyə bilərdi. 
Onu da xatırladım ki, yaranan problemli kreditlərin böyük hissəsi, 90 faizindən çoxu məişət kreditlərilə bağlıdır. Son zamanlar isə banklar məişət kreditlərini əvvəlki tək geniş həcmdə təqdim etmir. Bu amilin özü də problemli kreditlərin həcminin azalmasına təsir göstərə bilər. Ancaq problemli kreditlərin həcminin azalması heç də hələ bu sahədə bankların risqlərinin tam olaraq azalması anlamına gəlmir. Bununla belə hər halda problemli kreditlərin həcminin azalması banklarda müəyyən qədər də olsa canlanmaya səbəb olacaq”.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənovun fikrincə, problemli kreditlərin həcminin azalmasında manatın məzənnəsinin sabit qalması və bu sahədə məhkəmələrin daha çox sayda qərar qəbul etməsilə bağlıdır:  “Problemli kreditlərin həcmində azalmanın baş verməsi bir neçə səbəbdən qaynaqlanır. Manatın məzənnəsinin sabitləşməsi müəyyən qədər əhalinin ödəniş qabiliyyətinin stabilləşməsinə gətirib çıxarıb. 
Eyni zamanda, məzənnənin sabitləşməsi vəsaitlərin xərclənməsi istiqamətində qərar qəbul etməyə təsir edərək, son nəticədə kredit ödənişlərinin həcmini artırıb. Artıq 2 il yarımdır ki, manatın məzənnəsi dollara nisbətən sabit saxlanılır. Bu isə bank sektorunun manevr  imkanlarını artırmaqla yanaşı, həmçinin kredit borclarının ödəniş qabiliyyətini də müəyyən qədər tənzimləyir. Əsas faktor odur ki, son 3 ildə məhkəmələrə həddən çox, 700 minə yaxın kredit borcu ilə əlaqədar iş göndərilib ki, onun da 60 faizinə artıq baxılaraq, uyğun qərarlar verilib. Məhz məhkəmə qərarlarının icrası nəticəsində kredit portfelinin problemli hissəsində azalma baş verib. Məhkəmə qərarı ilə tərəflərə müəyyən güzəştlər təklif olunur, amma bununla yanaşı, borc öhdəliyinin müəyyən hissəsinin yerinə yetirilməsi də müəyyənləşdirilir. Son nəticədə adminstrativ təzyiqlərlə problemli kreditlərin bir qisminin geri ödənişi təmin olunur. 
Digətr tərəfdən, banklar mütəmadi olaraq ümidsiz borc vəsaitlərini silir. Bu addım da son nəticədə problemli kreditlərin ümimi həcminin azalmasına təsir göstərir. Avqust ayına nisbətən sentyabrda problemli kreditlərin həcmində təxminən 24 milyon manatlıq azalma olub. Azalma hər iki istiqamətdə, həm manat, həm də xarici valyuta ilə verilən kreditlərdə özünü göstərib. Lakin azalma tendensiyasına baxmayaraq, hələlik problemli kreditlər bank sektorunun ən ciddi problemlərindən biri hesab olunmaqda davam edir. Çünki belə vəziyyətdə həmin vəsaitlərdən bank mənfəət götürə bilmir. 
Bununla belə həmcdə azalma son nəticədə bank sektorunun sağlamlaşdırılmasına, uzun müddətli dövrdə bankların gəlirlərinin artımına təsir göstərə bilər. İndiki halda isə müəyyən azalma ciddi indiqator hesab edilmir. Bu istiqamətdə hökumət və bank sektoru konkret proqramlar həyata keçirməlidirlər ki, problem aradan qalxsın. Problemli kreditlərin həcmi 14,2 faizdir. Hansı ki, bu həcmin 5-6 faiz olmasının özü belə təhlükəlidir. Bütün hallarda problemli kreditlərin dinamikası kifayət qədər dəyişkəndir. İl ərzində gah azalan, gah da artan istiqamətdə dəyişir». 
Rüfət NADİROĞLU    

Sizin Reklam Yeriniz