Əlaqə Arxiv
news Image
2016.12.17
10:00
| A A A
Xarici valyutaların “qara bazar”ına son qoyulur
Ruslan Atakişiyev: “Qara bazar”da spekulyativ fəaliyyətlə mübarizənin ən başlıca yolu məhz inzibati metoddur” Cümşüd Nuriyev: “Bu cür tədbirlər vacibdir, amma özünü nə dərəcədə doğruldacağı maraqlıdır”

Bakıda qanunsuz valyuta mübadiləsi ilə məşğul olan daha bir nəfər tutulub. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dekabrın 15-də paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini Vüqar Qurbanov qanunsuz olaraq 700 ABŞ dolları pulu 1281 manata dəyişərkən Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

Xatırladaq ki, bu, ilk belə həbs deyil. Ümumiyyətlə, Bakıda qanunsuz valyuta mübadiləsi ilə məşğul olanlara qarşı hüquq-mühafizə orqanlarının mübarizəsi sərtləşdirilib. Bu fonda artıq bir neçə nəfər tutulub.  Mütəxəssislərin fikrincə, tədbirlər mütəmadi həyata keçirilərsə, xarici valyutaların “qara bazar”ına son qoymaq mümkün olacaq. İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisadçı Ruslan Atakişiyev bildirdi ki, əslində, “qara bazar”da spekulyativ fəaliyyətlə mübarizənin ən başlıca yolu məhz inzibati metoddur: “Digər bazar metodları ilə çox zaman bununla sona qədər mübarizə aparmaq olmur. Dünya təcrübəsində də həmişə qeyri-rəsmi fəaliyyətlərin qarşısı inzibati üsullarla alınır”.
İqtisadçı əlavə etdi ki, birinci və ikinci devalvasiyalar dövründə “qara bazar”da spekulyativ fəaliyyətin qarşısını almaq üçün işlər görülürdü: “Xüsusi ilə valyutadəyişmə məntəqələrinin fəaliyyətinin lisenziyalaşdırılmasına nəzarətin gücləndirilməsi bu istiqamətdə görülən işlərdən idi. Amma “qara bazar”da son dövrlər dolların qiymətinin artmasından istifadə edilib spekulyativ əməliyyatlar həyata keçirilir. Süni şəkildə milli valyutanın ucuzlaşdırılması prosesi gedir. 
Hazırda ölkədə iqtisadi inkişafla bağlı yol xəritələri qəbul olunub. Onun istiqamətlərdən biri də manatın tam üzən məzənnəyə keçməsi məsələsidir. Belə bir vəziyyətdə “qara bazar”ın nəzarətə götürülməsi üzən məzənnəyə keçiddə dollar qiymətinin spekulyativ artımının qarşısını alınması mahiyyəti daşıyır”. 
Digər istiqsadçı Cümşüd Nuriyev qeyd edir ki,  valyutanın “qara bazar”a yol açmasının qarşısı alınmalıdır: “Qara bazar”a da valyuta yalnız bankların özündən gələ bilər. Bu qədər pulun başqa yedən gəlmə ehtimalı sıfıra bərabərdir. Odur ki, bu cür tədbirlər vacibdir, amma özünü nə dərəcədə doğruldacağı maraqlıdır. 
Tədbiri görməklə bərabər, maarifləndirmə işi aparmaq lazımdır. Həbs olunananlar istintaqa cəlb edildikdən sonra yaxşı olar ki, həmin materiallar görüntülərlə mətbuata ötürülsün. Çünki, tutulanların bəziləri qanunsuz valyuta mübadiləsi ilə məşğul olduğunu etiraf edirlər. Bu tipli maarifləndirmə işləri aparılmalıdır. Həmçinin tutulanlarla yanaşı, o pulu onlara ötürən bank işçiləri də həbs olunmalıdır. O zaman tədbirlərin effektiv nəticəsini görə bilərik. Onda heç bir şəxs bu işlə məşğul olmayacaq. Lakin həbslərlə də iş bitmir. Banklar başqa üsullar fikirləşməlidirlər. Təklifi formalaşdırmaq lazımdır ki, “qara bazar” yaranmasın”. 
Mübariz BAYRAMOV

 

Sizin Reklam Yeriniz