Əlaqə Arxiv
news Image
2016.12.17
09:15
| A A A
Ölkədə qeyri-nağd ödənişlərin həcmi artacaq
Rəşad Həsənov: “Bankdan çıxarışlara verginin tətbiq edilməsi bundan sonrakı dövrdə nağdsız dövriyyənin genişlənməsinə gətirib çıxaracaq” Qulu İbrahimli: “Dövriyyədə olan nağd pul kütləsini azaltmaq üçün mümkün olan bütün vasitələrə əl atılır”

Banklardan nağd pulun çıxarılmasının məhdudlaşdırılması məqsədilə hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə, banklar və poçt rabitəsinin milli operatorları tərəfindən 1% dərəcəsi ilə sadələşdirilmiş vergi tutulacaq. Belə nağd əməliyyatların məhdudlaşdırılması təcrübəsi Fransa, İtaliya, Çexiya, Slovakiya və digər ölkələrin qanunvericiliyində də nəzərdə tutulub. Bu dəyişiklik nağdsız əməliyyatların həcminin artması, bankların maliyyə vəziyyətinin yaxşılaşması, likvidliyin təmin olunması, pul dövriyyəsinin tənzimlənməsi, əmək haqqı və digər ödənişlərin leqallaşdırılması və nəticədə, ölkənin beynəlxalq reytinqinin artırılmasına şərait yaradacaq. 

İqtisadçılar qərarın Azərbaycanda nağdsız əməliyyatların həcminin artmına ciddi dəstək verəcəyini düşünürlər. İqtisadi və Sosial İnkşaf Mərkəzinin eksperti Rəşad Həsənov bildirdi ki, bu qərarın qəbul edilməsində əsas səbəb iqtisadi çağırışlardır: “Nəzərə alaq ki, əvvəlki dövrlərdə nağdsız dövriyyəyə biznesdə leqallıq səviyyəsinə elə də ciddi əhəmiyyət verilmirdi. Neft satışından əldə olunan vəsaitlər dövlət büdcəsinə yönəlilir və istifadə olunurdu. Hazırda isə vəziyyət bir qədər fərqlidir. Bu baxımdan bütün istiqamətlərdə həm biznesin leqallıq səviyyəsinin yüksəlməsi yolu ilə vergi gəlirlərinin artırılması, həmçinin biznes mühitinin yaxşlaşdırılması, nağdsız dövriyyənin yüksəldilməsi gündəm mövzularından biridir”.
İqtisadçı əlavə etdi ki, bankdan çıxarışlara verginin tətbiq edilməsi bundan sonrakı dövrdə nağdsız dövriyyənin genişlənməsinə gətirib çıxaracaq: “Azərbaycan qanunverciliyinə görə də nağdsız şəkildə dövriyyə vergiyə cəlb olunur. Beləliklə bu da dövriyyəyə, birmənalı şəkildə vergi predmeti olaraq dövlət büdcəsinin gəlirlərinə, vergi daxil olmalarının həcminə öz müsbət təsirini göstərəcək. Eyni zamanda bir məsələyə də diqqət etmək lazımdır. Ötən il Mərkəzi Bank nağdsız dövriyyənin genişləndirilməsi ilə bağlı 5 illik strategiya açıqlamışdı. Həmin strategiyada bu müddət ərzində Azərbaycanda nağdsız dövriyyənin həcmini 90 faizə qədər artırılması nəzərdə tutulurdu. Ancaq hazırki göstəricilərə baxdıqda strategiyada nəzərdə tutulan hədəfə çatmaq real görünmür. Bu baxımdan qəbul edilmiş qərarın səbəblərindən biri də məhz bu hədəfə nail olunmasıdır. İstənilən halda bu istiqamətdə verginin tətbiq edilməsi sahibkarlıq, biznes üçün vergi yükünün artmasına gətirib çıxaracaq. Amma eyni zamanda digər tərəfdən də bu, büdcə daxilolmalarının həcminə və leqal biznes fəaliyyətinin təkmilləşməsinə səbəb olacaq”.
Digər iqtisadçı-ekspert Qulu İbrahimli bildirdi ki, Vergilər Nazirliyi son illər vergi qanunvericiliyinin təkmilləşdirilməsi, kadrların peşəkarlığının artırılması, vergi ödəyicilərinə xidmətin səviyyəsinin yüksəldilməsi, vergi nəzarətinin avtomatlaşdırılmış sistemlər əsasında təşkil edilməsi  istiqamətində çox mühim nəticələr əldə edilməsi ilə seçilir: “İcraçı qurum olan vergi orqanı bankdan vergi ödəyicilərinin bank hesablarındakı nağd vəsaitlərin çıxarılmasının vergiyə cəlb olunmasını istəməzdi. Sadəcə, ölkədə yürüdülən fiskal və monetar siyasət çərçivəsində bu addım atılır və Vergilər Nazirliyi də bunu icra etməlidir. Doğrudur, xarici təcrübədə bəzi ölkələrin vergi qanunvericiliyində, nəinki nağd vəsaitlərin bank hesabından çıxarılması, hətta vergi ödəyicilərinin nağdsız hesablaşmalar zamanı apardığı əməliyyatlarından da vergi tutulması  nəzərdə tutulub. 
Banklardan nağd pulun şıxarılması məqsədilə Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərin məhz indiyə təsadüf etməsi göstərir ki, fiskal siyasət məqsədləri, yəni dövlət büdcəsinə əlavə gəlir təmin olunması üçün deyil, daha çox monetar siyasət məqsədləri üçün bu dəyişikliklər edilir. Dövriyyədə olan nağd pul kütləsini azaltmaq üçün mümkün olan bütün vasitələrə əl atılır və Vergi Məcəlləsinə bu dəyişiklik də elə o qəbildəndir”. 
İqtisadçı əlavə etdi ki, qeyd edilən dəyişikliklər təsirinə fərdi sahibkar kimi fəaliyyət göstərən fiziki şəxslər və kiçik sahibkarlıq subyektləri olan hüquqi şəxslər məruz qalacaqlar: “Onlar əldə etdikləri gəlirləri (dividendləri) fərdi istehlak məqsədlərinə yönəltmək  üçün bank hesablarından çıxararkən 1% vergi ödəməsi onların gəlirlərinə əlavə vergi tutulması deməkdir.
Əslində, Mərkəzi Bankın balansındakı “Dövriyyədə olan əskinaslar və sikkələr” maddəsi ilə “Hökümət qarşısında öhdəliklər” maddələrindəki məbləğlərin maliyyə sisteminə daxil olma formaları və mexanizmləri fərqli olsa da, likvidlik səviyyəsinə təsir baxımından eyni qüvvəyə malikdirlər. Dövriyyədə olan manat birincidən çıxıb ikinci hesabda öhdəlik kimi əks olunacaq. Ona görə də likvidliklə bağlı əhəmiyyətinin olmadığını düşünürəm”.
Mübariz BAYRAMOV 

 

Sizin Reklam Yeriniz