Əlaqə Arxiv
news Image
2016.12.30
21:30
| A A A
2020-ci ilədək nağdsız əməliyyatların xüsusi çəkisi 30%-ə çatdırılacaq

Azərbaycanda rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə işçi qrup yaradılacaq. Movqe.az xəbər verir ki, bu barədə Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsində deyilir.

 
Qrupa Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Vergilər Nazirliyi, ölkədə fəaliyyət göstərən mobil operatorlar və ödəniş sistemlərinin fəaliyyətində iştirak edən digər subyektlərdən ibarət işçi qrup yaradılacaq. İşçi qrup öz fəaliyyəti çərçivəsində rəqəmsal ödəniş sistemlərinin tətbiqi üzrə beynəlxalq təcrübəni və onun Azərbaycanda tətbiqi perspektivlərini araşdıracaq və müvafiq təkliflər hazırlayacaq.
 
İşçi qrup apardığı araşdırmaların nəticələrinə əsaslanaraq, rəqəmsal ödənişlərlə bağlı qanunvericilikdə müvafiq dəyişikliklər edilməsi üçün təkliflər irəli sürəcək. Bu dəyişikliklərin əsas məqsədi rəqəmsal ödəniş sisteminin inkişafı üçün münbit şərait yaradılmasından ibarət olacaq. İşçi qrup tərəfindən irəli sürüləcək təkliflər, əsasən, aşağıdakı istiqamətləri əhatə edəcək:
 
- pul köçürmələri üzrə tənzimləmə və hüquqi çərçivənin yenilənməsi (məsələn, mobil operatorlara rəqəmsal ödəniş fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaların verilməsi);
- elektron interfeyslərin milli ödəniş infrastrukturu ilə inteqrasiyası (məsələn, milli ödəniş sistemi və bank hesabları arasında inteqrasiyanı artırmaqla, avtomatlaşdırılmış kommunal xərc ödənişlərinin genişləndirilməsi);
- köçürmələr zamanı məlumatların yoxlanılması üçün banklararası məlumat mübadiləsi sisteminin daha səmərəli və effektiv fəaliyyəti;
- banklar tərəfindən onlayn və mobil xidmətlərin funksionallığının artırılması üçün stimulların yaradılması (məsələn, dövlət tərəfindən bəzi xidmətlərin ödənişsiz təklif edilməsi, onlayn xidmətlər üçün digər maliyyə stimulları);
- onlayn ödəniş təminatçıları üçün hüquqi bazanın təkmilləşdirilməsi;
- mobil və onlayn ödənişlərin dəstəklənməsi və onların təhlükəsizliyinin təmin olunması üçün ödəniş sistemlərində elektron imzanın, o cümlədən mobil imzanın istifadəsinin genişləndirilməsi.
 
İşçi qrup biznes qurumları və əhali tərəfindən rəqəmsal ödənişlərin geniş istifadəsi üçün əlavə stimullaşdırma proqramlarının və təşviqedici tədbirlərin həyata keçirilməsi məqsədilə atılacaq addımları müəyyən edəcək və bu istiqamətdə qərarlar qəbul edərkən aşağıdakıları nəzərdən keçirəcək:
- banklar tərəfindən “xüsusi təkliflər - fərqli qiymətlər” formatında qiymət diferensiasiyasının həyata keçirilməsini təşviq etməklə, əhalinin rəqəmsal ödənişlərə marağının artırılması;
- sahibkarlıq subyektlərinin rəqəmsal ödənişləri geniş tətbiq etmələri üçün stimulların və məhdudlaşdırmaların tətbiqi (məsələn, rəqəmsal ödənişlər zamanı tutulan komisyon haqları üzrə limitlərin tətbiqi və ya bonuslar şəklində stimulların verilməsi, habelə nağd əməliyyatlar üzrə maksimal hədlərin müəyyənləşdirilməsi).

Rəqəmsal ödənişlərin geniş tətbiqi ölkədə “kölgə” iqtisadiyyatının həcmini əhəmiyyətli dərəcədə azaltmaqla, ödəmələrin uçotunun aparılmasına, iqtisadiyyatda yaranan əlavə dəyərin tam şəkildə rəsmiləşdirilməsinə və vergi daxilolmalarının artmasına zəmin yaradacaq. Bu prioritetin həyata keçirilməsi ticarət əməliyyatları və hesablaşmalarda, ümumiyyətlə, maliyyə sistemində şəffaflığın daha da artırılmasını şərtləndirəcək ki, bununla da 2020-ci ildə real ÜDM-in 40 milyon manat birbaşa, 15 milyon manat dolayı olmaqla, ümumilikdə 55 milyon manat artacağı proqnozlaşdırılır.
 
Sənəddə əsasən, internet və mobil bank sistemlərində elektron imzanın əhatə dairəsinin 2016-cı ildəki 20%-dən 2020-ci ildə 80-100 faiz aralığı səviyyəsinə çatdırılması; POS-terminallar vasitəsilə həyata keçirilən əməliyyatların məbləğinin 400 milyon manatdan 2,7 milyard manatadək artması, nağdsız qaydada həyata keçirilən kart əməliyyatlarının xüsusi çəkisinin 2016-cı ildəki 8%-dən 2020-ci ilədək 30%-ə, 2020-2025-ci illərdə 50%-ə, 2025-ci ildən sonra isə 80%-ə çatdırılması; istehlak xərclərində POS-terminallar vasitəsilə aparılan nağdsız əməliyyatların payının hazırkı təxmini 1%-dən 8-9%-dək artması nəzərdə tutulub.

Bu prioritetin tətbiqi üçün 2020-ci ilədək 15 milyon manat investisiya qoyuluşunun tələb olunacağı proqnozlaşdırılır.

Sizin Reklam Yeriniz