Əlaqə Arxiv
news Image
2017.02.21
11:39
| A A A
Kreditlər ucuzlaşır
Əkrəm Həsənov: “Banklar tərəfindən özlərinə iri şirkətlərə, şəxslərə çox böyük məbləğdə aşağı faizlə kredit verilib” Cəfər İbrahimli: “Əvvəlki illərdə verilmiş kreditlərə faiz endirimi güzəşti tətbiq olunduğu üçün kreditlər üzrə orta faiz dərəcəsinin azaldığı müşahidə oluna bilər” Xalid Mikayılov: “kreditlərin strukturunda güzəştli kreditlərin həcmi artıb”

Azərbaycanda həm manat, həm də dollarla kreditlər üzrə orta faiz dərəcəsi aşağı düşüb. Bu barədə Azərbaycan Mərkəzi Bankının aylıq hesabatında deyilir. Manatla kreditlər üzrə orta faiz dərəcəsi aylıq 0,13 faiz bəndi azalaraq cari il yanvarın 1-nə 12,05%, xarici valyuta ilə verilən kreditlər üzrə isə 0,56 faiz bəndi azalaraq 8,60% təşkil edib. Bu müddətdə fiziki şəxslərə manatla verilən kreditlər üzrə orta faiz dərəcəsi 16,07%-dən 15,71%-ə, xarici valyutada kreditlər isə 17,30%-dən 16,04%-ə enib. Hüquqi şəxslərə manatla verilən kreditlər bahalaşıb, xarici valyutada isə ucuzlaşıb. Belə ki, dekabrda hüquqi şəxslərə manatla verilən kreditlər üzrə orta faiz dərəcəsi 8,36%-dən 8,55%-ə yüksəldiyi halda, xarici valyutada verilən kreditlərdə orta faiz 5,71%-dən 5,59%-ə enib.

Mütəxəssislər göstərilən azalmanı müxtəlif səbəblərlə izah edirlər. Hesab edilir ki, bu amil kredit bazarını canlandıra bilər. Amma bunun üçün ümumi iqtisadi aktivlik də önəmli məsələ kimi göstərilir.
Bank məsələləri üzrə mütəxəssis Əkrəm Həsənov bildirdi ki, bu rəqəmlər açıqlansa da, həm fiziki, həm də hüquqi şəxslərin bazarda aşağı faizlə kredit alması çətin müşahidə edilir: “Bunun da obyektiv səbəbi var. Nəzərə alaq ki, 2016-cı il fevral ayında Mərkəzi Bankın uçot dərəcəsi 3 faiz idi. Bu gün isə həmin rəqəm 15 faizdir. Yəni, ötən ilə nisbətən uçot dərəcəsi 5 dəfə artıb. Bu, o deməkdir ki, banklarda digər kreditlər üzrə faiz dərəcəsi düşə bilməz. Mərkəzi Bankın indi bəyan etdiyi isə, orta statistik göstəricidir. Bunun da səbəbi var. 
Banklar tərəfindən özlərinə yaxın olan, iri şirkətlərə, şəxslərə çox böyük məbləğdə aşağı faizlə kredit verilib. Hətta bank rəhbərləri öz şirkətlərinə aşağı faizlə kreditlər verirlər. Bu baxımdan da kreditlər üzrə orta faiz dərəcəsi aşağı düşüb”. 
Bank məsələləri üzrə digər iqtisadçı Cəfər İbrahimli isə bildirir: “Son dönəmdə kreditlərin az verilməsi və əvvəlki illərdə verilmiş kreditlərə faiz endirimi güzəşti tətbiq olunduğu üçün kreditlər üzrə orta faiz dərəcəsinin azaldığı müşahidə oluna bilər. Ancaq iqtisadiyyatın fundamental problemlərinin və maliyyə bazarlarında sabitlik təmin olunmadığı müddətə risk faktorunun yüksək olması fonunda faizlərin kəskin aşağı düşməsi çətin olacaq”.
Digər iqtisadçı-ekspert Xalid Mikayılov bildirdi ki, ümumi kredit qoyuluşu azalıb deyə, kreditlərin strukturunda güzəştli kreditlərin həcmi artıb: “Onların faizləri aşağı olduğu üçün orta faiz düşüb. Kredit bazarında canlanma üçün isə konkret iqtisadi aktivlik artmalıdır. Bunun üçün ölkədə manatın məzənnəsi sabitləşməlidir”. 
Ekspert əlavə etdi ki, bu azalma həmçinin kreditlərə ümumi tələbin azalmasından da ola bilər: “Bu da qeyd etdiyimiz kimi, iqtisadi aktivliyin azalmasındandır. Amma mərkəzləşmiş faizlər 15%-ə qaldırdığı bir şəraitdə bu, çətin görünür. Həmçinin depozitlər,  xüsusi ilə manat depozitləri azalıb.  Bu gün 80% dollar depozitləridir”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz