Əlaqə Arxiv
news Image
2017.02.28
09:50
| A A A
Neft qiymətləri manatın məzənnəsinə təsir göstərmir
Vüqar Bayramov: “Neftin dünya bazarındakı qiyməti manatın məzənnəsinə təsir göstərir” Natiq Cəfərli: “Hər bir ölkənin milli valyutasının dəyəri nə qədər xarici valyuta qazanması ilə ölçülür”

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı maraqlı açıqlama verib. O, Azərbaycanın manatının dollara nisbətən məzənnəsi neftin qiymətindən asılı olmayaraq formalaşdığını bildirib: “Məzənnə ilə neft qiymətləri arasında indiki halda əlaqə yoxdur. Bu, bilərəkdən belə müəyyənləşdirilib. 1998-ci ildə biz Dövlət Neft Fondunu yaradanda bilirdik ki, bir il ərzində ölkəmizə ÜDM-in 5 qatı həcmində valyuta daxil olacaq. Ona görə, biz həmin valyutanı iqtisadiyyatdan sterilizasiya edirdik, həmin valyuta Dövlət Neft Fonduna gedirdi. Həmin dollar kütləsi bazara çıxmadığına görə, onun məzənnəyə təsiri yoxdur. İndi dollar bazara necə çıxır? Dövlət Neft Fondu büdcə öhdəliklərini yerinə yetirmək üçün dollardakı vəsaitini bazara çıxarır, manata çevirir və büdcəyə transfer edir. Bu da yenə neftin qiymətləri ilə əlaqəli deyil. Çünki Dövlət Neft Fondu dolları ucuz olanda alıb, baha olanda satmır. Fondun büdcə ödənişlərini təmin etməklə bağlı öhdəliyi var. Dövlət Neft Fondu da büdcə qarşısındakı öhdəliyini Mərkəzi Bank və Maliyyə Nazirliyi ilə müəyyən edərək lazım olan vaxtda, lazımı məbləğlərdə dollar sataraq yerinə yetirir. Neftin qiymətinin bizim iqtisadiyyatın dayanıqlığına təsiri var. Amma neftin qiymətinin birbaşa dolların məzənnəsinə təsiri yoxdur”.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirir ki, manatın məzənnəsinin neftin qiymətindən asılılığının aradan qaldığını demək tezdir: “Çünki Azərbaycan neft ölkəsidir və ixracatının böyük hissəsini neft və neft məhsulları təşkil edir. Bu isə o deməkdir ki, neftin dünya bazarındakı qiyməti manatın məzənnəsinə təsir göstərir. Elə Mərkəzi Bankın hesablamalarında da neftin qiyməti əsas faktor kimi göstürülür. 
İndiki halda neftdən asılılığın aradan qaldırılması hədəf olmalıdır. Əslində bu hədəfdir də. Prirotet də ondan ibarətdir ki, manatın neftin dünya bazarındakı qiymətindən asılılığı aradan qaldırmaq mümkün olsun. Bu istiqamətində fəaliyyətlər həyata keçirilir. Strateji yol xəritələri də ondan xəbər verir ki, manatın kursunun neftdən asılılığının aradan qaldırılması prioritetdir. Bu, növbəti illər üçün hədəfdir. Çünki bunun üçün ixracatda neftin payının azaldılmasına ehtiyac var. 
İxracatda neftin payının 50 faiz qədər azaldılmasına nail olunması nəticədə manatın neftdən asılılığının aradan qaldırılmasına gətirib çıxara bilər. İndiki halda isə manatın neftdən asılılığının aradan qalxdığını demək tezdir. Amma bu hədəfdir. İqtisadiyyatın diversifikasiyası gələcəkdə manatın neftlə əlaqəsini minimuma gətirib çıxaracaq. İxracatda neftin payı nə qədər az olarsa, nəticə etibarı ilə ölkəyə daxil olan valyutanın həcminə neftin təsiri minimumlaşar. Bu da manatın dəyərinin neftdən asılılığını aradan qaldırar. İqtisadi diversifikasiyanın  reallaşması bu məqsədə çatmağa imkan yarada bilər”.
Digər iqtisadi-ekspert Natiq Cəfərli bildirir: “Hazırda manatın məzənnəsinin formalaşmasında inzibati amillər də yer alır. İndiki şəraitdə məzənnənin inzibati qaydada formalaşmasında başqa yolu da yoxdur. Çünki bazarda dollar satan tərəflərin sayı azdır. 
Bu gün dollar satan Dövlət Neft Fondu və Mərkəzi Bankın özüdür. Hər bir ölkənin milli valyutasının dəyəri nə qədər xarici valyuta qazanması ilə ölçülür. Valyuta qazandığımız sahələrimizin əvvəlində isə neft və neft məhsulları gəlir. Ona görə də hələlik manatın məzənnəsinin neftdən asılılığı var. Amma birbaşa neftdən asılılığı o mənada yoxdur ki, hələ də Mərkəzi Bank məzənnəni ölkənin makroiqtisadi vəziyyətinə uyğun olaraq müəyyənləşdirir”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz