Əlaqə Arxiv
news Image
2017.03.28
09:40
| A A A
Bank əmanətlərində manatın payı dolları keçəcək?!
Vüqar Bayramov: “Əmanətlərin valyuta strukturunun dəyişdirilməsi üçün manata inamın bərpa edilməasi həlledici faktordur” Yaşar Əsədov: “Əhalinin milli valyutamıza olan etibarı yenidən bərpa olunacaq”

Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, fevralın 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,4 faiz azalaraq 7 milyard 747,2 milyon manat təşkil edib.  Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən isə, əmanətlərin 81,2 faizi xarici, 18,8 faizi isə milli valyutada qoyulub. Əmanətlərin 76 faizi əhali tərəfindən özəl banklarda yerləşdirilib. Göründüyü kimi əmanətlərin həcmində xarici valyutanın xüsusi çəkisi yüksək olaraq qalır. Buna səbəb nədir və manata tələbin artması fonunda əks proses başlana bilərmi? 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun fikrincə, bank əmanətlərində xarici valyutanın çəkisinin artmasına səbəb olan başlıca amil devalvasiya nəticəsində manata olan inamın azalması tendensiyasıdır: “2015-ci ilin fevral və dekabr aylarında baş verən devalvasiya prosesi milli valyutaya olan inamın azalmasına gətirib çıxardı. 2014-cü ildə bütün əmanətlərin yalnız 32 faizi xarici valyutada saxlanılırdısa, 2017-ci ildə bu rəqəm 82 faizə qədər yüksəldi. 
Azərbaycan postneft dövrünə manatla olan əmanətlərin həcminin böyük olması ilə daxil olsa da, bir müddət sonra xarici valyutada olan əmanətlərin həcmində artımlar baş verdi. Bu hal da manata inamın zəifləməsi fonunda özünü gösgərdi və belədə banklarda xarici valyuta ilə saxlanılan əmanətlərin həcmi də artdı. Manat xüsusən də 2015-2016-cı illər ərzində  ciddi dəyər itirib. Manatın dəyər itirməsi də əmanət yığımında dollarlaşma səviyyəsinin artaraq 80 faiz üzərində olmasına gətirib çıxardı”. 
Həmsöhbətimiz qeyd etdi ki, vəziyyətin belə olmasının qarşısını almaq üçün müəyyən addımların atılmasına ehtiyac var: “Öncə manata inamın bərpasına nail olmaq gərəkdir. Dollarlaşma səviyyəsinin azaldılması üçün manata inamın bərpa edilməsi olduqca vacibdir. Eyni zamanda, təklif etmişik ki, xarici valyutalar üzrə yığım, xüsusən də sığortalanan valyutalarla bağlı fərqli yanaşmalar tətbiq olunsun. Düzdür, hazırda dollarla 3 faizədək manatla isə 15 faizədək olan əmanətlər sığortalanır. Bu fonda nəzərə alaq ki, bəzi banklar manatla 15 faiz yuxarı dividend təklif edir,  xarici valyutada olan əmanətlərin sığortalanma faiz dərəcəsinin 1 faizə qədər aşağı salınması, manatla olan əmanətlərin faiz dərəcəsinin isə 18 faizə kimi yüksəldilməsi məqsədəuyğundur. Belə bir addımın atılması imkan verəcək ki, manatın stabilliyi bərpa olunduqda milli valyuta ilə yığımlara maraq da arta bilər. Nəticədə əks prosesi, yəni əmanətlərin həcmində manatın çəkisinin artması tendensiyasını yenidən müşahidə edə bilərik. Burada əhəmiyyətli məqamlardan biri də valyutanın stabilliyinin bərpa edilməsi məsələsidir. Çünki Rusiya və Qazaxıstan təcrübəsi göstərir ki, stabilliyin bərpa edilməsi milli valyuta ilə yığımın artmasına gətirib çıxarır. Həmçinin proses qısamüddətli deyil, ən azından ortamüddətli dövr üçün nəzərdə tutulan olmalıdır. Bütün hallarda əmanətlərin valyuta strukturunun dəyişdirilməsi üçün milli valyutaya inamın bərpa edilməasi həlledici faktor olaraq  qalır”. 
Digər iqtisadçı-ekspert Yaşar Əsədov bildirdi ki, devalvasiya fonunda əhalinin milli valyutaya olan inamsızlığı bank əmanətlərinin həcmində xarici valyutanın çəkisinin artmasına gətirib çıxarıb: “Ümid edək ki, əhalinin milli valyutamıza olan etibarı yenidən bərpa olunacaq.  
Hazırda dollarla manat əmanətləri arasında yaranan böyük fərq ilk növbədə sonuncu devalvasiyadan sonra əhalidə yaşanan inamsızlıqdan qaynaqlanır. Manat depozitləri üzrə ödənilən bank faizləri prinsip etibarı ilə real inflyasiyadan aşağıdır. Düzdür, rəsmi statistikaya görə ölkədə inflyasiya birrəqəmlidir. Ancaq  bankların verdikləri kreditə görə aldığı faizlər təxminən 25-30 faiz arasında var-gəl edir. Əhali də bu amili hiss etdiyindən indilikdə dollarla əmanət qoyuluşuna daha çox önəm verir”. 
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz