Əlaqə Arxiv
news Image
2017.03.29
09:50
| A A A
Virtual pullar Azərbaycana da ayaq aça bilər
Cümşüd Nuriyev: “Virtual pullardan istifadə manatın məzənnəsinin möhkəmlənməsinə xidmət edəcək” Samir Əliyev: “Azərbaycanda bitkoin pullardan ancaq yığım vasitəsi kimi istifadə oluna bilər”

Dünyada bitkoin, yəni virtual pullara tələb getdikcə artır. Bu pullardan istifadə edənlərin sayı, əhatə dairəsi çoxalır. Xüsusən də Qərbdə, Yaponiyada, bəzi digər Asiya ölkələrində bitkoinlərə maraq sürətlə artır. İnternet üzərindən ticarətdə bu pullardan istfiadə sürətlə artır. Bəs, Azərbaycanda da bitkoinlərdən istifadə mümkündürmü və bu hal maliyyə bazarına nə vəd edir?  

İqtisadçı-ekspert Cümşüd NuriyevAzərbaycanda da bitkoinlərdən istifadəni mümkün hesab etdi: “Çünki Azərbaycanda kifayət qədər informasiya resursları vardır. Həmçinin sosial şəbəkədən istifadə edənlərin sayı da çoxdur. Bu zaman əməliyyatı həyata keçirmək üçün internet üzərindən istifadə etmək olar. 
Virtual pullardan istifadənin ölkənin maliyyə bazarına necə təsir edəcəyini əvvəlcədən proqnozlaşdırmaq isə bir qədər çətindir. Çünki ölkənin maliyyə bazarının özündə hələlik bir qeyri-müəyyənlik var. Yəni, sabit şəkildə maliyyə bazarı formalaşmayıb, qiymətli kağızlar bazarı da istədiyimiz səviyyədə deyil. Müəyyən mənada bitkoinlərdən istifadə maliyyə bazarına təsir edə bilər. Ancaq bu təsirin geniş olacağına inanmıram.Virtual pullardan istifadə müəyyən mənada manatın məzənnəsinin möhkəmlənməsinə xidmət edə bilər. Bütün hallarda bu addım bir yenilikdir, ona görə Azərbaycan da ondan istifadə etməlidir. Digər bir çox yeniliklər ölkəmiz üçün müsbət nəticələr verib. Ona görə bitkoinlərdən istifadə də müsbət effekt verəcək. Buna internet üzərindən satışın geniş olması da imkan yaradır. Satış manatla olmasın, bitkoinlə aparılsın, heç bir fərqi yoxdur”. 
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev isə bildirdi ki, risq dərəcəsi güclü olduğundan Azərbaycanda bitkoinlərin tətbiqi arzuolunan deyil: “Bitkoinlər elektron valyuta hesab olunur. Məhdud həcmdə buraxılan bir ödəniş vasitəsidir və onun da qiyməti bir müddət həddən çox bahalaşdı. Son vaxtlar isə bir qədər ucuzlaşma baş verib. Azərbaycanda isə alqı-satqı vasitəsi kimi bitkoin pullar tətbiq olunmur. 
Ümumiyyətlə götürdükdə, bəzi ölkələrdə belə virtual pulların tətbiqi qadağandır. Digərlərində məhdud miqdarda onlardan istifadəyə icazə verilir. Azərbaycanda bitkoin pullardan ancaq yığım vasitəsi kimi istifadə oluna bilər. Kimsə yığım vasitəsi olaraq virtual pullardan istifadə edir, amma ondan istifadə etdikdə mütləq onu ənənəvi valyutaya çevirməlidir. Bütün hallarda bitkoin valyutası risqli valyutadır. Ənənəvi pulun arxasında hansısa hökumət dayanır. Amma bitkoin pulların arxasında duracaq bir institut, problem yarananda cavabdeh olacaq qurum yoxdur. Eyni zamanda, bitkoin pulların məzənnəsi kəskin oynayır. Bütün hallarda bitkoinlər ənənvi valyutanı əvəz edə biləcək valyuta hesab oluna bilməz. Azərbaycanda bitkoinlər tətbiq olunmadığından onun ölkənin maliyyə bazarına təsir imkanları da yox dərəcəsindədir”.
 Rüfət NADİROĞLU 

Sizin Reklam Yeriniz