Azərbaycanda keçirilən son hərracda dollar manata nisbətən müəyən qədər bahalaşıb. Halbuki ölkədə son zamanlar dollara tələb azalıb. Bunun əksinə olaraq manata tələbat artır. Eyni zamanda xarici ticarətdə müsbət saldo müşahidə olunur. Belə bir vəziyyətdə dolların cüzi də olsa bahalaşması nə ilə bağlıdır?
İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov bildirdi ki, dollar son zamanlar dünya birjalarında müəyyən qədər möhkəmlənmə kursu götürdüyündən bu tendensiya özünü cüzi də olsa manata nisbətdə də göstərib: “Əslində, son keçirilən hərracda dollar manata nisbətən elə də ciddi şəkildə bahalaşmayıb. Bahalaşma baş veribsə də, bu, özünü cüzi şəkildə göstərib.
Bir müddət bundan öncə bildiyiniz kimi ABŞ Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini artırdı. Məhz bu artımdan sonra dollar indeksində müşahidə olunan geriləmə cari həftənin ilk günündən etibarən əks istiqamətdə dəiyişikliklə müşahidə olunur. Yəni, dollar dünya birjalarında artıq yenidən möhkəmlənmək istiqamətində dinamika nümayiş etdirir. Bunun özü də az da olsa Azərbaycan bazarlarına təsir göstərib. Bu, həmçinin bankların spekulyativ davranışlarını da tətikləyən amillərdən biridir. Bu baxımdan həmin amil tələbi artıran fakt hesab olunur. Dolların cüzi bahalaşmasına rəvac verən digər məsələ isə uzun müddət Azərbaycanda qeyri-iş gününün olması ilə bağlıdır. Həmin qeyri-iş günlərindən sonra yeni iş gününün başlanması və bu fonda bankların müəyyən öhdəlikləri yerinə yetirməsilə bağlı olaraq fəaliyyətlərinin həcmi artıb. Bu da son nəticədə dollara olan ehtiyacın nisbətən artımına səbəb olub. Son nəticədə də hərraclarda bahalaşma baş verdi.
O ki qaldı xarici ticarətdə müsbət dinamikanın olmasına, buna rəvac verən başlıca səbəb neft qiymətlərinin son 3-4 ayda ötən illə müqayisədə nisbətən yüksək səviyyədə olması ilə əlaqədardır. Neftin orta qiyməti bu dövrdə təxminən 55 dollar civarında olub. Bu isə müsbət saldonun yaranmasına gətirib çıxardır. Amma nəzərə alaq ki, neft pulları birbaşa olaraq dövriyyəyə daxil olmur. Neft Fondunun büdcəsinə daxil olur. Bu fond da nəzərdə tutulan qrafik üzrə öhdəliklərini yerinə yetirdiyi üçün vəsaitlər bazara daxil olur və burada dollar bolluğu yaradaraq təklifi çoxaltmır, eyni zamanda manat üzərində təzyiqi azaltmır. Belədə cüzi də olsa hazırda dolların artım dinamikasını müşahidə edirik”.
Rüfət NADİROĞLU