Əlaqə Arxiv
news Image
2017.04.01
09:00
| A A A
Bankların yanlış kredit siyasəti məhkəmələrə müraciətlərin sayını artırır
Əkrəm Həsənov: “Banklar müştəriyə yükək faizlə kredit verib borclandıraraq onlara problemlər yaradıblar” Cəfər İbrahimli: “Məhkəmə ilə problemli kreditlərin hamısının geri qaytarılacağı real görünmür”

Məhkəmələrdə bank-müştəri münasibətləri ilə bağlı işlər həddindən artıq çoxalıb. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı açıqlama verib. 

Rüfət Aslanlının sözlərinə görə, bu gün məhkəmələrdə 700 min iş var. Bu işlərin 40%-i, yəni 280 mini bank-müştəri münasibətləri ilə bağlıdır. İqtisadi məsələlər üzrə hüquqşünas Əkrəm Həsənov hesab edir ki, bunun əksər səbəbi bankların günahıdır: “Banklar müştəriyə yükək faizlə kredit verib borclandıraraq onlara problemlər yaradıblar. İndi isə borcluların ödəniş qabiliyyəti zəifləyib. Yaxud da bəzilərinin ödəniş qabiliyyəti var, amma indiki şəraitdə bankların şərtlərini ədalətsiz hesab edirlər. Buna görə də borcu bağladıqları müqavilə şərtləri ilə ödəmək istəmirlər. Şərtlərdə dəyişiklərin olmasını istəyirlər. Nəticədə bankların məhkəməyə şikayətləri artıb. Amma son zamanlar tendensiya dəyişməkdədir. 
Əvəllər daha çox banklar müştəriləri məhkəməyə verirdisə, indi isə müştərilər kredit müqaviləsi şərtlərinə etiraz edirlər. Ancaq ədalət naminə onu da demək lazımdır ki, bir sıra müştərilər sadəcə, vaxt qazanmaq istəyirlər. Ödənişdən bilərəkdən yayınırlar. Problem kökü odur ki, banklar bütün müştərilərə eyni münasibət göstərdi. O zaman da son belə oldu. Banklar ədalətli olmalı idilər. Həqiqətən ödəniş qabiliyyəti olmayanın borcunu bağışlasalar, ədalətsiz şərtlərlə verdikləri kreditlərə güzəştlər etsələr, amma ödəmə qabiliyyəti olan borcluların üzərinə getsələr, cəmiyyət həmin şəxsləri müdafiə etməyəcək. Bu gün həmin dələduzlar yaranmış problemdən sui-istifadə edirlər. Bütün hallarda əsas günahkarlar banklardır”.
Hüquqşünas əlavə etdi ki, məhkəmələr problemli kreditlərin həcmini qismən azalda bilər: “Əksər insanlar  birinci instansiya məhkəməsinin çıxardığı qərarla qane olmur. Appelliyasiya şikayəti verməklə vaxt qazanmağa çalışırlar. Hansı ki, buna da illərlə vaxt gedir. Bir çox hallarda isə illər sonra məhkəmə qərarı qüvvəyə minəndə vətəndaşın ödəniş qabiliyyəti olmur. Yaxud da qoyulan girovun qiyməti xeyli düşmüş olur. Proses illəri əhatə etdiyindən banklar da həmin dövrə qədər davam gətirməyərək bağlana bilərlər. Amma indiki məhkəmə prosesləri problemli kreditlərin həcmini ciddi azaltmayacaq”. 
Bank məsələləri üzrə ekspert Cəfər İbrahimli bunun gözlənilən olduğunu deyir: “Nəzərə alaq ki, son illər Azərbaycanda problemli kreditlərin həcmi artıb.  Bankların da vəziyyətini pisləşdirən məhz verilmiş kreditlərin geri qayıtmamasıdır. Ancaq müəyyən müddətdən sonra kreditlərin geri qaytarılması, girovların kreditə yönəldilməsi üçün tək yol qalır ki, bu da məhkəmyə müraciət etməkdir. Bu baxımdan bankların məhkəmlərə müraciəti artıb. Bu rəqəmlər reallığı əks etdirir”. 
Cəfər İbrahimlinin fikrincə, məhkəmə ilə problemli kreditlərin hamısının geri qaytarılacağı real görünmür: “Lakin ən azından çıxarılan vəsait təyinatına uyğun xərclənib xərclənməsə də, ortadadır. Vəsait buxarlanıb yoxa çıxmayıb. Bu mənada bankların maddi vəziyyətinin yaxşılaşdırılması üçün məhkəmə orqanının fəaliyyəti aktivləşməli, bu vəsaitlərin bir qədər geri qaytarılması təmin olunmalıdır. Loyal davranmaq çıxış yolu olmayacaq”. 

Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz