Əlaqə Arxiv
news Image
2017.04.06
09:15
| A A A
Dollar idxal məhsullarını ucuzlaşdıracaq
Ruslan Atakişiyev: “Dolların məzənnəsinin dəyişməsi xaricdən idxal olunan məhsulların bazar qiymətinə təsir etməlidir” Qubad İbadoğlu: “İqtisadi qanunlara uyğun olaraq idxal məhsullarının qiyməti dolların məzənnəsinə uyğun dəyişməlidir”

Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə keçirilən son hərracda dollar bir qədər də ucuzlaşdı. Hərracda manatın orta çəkili məzənnəsi 1,7145 səviyyəsində formalaşıb. Bundan əvvəlki rəsmi məzənnəsi isə 1,7244 manat idi. Diqqəti çəkən məqam odur ki, son aylarda dolların məzənnəsində dəyişmələr cüzi baş verir. Belə ki, məzənnə əsasən sabit bir intervalda qalır. Amma bu fonda ərzaq və digər məhsulların qiymətində ucuzlaşma elə də nəzərə çarpmır. 

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev da hesab edir ki, dolların məzənnəsinin dəyişməsi xaricdən idxal olunan məhsulların bazar qiymətinə təsir etməlidir: “Dolların məzənnəsi yüksək olan vaxtı idxal edilən məhsulların qiyməti də baha olur. Müşahidələr onu göstərir ki, əsasən tikinti materiallarının qiyməti müvafiq olaraq dəyişir. Lakin bunu qida məhsullarında görmürük. Bu da bazardakı məhsullara olan tələbin elastikliyindən irəli gəlir. 
Bazarda elə məhsullar var ki, onların qiymət, tələb elastikliyi yüksəkdir. Ancaq tələb elastikliyi aşağı olan məhsullar da var. Məsələn, çörəyin tələb elastikliyi aşağıdır. Çörəyin qiyməti nə qədər qalxsa da, insanlar onu məcburən almalıdırlar. Qida məhsullarının çoxu zəruri məhsuldur. Lakin tikinti materiallarında qiymətin dəyişməsi həmin tiçarətçilərə mənfi təsir göstərir. Çünki tikinti materialı zəruri məhsul deyil. İnsanlar onun alışını bir müddətlik təxirə də sala bilərlər. Odur ki, satıcılar qiymət elastikliyini nəzərə alıb qiyməti tez-tez dəyişmirlər. Bununla da özlərini sığortalamış olurlar. Qiymətlər artıbsa, yenidən qiyməti aşağı salmaqda maraqlı olmurlar. Bununla da məzənnə fərqində daha çox qazanmaq istəyirlər”.
Digər iqtisadçı-ekspert Qubad İbadoğlunun sözlərinə görə, dolların ucuzlaşmasına baxmayaraq, satıcılar qiymətin ucuzlaşmasında maraqlı olmur: “Rəqabət mühiti zəif olduqda isə bu iş bir qədər də çətinləşir. Əslində, iqtisadi qanunlara uyğun olaraq idxal məhsullarının qiyməti dolların məzənnəsinə uyğun dəyişməlidir. 
Dollar ucuzlaşırsa, həmçinin idxal avadanlığı tətbiq olunan yerli məhsulların da satış qiyməti ucuzlaşmalıdır. Amma bu gün ticarət mərkəzlərində qiymətlərin ucuzlaşmasını müşahidə etmirik. Birinicisi, rəqabət mühiti güclənməlidir. Topdansatış qiymət ucuzlaşmırsa, pərakəndə satış qiyməti də ucuzlaşmayacaq. Əgər supermarketlərin bir neçəsində qiymət ucuzlaşarsa, digərlərində də qiymət rəqabətinə girə bilərlər. Bu da qiymətlərlə bağlı bazarda ümumi səviyyəni aşağı salar.  Amma biz bu gün idxal məhsullarının qiymətinin bahalaşdığını müşahidə edirik”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz