Əlaqə Arxiv
news Image
2017.04.06
09:53
| A A A
Manata artan tələb dolları ucuzlaşdırır
Cəfər İbrahimli: “İqtisadi subyektlərin mövcudluqlarını davam etdirməsi üçün manata ehtiyac var” Rəşad Həsənov: “Baş verən proses manatın nisbətən möhkəmlənməsinə gətirib çıxaracaq”

Mərkəzi Bankın keçirdiyi son valyuta hərracına 35 milyon dollar çıxarılıb.  Həmin vəsaitin yarıdan çoxu satılmayıb. Hərracda banklar cəmi 15 milyon 600 min dollar alıb. Qalan 19 milyon 400 min dollar satılmamış qalıb. Qeyd edək ki, Mərkəzi Bankın manat üzrə məcburi ehtiyatlara tələbi yüksəltməsi və depozit hərraclarında aktivliyin artması manatın sterilizasiyasını gücləndirib. Təsadüfi deyil ki, Mərkəzi Bank manatla olan notlarını da tam sata bilmir. Buna görə də  valyuta hərracına çıxarılan dollar kütləsinin tam satılmamasını şərtləndirən amillərdən biri də odur ki, banklar dollar almağa manat tapmırlar. Belə vəziyyət manatın gələcək kursuna, onun dollar və digər valyutalar qarşısında məzənnəsinə necə təsir edəcək?

«Kapital Menecment» İnvestisiya Şirkətinin direktoru Cəfər İbrahimli bildirdi ki, banklarda dollar almağa manatın tapılmaması milli valyutanın hazırkı kursuna ciddi təsir göstərməyəcək: “Məsələ ondadır ki, son zamanlar valyuta bazarında stabilliyin olması üçün başlıca yol dövriyyədə manatın nisbətən azaldılmasından keçirdi. Valyuta hərraclarında son zamanlar daha çox mütəmadi olaraq oynaqlıq müşahidə edilirdi. Stabilləşməyə nail olmağın tək yolu da dövriyyədə olan manatın nisbətən azaldılması hadisəsi oldu. Yəni, manata daha çox tələbat yaradıldı. Banklara investisiya etmək imkanı yarandı. 
Digər tərəfdən, Mərkəzi Bank  valyuta hərracları ilə tədavüldəki vəsaitləri, yəni manat  bazasını azaltmağa çalışdı. Eyni zamanda ilin əvvəlində Azərbaycanda idxal-ixrac əməliyyatları kifayət qədər aşağı həddə olur. İlin birinci rübündəki idxal-ixrac əməliyyatlarına nəzər salsaq, onu da görürük ki, valyutaya böyük ehtiyac olmur. Çünki birinci rübdə xərcləmələr az olur. Bütün bu kimi məsələlər fonunda yaxın dönəmlər üçün dollara tələb azlığı hiss olundu. Nəzərə alaq ki, bankların özlərində, əhalidə kifayət qədər dollara meyl artmışdı. Amma iqtisadi subyektlərin mövcudluqlarını davam etdirməsi üçün manata da ehtiyac var. Bu anlamda manata ehtiyacın yaranması ilə dolayı şəkildə məzənnə prosesində milli valyutanın kursu bir qədər geri çəkildi. Hazırda isə kursda dəyişiklik olması üçün ciddi tələblər yoxdur. Bunun da bir səbəbi manatın bazasının azaldılması, banklara, sığorta şirkətlərinə kifayət qədər yüksək gəlirli alətlərinin verilməsidir. Düşünürük ki, Mərkəzi Bank 2017-ci ildə bu siyasətini davam etdirdiyi və manatın faiz gəlirliyi yuxarı həddə qaldığı müddət ərzində məzənnə siyasətinin bir qədər sakit keçəcəyi ehtimalı güclüdür. Bu məsələdə təkrar hərəkətlənmə olacağı təqdirdə isə, proses manatın kursuna bir qədər mənfi təsir edəcək”. 
İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov isə düşünür ki, baş verən proses manatın məzənnəsini bir qədər möhkəmləndirəcək: “Həqiqətən də son zamanlar banklar əllərində olan manatı əsasən Mərkəzi Bankın depozitlərinə yatırdırlar. Bu baxımdan da əldə nağd manat olmadığından valyuta bazarlarında dollar təklifi formalaşdıra bilmir. İkincisi, valyuta ehtiyatlarında baş verən artım bazarlarda müəyyən qədər pozitiv ruhun yaşanmasına gətirib çıxarıb. Faktiki olaraq, bu növbəti dövrlərdə yaranacaq risqlər qarşısında Mərkəzi Bankın müdaxilə imkanlarının artdığına işarə edir. Bu da qısa müddətli dövr üçün bazarlara öz təsirini göstərir. Son nəticədə baş verən proses manatın nisbətən möhkəmlənməsinə gətirib çıxaracaq. Yaşanan manat qıtlığı son olaraq milli valyutanın 1 dollara nisbətdə təxminən 1,65 səviyyəsinə qədər möhkəmlənməsinə yol açacaq”. 
Rüfət NADİROĞLU   

Sizin Reklam Yeriniz